Hörmətli vergi ödəyiciləri!

Hörmətli vergi ödəyiciləri!Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində bazar iqtisadiyyatı şəraitində ölkənin sahibkarlıq sahəsində artan dinamik inkişafa nail olunmuşdur Ölkə ərazisində, o cümlədən paytaxt və digər ətraf rayonlarda sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, yerli istehsal, həmçinin emal müəssisələrinin fəaliyyətinin bərpası, həmçinin əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində uğurlu nəticələr əldə edilmişdir.
Lakin əhalinin həyat səviyyəsinin, eləcə də gəlirlərinin yüksəlməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən vergi orqanlarına təqdim olunan muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi hesabatlarında real vəziyyətə uyğun göstəricilər əks etdirilmir. Bir sıra vergi ödəyiciləri və ya işəgötürənlər vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərini pozaraq işçilərlə əmək müqavilələri bağlamır, iş yerləri rəsmiləşdirilmədən onlara hər hansı işlərin görülməsini həvalə edirlər.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə edilir.
Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratdıqlarına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanları nəzərə alaraq, əmək münasibətləri sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsi, işçilərlə əmək müqavilələrinin işə götürülən anda bağlanması, onların əmək haqqı məbləğlərinin düzgün müəyyənləşdirilməsi və rəsmiləşdirilməsi Sizə bəllidir.
Əks təqdirdə, Sizin haqqınızda qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.

10 saylı Ərazi Vergilər İdarəsi

Şərh Yaz