Keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə verilir

Keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə verilirQida məhsullarına nəzarət edən orqanların işi intensivləşdirilməlidir
Hazırda Azərbaycanda istehsal prosesində müvafiq standartlara cavab verməyən bir neçə müəssisə və sex mövcuddur. Bunu təkcə biz deyil, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi də təsdiqləyir. Bütün bu problemlərlə əlaqədar Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) rəisi Əbülfət İmanov maraqlı açıqlamalarla yadda qalıb. O qeyd edib ki, respublika üzrə ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti aparılıb. Aparılmış yoxlamaların nəticəsi olaraq, 32 istehsal sahəsinə normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə, 20 sahibkarlıq subyektinə isə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib. Ə.İmanov bildirib ki, 47 sahibkarlıq subyekti üzrə aparılan yoxlamalar zamanı istehsal prosesində müvafiq standartlara cavab verməyən müəssisə və sexlərə 27,9 min manat həcmində cərimə tətbiq edilib ki, bu cərimələrin də artıq 80 faizi ödənilib. Xidmət rəisi əlavə edib ki, aparılan yoxlamalar nəticəsində duz və tort istehsalı sexlərində də ciddi nöqsanlar aşkarlanıb. Əbülfət İmanov həmçinin deyib ki, Saray qəsəbəsindəki duz sexində yodlaşdırılmamış şəkildə çirkli duzun qablaşdırılaraq satış müəssisələrinə verilməsi halları üzə çıxarılıb. Onun sözlərinə görə, acınacaqlı vəziyyət Sumqayıt ərazisindəki tort sexində də aşkar edilib: “Həmin sexdə tortlar antisanitariya şəraitində istehsal olunaraq şadlıq evlərinə satılıb”.Keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə verilirQida məhsullarına nəzarət edən orqanların işi intensivləşdirilməlidir

Hazırda Azərbaycanda istehsal prosesində müvafiq standartlara cavab verməyən bir neçə müəssisə və sex mövcuddur. Bunu təkcə biz deyil, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi də təsdiqləyir. Bütün bu problemlərlə əlaqədar Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) rəisi Əbülfət İmanov maraqlı açıqlamalarla yadda qalıb. O qeyd edib ki, respublika üzrə ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti aparılıb. Aparılmış yoxlamaların nəticəsi olaraq, 32 istehsal sahəsinə normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə, 20 sahibkarlıq subyektinə isə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib. Ə.İmanov bildirib ki, 47 sahibkarlıq subyekti üzrə aparılan yoxlamalar zamanı istehsal prosesində müvafiq standartlara cavab verməyən müəssisə və sexlərə 27,9 min manat həcmində cərimə tətbiq edilib ki, bu cərimələrin də artıq 80 faizi ödənilib. Xidmət rəisi əlavə edib ki, aparılan yoxlamalar nəticəsində duz və tort istehsalı sexlərində də ciddi nöqsanlar aşkarlanıb. Əbülfət İmanov həmçinin deyib ki, Saray qəsəbəsindəki duz sexində yodlaşdırılmamış şəkildə çirkli duzun qablaşdırılaraq satış müəssisələrinə verilməsi halları üzə çıxarılıb. Onun sözlərinə görə, acınacaqlı vəziyyət Sumqayıt ərazisindəki tort sexində də aşkar edilib: “Həmin sexdə tortlar antisanitariya şəraitində istehsal olunaraq şadlıq evlərinə satılıb”.
Xidmət rəisinin sözlərinə görə, ən acınacaqlısı odur ki, sexlərdə istehsal olunan keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə verilir. Təəssüf ki, həmin məhsullar vətəndaşlar tərəfindən kütləvi halda istifadə olunur. Göründüyü kimi, kimlərinsə güddükləri kommersiya məqsədləri sonunda istehlakçıların “başında çatlayır”. Bəs, bu neqativ halların baş vermə səbəbləri nədir, hansı tədbirlər görülməli ki, problem aradan qaldırılsın? Məsələnin aktuallığını nəzərə alaraq, mütəxəssislərin tövsiyə və tələblərini öyrəndik.

Restoranlarda çalışanlar həkimdən də keçmirlər…

Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın baş kulinarı Tahir Əmiraslanov hesab edir ki, bəzi şadlıq saraylarının rəhbərləri, sahibləri, aparıcı işçilər, aşpazlar, orada işləyən ofisiantlar savadsızdırlar.Onların savadları yoxlanılmır və heç yerdə də adları yoxdur: “Onlar işə götürüləndə müqavilə bağlanılmır və sənədləşmə aparılmır. Nə istəyirlər onu da edirlər. Restoran biznesinə Azərbaycanda dövlət nəzarəti həyata keçirilmir. Biz dəfələrlə demişik, yenə təkrar edirik, restoran xidməti sahəsində işçilərin 90 faizinin təhsili yoxdur. Hətta, bir çox toyxanaların baş aşpazları da təhsil almamış adamlardı. Belə olan halda orda olan qidanın verdiyi sağlamlıqdan danışmağa dəyməz, əksinə, bu adamlar insanları xəstələndirməklə məşğuldurlar”. T.Əmiraslanov deyir ki, bütün dünyada restoran biznesi üçün standartlar var, ancaq Azərbaycanda həmin standartlar tətbiq olunmur: “Restoranlarda çalışanlar həkimdən də keçmirlər. Orada bişirilən xörəklərlə insanların mədə-bağırsaq sisteminə zərbə vurulur. Özlərindən durub resept kəşf edirlər, bu reseptlər də heç yerdə təsdiq olunmur”. Baş kulinarın sözlərinə görə, restoranlarda aidiyyəti qurumlar tərəfindən tez-tez monitorinqlər aparılmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə şadlıq evlərində təhlükəli və izafi miqdarda qidaların verilməsində birinci günahkarın özü olduğunu dedi: “Mən pis işləyirəm, ona görə də hər yerdə təhlükəli qidalar satılır. Günahım ona görə böyükdür ki, istehlakçıları yaxşı maarifləndirə bilməmişəm. Əgər istehlakçı zövqü yüksək olarsa, istehlakçı öz hüquqları uğrunda mübarizə apararsa və ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar toplusu mükəmməl olarsa, belə şeylər olmaz. Təəssüflər olsun ki, bu gün istehlakçı hüququnu müdafiə edən onlarla təşkilat var, lakin ortada koordinasiya olunmuş fəaliyyət yoxdur. Hazırda dövlətin elə bir konkret qurumu yoxdur ki, təhlükəli bir mal satılanda biz istehlakçılar onlara zəng edək və gəlib qarşısını alsınlar. Bu da onu göstərir ki, istehlakçı hüququnun pozulması hallarının cəld qarşısını alma mexanizmi yoxdur”. E.Hüseynov bu kimi neqativ halların bir neçə səbəbi olduğunu dedi: “İlk olaraq qanunlardakı boşluqlar, istehlakçı maarifçiliyinin aşağı olması, ikincisi isə dövlət orqanlarının koordinasiya olunmamış fəaliyyətinin nəticəsidir ki, bazar, o cümlədən, restoranlar və şadlıq evləri bu gündədir”.

Plastik qabda su içəndən sonra butulkanı əzin!

“Bu müəssisələrdə çirkli kapron butulkalar küçələrdən toplanıb, çirkli halda yenidən su və alkoqollu içkilər doldurularaq satışa çıxarılıb”. Bu sözlər yuxarıda qeyd etdiyimiz fəaliyyəti dayandırılan müəssisələrə ithaf edilib. E.Hüseynovdan bu məsələyə də aydınlıq gətirməsini istədik: “Plastik butulkaların üzərində beynəlxalq nişan –kişi şəkli var. Bu o deməkdir ki, həmin butulkalar ətrafa atılmamalıdır, onlar yığılmalı və təkrar istehsala getməlidir. Biz bu barədə bütün istehlakçılara müraciət etmişik ki, plastik qablarda su, yaxud nəsə içəndən sonra, onu mütləq əzin, ya da deşin. Ona görə ki, onu ikinci dəfə istifadə etmək mümkün olmasın. Azərbaycan dünyanın az ölkələrindəndir ki, plastik qablarda körpə qidaları saxlayırlar, qapaq yerinə rezin salıb uşaq əmizdirirlər. Bundan başqa, həmin qabların içərisinə yarpaq büküb qoyurlar. Hələ bu azmış kimi, kimyəvi aktiv sirkə də tökürlər. Bunlar hamısı mənim pis işləməyimin nəticəsidir”.

Mübarizə necə aparılmalı?

Mövzu ətrafında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin də fikirlərini aldıq: “Biz statistik məlumatlardan və televiziya ekranlarından görürük ki, bu kimi hallar əsasən kiçik müəssisələrdə baş verir. Çünki həmin müəssisələrdə lazımi tələbləri ödəmək üçün maddi imkanlar və s. olmur. Ona görə də kiçik müəssisələr nə qədər çox olursa, problemlər də o qədər olur. Düşünürəm ki, ilk növbədə təmərküzləşmə getməli və bazar iqtisadiyyatına uyğun işlər görülməlidir. İkincisi, bu kimi müəssisələrə lisenziya verilərkən, onların bütün şəraiti öyrənilməlidir və müxtəlif zamanlarda davamlı olaraq nəzarətə götürülərək yoxlanılmalıdır. Digər tərəfdən isə əhalinin özü də gözüaçıq və fəal olmalıdır. Heç olmasa, aldığı malın keyfiyyətinə, hazırlanma müddətinə baxmalıdır. Restoranlar özləri də təmiz qida istehlak etməkdə maraqlı olmalıdırlar ki, öz biznesləri yaxşı olsun. Digər bir məsələ kimi, hər hansı bir müəssisə və restoranda yararsız qidalar aşkarlanarkən yüksək cərimələr tətbiq olunmalıdır. Çünki həmin cərimələr müəyyən sanksiyalara gətirib çıxaracaq. Daha sonra müəyyən ictimai birliklər, Qeyri Hökumət Təşkilatları var, onlar da bu sahədə müəyyən işlər görə bilərlər. Məsələn, keyfiyyətsiz məhsul istehsal edən şirkətlərin adları, siyahısı açıqlana bilər, mətbuatda və internetdə məlumatlar yerləşdirmək olar və s. Yəni bu barədə ictimai səviyyədə müzakirələr olmalıdır”.
M.Quliyev son vaxtlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işinin intensivləşdiyini bildirdi: “Hesab edirəm ki, onlar bundan sonra öz fəaliyyətlərini daha da intensivləşdirməlidirlər. Hazırda yay fəslindəyik, bir çox məhsullar, nəinki bir ay müddətinə, hətta bir gündən sonra da xarab ola bilir. Ona görə, bu sahəyə nəzarət artırılmalıdır. Hesab edirəm ki, bələdiyyələr, müvafiq İcra Hakimiyyəti qurumlarının pərakəndə satışla bağlı şöbələri öz ərazilərində müəyyən işlərə nəzarət edə bilərlər. Əslində, qida məhsullarına nəzarət eləyən orqanlarımız çoxdur. Təəssüflər olsun ki, belə nöqsanlar da kifayət qədərdir”.
Məlumat üçün deyək ki, təhlükəli hesab olunan məhsullar, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr haqqında Komitənin saytı, həmçinin 963 qaynar xətt nömrəsi vasitəsilə Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat verə bilərsiniz.

Elgün Mənsimov

Şərh Yaz