Yaddas kitabcasi

İnsan alveri XXI əsrin qlobal problemidir

İnsan alveri XXI əsrin qlobal problemidirİnsan alveri – müasir dövrün ən ağır problemlərindən biridir. Bura seksual istismar, məcburi əmək, borc köləliyi, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, silahlı qruplaşmalarda insanların məcburi istifadəsi, insan orqanlarının və ya orqanizminin toxumalarının transplantasiyası üçün insan alveri cinayətlərinin bu və ya digər dəhşətli formaları daxildir. İnsan alveri qurbanları hər kəs – kişilər, qadınlar və uşaqlar da ola bilərlər. Ancaq əksər hallarda maddi sıxıntı içində olan gənc qadın və qızlar insan ticarətinin qurbanına çevrilirlər. Maddi sıxıntı içində olmaları onları daim psixoloji gərginlikdə saxlayır. Bu səbəbdən də hardasa iş yeri olması xəbərini eşidəndə məsələnin mahiyyətinə varmadan getməyə razılaşır, aldadılaraq ölkədən çıxarılır, zorla fahişəliyə məcbur edilirlər. Sonradan bu qadınların ölkəyə qayıtması isə problemə çevrilir. Onlar qayıtdıqları təqdirdə cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəklərini bilmir və ehtiyat edirlər. Belə halda qadınlar çalışır ki, vətənə xarici ölkədə qalma müddətləri bitdikləri qisimdə qayıtsınlar. Bu da qadınların uzun müddət ərzində xarici ölkədə istismara məruz qalmaları davam etdirir. Ekspertlərin rəyinə görə qadınların insan alverinə cəlb edilməsinin əsas səbəblərdən biri yoxsulluq, gender bərabərsizliyi, təhsil almağa, işə düzəldiləməyə və gələcək üçün inamın əldə edilməsinə mane olan faktorlardır. İnsan alveri beynəlxalq faciədir. Bu fenomenin arxasında bəzi nəhəng mafioz dəstələr və istilaçı qüvvələr dayanır. Bu mafioz dəstələr və istilaçı qüvvələr pis alver yolu ilə hər il milyonlarla dollar gəlir qazanır və milyonlarla ailəni müsibətlə üzləşdirirlər.
İnsan alveri ticarətçiləri müxtəlif mexanizmlərdən istifadə etməklə vətəndaşları şirnikləndirib öz torlarına salırlar. Vətəndaşların aldadılmasında daha çox işə düzəltmə firmaları, nikah və turizm agentlikləri, internet və qəzetlərdə verilən nikah, təhsil, iş haqqında elanlar əsas mexanizm kimi çıxış edir. Vətəndaşlara gözəl həyаt hаqqındа əhvаlаtlаr danışılır, mаliyyə prоblеmlərinə sоn qоyulmаsı, karyera pilləsində yüksəliş, yüksək əmək haqqı barədə vədlər verilir, xüsusi hazırlanmış adamların “əldə etdiyi nailiyyətlər” barədə vətəndaşlar məlumatlandırılır, fоtо və vidео mаtеriаllаr nümayiş etdirilir. Bütün bunlara aldanmamaq üçün vətəndaşlar ilk növbədə mürаciət еtdiyi firmаnın sənədləri və iş təcrübəsi ilə yахındаn tаnış оlmalı, Аzərbаycаn Respublikasında fəaliyyət göstərən hüquqi şəхsin Аzərbаycаn vətəndаşlаrının хаrici ölкələrdə iş tаpmаsınа yardım etməsi üçün lаzımi fəаliyyətlə məğşul olmağa lisеnziyаsının olub-olmadığı aydınlaşdırılmalı, хаricdə iş, təhsil və yа аilə qurmаq üçün təкliflər söz hаlındа deyil, mütləq hər hаnsı bir rəsmi müqаvilə əsаsındа yеrinə yеtirilməli, müqavilədə vətəndaşın xaricdə görəcəyi iş hаqqındа ətrаflı məlumаt vеrilməlidir. Ona görə də xаricdə hər hаnsı bir işə düzəltmə ilə bаğlı əməк, təhsil və nikаh müqаviləsini bаğlаmаzdаn əvvəl həmin ölkədə işləmək, təhsil аlmаq və yа sаdəcə yаşаmаğın lеqаl və təhlüкəsiz оlmаsı bаrədə miqrаsiyа хidməti əməкdаşı ilə məsləhətləşmələr aparılmalıdır.
İnsan alverinə qarşı mübarizənin gücləndirilməsi, belə cinayətlər haqqında məlumatların toplanılması, cinayətlərin qarşısının vaxtında alınması üçün qabaqlayıcı profilaktiki tədbirlər hazırlayıb həyata keçirilməsi və bu istiqamətdə səmərəli nəticələr əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “qaynar xətt” fəaliyyətə başlamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bilavasitə tabe olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən 490-90-75 nömrəli “qaynar xətt” insan alveri cinayətlərinin qurbanlarına hərtərəfli hüquqi və psixoloji yardım göstərməsinə xidmət edir.
İnsan alveri şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər qrupuna daxildir. Bu cinayətin qarşısının alınması üçün bir çox tədbirlər görülür. Burada əsas məqsəd insan alveri cinayətinin qarşısını almaqla insanların pozulmuş hüquqlarını bərpa etmək, başqa şəxslərin də insan tacirlərinin əlinə düşməsinin qarşısını almaqdır. Bununla bağlı 2005-ci il sentyabr ayının 30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 144-1 (İnsan alveri) və 144-2 (Məcburi əmək) maddələri əlavə edilmişdir. İnsan alveri dedikdə şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması və ya verilməsi başa düşülür. Məcburi əmək isə hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə deməkdir.
2005-ci ildə qəbul edilmiş İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu həm zorla fahişəliyə cəlb etməni, həm də məcburi əməyi qadağan edir və bu cür cinayətlərə görə 5 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur ki, bu da zorlama kimi digər ağır cinayətlərə görə nəzərdə tutulan cəzalara uyğundur və kifayət qədər sərtdir. 2011-ci ildə seksual istismar halları üzrə 20 nəfər istintaqa cəlb edilmişdir ki, 2010-cu ildə eyni cinayət əməlinə görə istintaqa cəlb olunanların sayı 38 nəfər olmuşdur. Hökumət 2011-ci ildə seksual istismar halına görə 10 nəfər barəsində hökm çıxarmışdır və bu göstərici müvafiq olaraq 2010 və 2009-cu illərdə məhkum edilmiş 28 və 58 nəfərlə müqayisədə azalmışdır.
İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, eləcə də dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Milli fəaliyyət planında insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi, bu qəbildən olan cinayətlərinə qarşı cinayət təqibinin təkmilləşdirilməsi, qurbanlar üçün sığınacaqların təkmilləşdirilməsi, yardım mərkəzlərinin təşkili, reabilitasiya və reinteqrasiyası, insan alverinin qurbanı olmuş uşaqlara göstərilən yardımın təkmilləşdirilməsi, qurbanların təhlükəsiz repatriasiyası kimi məsələlər ön plana çəkilmişdir.
Hazırda heç kəs insan ticarəti qurbanına çevrilməkdən sığortalanmayıb. Ona görə də vətəndaşların insan ticarətçilərinin qarmağına keçməsinin müəyyən dərəcədə qarşısının alınması üçün əhali arasında təbliğat aparılması, telekanalların köməyindən istifadə olunmaqla vətəndaşların maarifləndirilməsi, eləcə də insan ticarəti ilə bağlı xüsusi reklam çarxlarının efirdə nümayişinin təşkil edilməsi, problemə həsr olunmuş verilişlər, telelayihələr hazırlanması, təhsil ocaqlarında şagirdlərlə və tələblərlə bu yöndə profilaktiki söhbətlərin aparılması labüddür.

İlkin Mustafayev,
İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas

Şərh Yaz