Məişət zorakılığına yox deyək

Məişət zorakılığına yox deyəkRedaksiyadan:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətlərdən biri də məişət zorakılığının qarşısının alınmasıdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və həmin qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Qanunun işləmə mexanizmi istiqamətində fikir mübadiləsinə ehtiyac vardır.
Bu məqsədlə İsmayıllı rayonunda da cari ilin ikinci yarısında “Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri” və qanunun işləmə mexanizminin həyata keçirilməsi mövzularında dəyirmi masalar keçirilməli, əhali arasında maarifləndirmə işi aparılmalıdır.
Bu silsilədən olan yazılarımızı izləyin.
Zorakılığa qarşı geniş mübarizəMəişət zorakılığına yox deyəkMəişət zorakılığının qarşısının alınması Azərbaycanda çox problemli sahədir. Çünki qadın hüquqları və onların pozulması cəmiyyətimizdə geniş yayılıb. Bu məişət zorakılığının doğurduğu mənfi hüquqi tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş qadınların sosial müdafiəsi hüquqi və tibbi yardımla təmin edilməsi və ona səbəb olan halların aradan qaldırılması əsas vəzifələrdən biridir. Bu gün cəmiyyətimizdə məişət zorakılığı, qadın hüquqlarının pozulması, gender bərabərsizliyi, erkən nikahlar, cinsi ayrı seçkilik, seksual təcavüz kimi ifadələr son zamanlar çox işlənir. Statistik məlumatlara görə bütün dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır. Amma yəqin ki Azərbaycanda heç bir zaman ailə zorakılığının real miqyası tam aydın olmayacaqdır. Məsələn, mən bir valideyn kimi qız övladlarının oxumağa buraxılmamasını zorakılığın bir forması kimi qəbul edirəm. Halbuki, ölkəmizin cənubunda və şimalında ailələr bunu tamamilə normal hal hesab edirlər. Bu gün Azərbaycanda pozulan haqların müdafiəsinə insanların konstitusion haqlarının təbliğinə çox zəruriyyət var və bu, sistemli formada təşkil olunmalıdır. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, sosial-tibbi, nəticələr doğurur. Biz problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etməliyik. Bunun üçün geniş maarifləndirmə işlərinin aparılması və onun qiymətləndirilməsi çox vacibdir. 21-ci əsrin əvvəllərində və bu gün bu problem Azərbaycanda daha da aktualdır. Buna görə 22 iyun 2010-cu il tarixdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanunun əsas əhəmiyyəti onun məişət zorakılığının formalarını göstərməsidir. Qanuna görə fiziki, psixi, cinsi zorakılıq, habelə iqtisadi zorakılıq mövcuddur.
Fiziki zorakılıq insan orqan və toxumalarına və fizioloji funksiyalarına fiziki ziyan vurulmasıdır. Çox təəssüf ki, İsmayıllı rayonunda qadınların döyülməsi ilə əlaqədar xəstələr rayon Mərkəzi Xəstəxanasına müraciət edirlər. Amma fiziki zorakılıqla üzləşən qadınların 20 faiz aldıqları xəsarətlərin nəticələrinə baxmayaraq bu barədə heç kəsə məlumat vermirlər və danışmırlar.
Həkimlərə müraciət etdikdə isə zorakılığı gizlətməyə çalışırlar. Təəssüf doğuran hallardan biri odur ki, bu zorakılıq halları uşaq və yeniyetmələrin gözü qarşısında baş verir. Bütün bunları nəzərə alaraq biz ailələrlə geniş maarifləndirmə işləri aparmalıyıq.
Mənə elə gəlir ki, ailədə qadın və kişilər bir-birilərinə eyni dərəcədə hörmət bəsləsələr elə bu, ədalətli bir cəmiyyətin qurulmasına kömək edər. Psixi zorakılıq məsələsi hüquq elmində az öyrənilmiş problemdir. Müxtəlif fikirlər olsa da psixi fikirlər təhdid kimi qəbul olunur. Cəmiyyətimizdə də insanların psixikasını, iradəsini azaltmaq üçün digər şəxsə tabe edilməsi üçün zorakı təsirdir. Biz insanların psixi reabilitasiyasını da təşkil etməliyik. Cəmiyyətimizdə əsas problemlərdən biri də erkən nikahlardır. Mən İsmayıllı rayonunda erkən nikahlar haqqında qısa statistik rəqəmləri təqdim etmək istəyirəm. İsmayıllı RMX-da erkən nikahlardan 2008-ci ildə 24 nəfər uşaq, 2009-cu ildə 18 nəfər uşaq, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 13 nəfər uşaq, 2012-ci ilin 6 ayı ərzində isə 2 nəfər uşaq doğulmuşdur. Erkən nikahların qarşısını almaq üçün rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq, həkim-terapevt və təcrübəli mamadan ibarət briqadalar yaradılmışdır. Briqadalar vaxtaşırı rayonun kəndlərində olur, məişət zorakılığının və erkən nikahların qarşısının alınması üçün geniş maarifləndirmə işləri aparılır. Bunun nəticəsidir ki, ilbəil İsmayıllı rayonunda erkən nikahlardan doğulan uşaqların sayı azalmışdır. Bu problemin əsaslı həlli üçün səhiyyə, təhsil, rayon icra nümayəndəlikləri, bələdiyyələr birgə təsirli tədbirlərlə fəaliyyət göstərməlidirlər.
Onu da qeyd etmək istəyirəm ki, məişət zorakılığı ilə mübarizə kompleks və ardıcıl aparılmalıdır. Biz bundan sonra da şəxsi və ictimai həyatda qadınlara edilən hədə-qorxu, onları məcburən arzularından məhrum etməyə, fiziki, psixoloji, cinsi, iqtisadi zorakılıq kimi neqativ hallara qarşı daha geniş mübarizə aparacağıq.

A.Maqsudov,
İsmayıllı RMX-nın baş həkiminin müavini

Şərh Yaz