Məktəbin idarə olunmasında statistik təhlillərin əhəmiyyəti

Məktəbin idarə olunmasında statistik təhlillərin əhəmiyyətiÖlkəmizin təhsilinə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyev xüsusi önəm verərək “Təhsil millətin gələcəyidir” demişdir. Prezidentimiz İlham Əliyev Ulu öndərin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də işini uğurla davam etdirməkdədir. Ölkəmizdə təhsil sahəsində misli görünməmiş layihələr həyata keçirilir ki, bu da gənc nəslin intellektual səviyyəsinin inkişafını təmin edir. Təhsil işçilərinin əsas vəzifəsi bizim üçün yaradılan münbit şəraitdən maksimum yararlanmaqla, gənc nəslə daha dərin, daha praktik, daha məntiqli, daha müasir, daha intellektual, daha fundamental, daha rəqabətədavamlı təhsil verməkdir. Məktəb rəhbərliyi tərəfindən araşdırmalar, statistik təhlillər aparmadan, bunun nəticəsində mövcud vəziyyəti qiymətləndirmədən yüksək səviyyəli təhsilə nail olmaq mümkün deyil.
Ümumtəhsil məktəblərinin idarə olunmasında, müəllimlərin əməyinin qiymətləndirilməsində, sinif rəhbərlərinin, metodbirləşmə və fənn birləşmələrinin hesabatlarının hazırlanmasında statistik təhlillərin böyük əhəmiyyəti vardır .Bəzən bizə quru görünən rəqəmlər bir çox məsələlərə aydınlıq gətirir, hansı sahədə inkişafın, harada isə geriliyin olduğunu aydın göstərir və görüləcək işlərin planlaşdırılmasına istiqamət verir.
Dərs ilinin əvvəlində RTŞ-nə təqdim olunan ümumi hesabat məktəbin əsas illik hesabatıdır. Bu hesabat məktəbdə şagirdlərin sayının artması və ya azalması barədə məlumat verir. Şagirdlərin artması valideynlərin məktəb pedaqoji kollektivinə inamını və etibarını ifadə edir. Azalma isə əksini göstərir.
Dərs ili başlanan gündən bir neçə istiqamətdə statistik hesabatlar hazırlanır.
Uşaq birliyi təşkilatı rəhbəri tərəfindən hər gün dərsə gecikənlərin, məktəbli forması geyməyənlərin, dərsə gəlməyənlərin qeydiyyatını aparılır. Bu qeydlər əsasında həftəlik, aylıq və illik hesabatlar hazırlanır və məktəbin divar qəzetində hər bir sinif üzrə aylıq məlumatlar işıqlandırılır. Hər həftənin axırıncı dərs günü məktəb şagird komitəsinin ümumi yığıncağında həftəlik statistik nəticələr elan olunur, həftə ərzində “əla”, “qeyri-kafi” qiymət alanlar, dərsdən qalanlar, dərsə gecikənlər, məktəbli forması geyməyənlər bütün şagirdlər qarşısında elan olunur. Yol verdiyi bütün nöqsanların məktəb rəhbərliyi tərəfindən qeyd olunduğunu görən şagirdlərin məsuliyyəti artır və onlar məktəbin nizam –intizam qaydalarına şüurlu surətdə daha ciddi əməl edirlər. Bunların əsasında intizama görə siniflərin aylıq reytinq cədvəli dərc olunur. Uşaq Birliyi Təşkilatı Rəhbəri (UBTR) məktəb, rayon və respublika yarışlarında iştirak edən şagirdlərin hansı sinifdə oxuduqları barədə, bununla da siniflərin tədbirlərdə fəallıq göstəricilərini də müəyyənləşdirir.
Sinif rəhbərləri də gündəlik olaraq siniflərində dərsə gecikən, dərsə gəlməyən, məktəbli forması geyməyən şagirdlərin uçotunu aparır sinif və valideyn iclaslarında nəticələr təhlil olunur. Birinci, ikinci yarımilin və ilin sonunda qiymət cədvəlləri tərtib olunur. Bu cədvəllərdə sinfin hər bir fənn üzrə və ümumi sinif üzrə müvəffəqiyyət və keyfiyyət faizi, buraxılan dərslər, əlaçılar, “qeyri-kafi” qiymət alanlar, sinfə yeni gələnlər və sinifdən çıxan şagirdlər qeyd olunur. Bütün bunlar sinif rəhbəri tərəfindən təhlil olunur və valideynlərə çatdırılır.
Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini UBTR tərəfindən toplanmış həftəlik, aylıq və illik hesabatlara əsasən sinif rəhbərləri, məktəb psixoloqu və valideyn komitəsi ilə sıx əlaqə şəraitində işləməklə nöqsanları tezliklə aradan qaldırmaq üçün əməli tədbirlər həyata keçirir. Tədbirlərdə geridə qalan siniflərlə iş qurmaqla onların fəallığına nail olur.
Tədris işləri üzrə direktor müavini il ərzində ayrı – ayrı vaxtlarda bütün sinifləri əhatə etməklə məktəbdaxili testlər aparır, yoxlayır və nəticələrini elan edir. Bunun nəticəsində hansı sinifdə hansı fənnin yaxşı, hansının zəif tədris olunduğu aşkarlanır və həmin fənn müəlliminə metodiki, pedaqoji, psixoloji köməklik göstərilir. Birinci, ikinci yarımil və illik hesabatların əsasında məktəb üzrə əlaçıların, keyfiyyətlə oxuyanların və qeyri – kafi qiymət alanların sayı, müəyyən olunur və əvvəlki illərlə müqayisə edilir. Hər bir fənn üzrə bu göstəricilər çıxarılır. Bununla da məktəb üzrə tədrisi ən yaxşı təşkil olunmuş fənn müəyyən olunur. Müəllimlərin reytinq cədvəli də bu göstəricilər üzrə müəyyən olunur. Belə ki, hər bir müəllimin dərs dediyi bütün şagirdlərin əlaçı olması, keyfiyyətlə oxuması və “qeyri-kafi” alması əsasında hazırlanan hesabata əsasən müəllimlərin reytinq cədvəli tərtib olunur. Bu da imkan verir ki, fənn müəllimlərinin əməyi düzgün qiymətləndirilsin, ədalətsizliyə yol verilməsin. Belə hal da olur ki, müəllimin öz fəaliyyəti barədə, gördüyü işin səviyyəsi barədə məlumatı olmur. Güclü iş quran müəllim özünün zəif, əksinə zəif iş quran, məktəbin inkişafına mane olan müəllim isə özünün yaxşı müəllim olduğunu zənn edir. Fəaliyyətini zəif quran, yenilikləri qəbul etmək iqtidarında olmayan müəllimlər isə bəzən məktəb rəhbərliyi qarşısında yersiz məsələlər qaldırır, məktəbdə təlim mühitinin zəifləməsinə, bununla da özünün bacarıqsızlığını ört-basdır etməyə çalışır. Statistik göstəricilərlə pedaqoji şurada müəllimlərin reytinq cədvəli proyektor vasitəsi ilə ekranda canlandırılır və hər bir müəllim öz işinin nəticəsi ilə tanış olur. Uzun illərin təcrübəsi göstərir ki, hər bir məktəbdə müəllimlərin reytinq cədvəli pedaqoji şuralarda öz əksini tapmırsa o məktəbdə süstlük, arxayınçılıq, özündənrazılıq yaranır ki, bu da həmin tədris müəssisəsini tənəzzülə doğru aparır. Müəllimlərin reytinq cədvəli hər bir fənni tədris edən müəllimlər arasında da aparılanda işə müsbət təsir edir. Bəzən belə hal da olur ki, fənn müəllimi pedaqoji şurada tənqiddən yaxa qurtarmaq üçün şagirdlərə şişirtmə qiymət yazır və süni yolla keyfiyyət faizini yüksəldir. Bunun qarşısını almağın ən yaxşı yolu fənlər üzrə aparılan testlərin ciddi hazırlanması, aparılması, yoxlanması və testin nəticələri ilə yarımillik və ya illik qiymətlərin müqayisə olunmasıdır. Bu müqayisədə əsil həqiqət üzə çıxır.
Fənlərin tədrisi vəziyyəti pedaqoji şuraların əsas məsələsi kimi diqqət mərkəzində dayanır. Məktəbdəki tədris prosesinin səviyyəsi fənlərin tədrisi vəziyyətinin peşəkarlıqla araşdırılması, təhlil olunması, nailiyyət və nöqsanların müəyyən olunması və müasir İKT-dən istifadə etməklə təqdim olunmasından əsaslı şəkildə asılıdır. Belə təhlillər fəaliyyətə yenicə başlayan gənc müəllimlər üçün həm də təcrübə baxımından əhəmiyyət daşıyır.
Pedaqoji işə məsuliyyətlə yanaşan, yeniliyi öyrənib tətbiq edən novator müəllimlərin yaxşı işinin qeyd olunması onların ilk növbədə müəllim kollektivi və ictimaiyyət arasında nüfuzunun artmasına səbəb olur ki, bu da onlarda özünə inamı artırmaqla daha yaxşı işləməsinə stimul verir. Zəif işi olanlar isə ilk növbədə pedaqoji kollektivin qınağına səbəb olur. Belə fənlərin tədrisi vəziyyətinin təhlili zamanı müəllimin elmi, pedaqoji, metodiki, psixoloji cəhətdən fəaliyyətinin müasir tələblər səviyyəsindən çox aşağı olması aşkar olunarsa onun barəsində tədbir görülməsi barədə yuxarı təhsil orqanları qarşısında pedaqoji şura adından məsələ qaldırılır. Hətta belələrinin pedaqoji işdən kənarlaşdırılması digərləri üçün də nümunə rolunu oynayır.
Bundan əlavə məktəb psixoloqu, kitabxanaçı da statistik təhlillər aparmaqla sinif rəhbərlərinə, fənn müəllimlərinə, məktəb rəhbərliyinə öz sahələrində məktəbdə olan vəziyyəti çatdırırlar.
Aparılan statistik analizlərin hamısı məktəb direktoru tərəfindən bir daha araşdırılır, nəticələr çıxarılır. Məktəbin illik iş planı, pedaqoji şura və direktoryanı müşavirənin illik iş planı hazırlanarkən nəzərə alınır.
Fənn olimpiadalarının məktəb, rayon və respublika turlarında siniflərin, fənn müəllimlərinin iştirakı, nəticələrin fənlər və fənn müəllimləri əsasında təhlili bu sahəyə müəllimlərin, bunun sayəsində də şagirdlərin marağını artırır, istedadlı şagirdlərin üzə çıxarılıb inkişaf etdirilməsinə biganə yanaşan müəllimlərin hərəkətə gəlməsinə, nəticədə, ümumi işə böyük xeyri dəyir.
Ali məktəblərə qəbul zamanı məktəbin məzunlarının hər bir fəndən aldıqları qiymətlər, bunun nəticəsində hər bir fənn üzrə əldə olunan nəticələrin təhlili, nəticələrin əvvəlki illərlə müqayisəsi ali məktəblərə aparılan hazırlığın vəziyyətini müəyyən edir və qarşıdakı dərs ilində pedaqoji kollektivin fəaliyyət istiqamətlərini müəyyən etmək üçün tutarlı dəlillər verir. Yeni dərs ili öncəsi məzunların ali məktəblərdəki nəticələrinə həsr olunmuş xüsusi pedaqoji şuranın keçirilməsi yaxşı səmərə verir.
Fənn olimpiadalarının məktəb, rayon və respublika turlarında siniflərin, fənn müəllimlərinin iştirakı, nəticələrin fənlər və fənn müəllimləri əsasında təhlili bu sahəyə müəllimlərin, bunun sayəsində də şagirdlərin marağını artırır, istedadlı şagirdlərin üzə çıxarılıb inkişaf etdirilməsinə biganə yanaşan müəllimlərin hərəkətə gəlməsinə, nəticədə, ümumi işə böyük xeyri dəyir.
Vacib məsələlərdən biri də valideynlərə məktəbin fəaliyyəti barədə geniş məlumat verilməsidir. Ümumməktəb valideyn iclaslarında yarımillik və illik yekunların statistik təhlili aparılmaqla İKT- dən istifadə edilməklə verilir, təhlillər aparılır. Nəticədə, müəllim və valideynlərin vəzifələri bir daha qeyd olunur, valideyn-məktəb, valideyn-müəllim münasibətləri daha yaxşı qurulur.
Bütün bunlar məktəbdə pedaqoji mühitin saflaşmasına, təlim prosesinin yaxşılaşmasına, müəllimlərin irəliyə, inkişafa can atmasına şərait yaradır. Eyni zamanda hər bir müəllim yalnız fənn müəllimi kimi yox, sinif rəhbəri kimi, metodbirləşmə rəhbəri kimi, dərnək rəhbəri kimi layiqli qiymətini alır.
Statistik hesabatlar dəqiq və peşəkarlıqla aparılmaqla mövcud vəziyyəti tam əks etdirir.
1995-ci ildən etibarən www.mekteb.edu.az və www.tdqk.gov.az saytlarında məktəblərin ali məktəblərə qəbuldakı statistik nəticələrinin təhlili aparılır və saytda yerləşdirilərək ictimaiyyətin müzakirəsinə verilir. Təəssüf ki, nəinki valideynlərin, hətta bəzi müəllimlərin də həmin məlumatlardan xəbərləri yoxdur. Bu barədə ictimaiyyətə geniş məlumat verilir. Ona görə də valideynlər övladının oxuduğu məktəbdəki vəziyyətlə maraqlanır, aparılan müzakirələr məktəbdə təlim keyfiyyətinin yüksəlməsinə səbəb olar.
Həyatın bütün sahələrində sürətli yeniləşmə gedir. Artıq rəqəmsal elektron cihazlar məişətimizə daxil olmuşdur. Statistik təhlil nəzəriyyəsi rəqəmlər üzərində qurulan nəzəriyyə olduğuna görə indi daha çox aktuallıq kəsb edir.

Ramil Dadaşov,
İsmayıllı şəhər A. Aslanov adına 2 saylı tam orta məktəbinin direktoru

Şərh Yaz