Yaddas kitabcasi

Azərbaycanla Türkiyə arasında təcili ticarət müqaviləsi imzalanacaq

Azərbaycanla Türkiyə arasında təcili ticarət müqaviləsi imzalanacaqAzərbaycan və Türkiyə arasında ikitərəfli və regional iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra ciddi layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunur. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib. Onun sözlərinə görə, bu layihələr ölkələr arasında qarşılıqlı investisiya yatırımının və ticarətin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, digər ölkələrdə birgə fəaliyyət, eləcə də biznesin aktivləşməsi üçün yeni razılaşmaların imzalanmasını nəzərdə tutur.

Z. Çağlayanın deyib ki, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq ilə nümayəndə heyəti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında investisiya üçün maraqlı olan sahələr müzakirə ediləcək: «Təkbaşına iqtisadi gücə malik olmaq tamamilə güclü olmaq deyil, iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir, ona görə də iqtisadi yol xəritəsi və investisiya sistemi yaradılmalıdır. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı birgə iş görülə biləcək bütün sahələr müzakirə ediləcək. Bura sənaye, turizm, eləcə də enerji sektorları aiddir”.

Nazirin sözlərinə görə, bundan başqa, Azərbaycan investisiyaların təbliğatı ilə bağlı Türkiyə təcrübəsini öyrənmək niyyətindədir: «Hazırda bizim mütəxəssislər Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri ilə təcrübələrini bölüşürlər. Bu məsələ Azərbaycan nümayəndə heyətinin Türkiyə səfərində də diqqət mərkəzində olacaq. Türkiyə tərəfi Sumqayıtda sənaye şəhərciyinin yaradılmasında da təcrübəsini Azərbaycanla bölüşəcək: “Bu məqsədlə mənim başçılığımla Türkiyə nümayəndə heyəti yaxın vaxtlarda yenidən Azərbaycana gələrək Sumqayıtda olacaq, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə edəcək. Bu əməkdaşlıq çərçivəsində Sumqayıtda Türkiyə Xüsusi İqtisadi Zonasının yaradılması da istisna olunmur. Türkiyənin iqtisadi inkişaf konsepsiyasında xarici ölkələrdə Xüsusi İqtisadi zonaların yaradılması da nəzərdə tutulur. Bununla bağlı əməkdaşlıq edəcəyik».

Z. Çağlayan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın digər istiqaməti digər ölkələrdə birgə iqtisadi layihələrin həyata keçirilməsinə aid olacaq. Bu barədə razılaşmaya əsasən Azərbaycan və Türkiyə iş adamları dünyanın müxtəlif ölkələrində, o cümlədən Şimali Afrikada birgə biznes qurmaq imkanı əldə edəcəklər. Türkiyəli nazir bildirib ki, bu təklif prezident İlham Əliyevlə görüşündə də müzakirə olunub və dövlət başçısı tərəfindən bəyənilib.

O, bildirib ki, Azərbaycanla Türkiyə arasında yeni sənədin – təcili ticarət müqaviləsinin imzalanması da gözlənilir. Bu sənədin ölkələr arasında ticarəti və investisiya qoyuluşlarının artmasına imkan verəcəyini deyən nazirin sözlərinə görə, artıq prezident İlham Əliyev iqtisadi inkişaf nazirinə bununla bağlı müvafiq tapşırıqlar verib: «Bu anlaşma ölkələrimiz arasında ticarətin həcmini qısa vaxt ərzində kəskin artırmalıdır».

Nazirin sözlərinə görə, bundan başqa, Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən «Üç dəniz» layihəsi çərçivəsində növbəti 3-cü görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulur: “Görüş Qəbələdə baş tutmalıdır”.

Z. Çağlayan deyib ki, Bakıda keçirilən görüşlər zamanı iqtisadi əməkdaşlıq sahəsində daha bir üçlüyün – Türkiyə, Azərbaycan və Qırğızıstan üçlüyünün yaradılması təklif olunub və bu, Azərbaycan tərəfindən razılıqla qarşılanıb. «Gələcəkdə bura 4-cü ölkə – Qazaxıstan da daxil ola və 4 ölkəni əhatə edən azad iqtisadi zona yaradıla bilər», – deyə nazir bildirib.

«Bununla bağlı qarşılıqlı ticarət müqavilələrin imzalandığı, müəyyən məhsullar üzrə tariflər və rüsumların dəqiqləşdirildiyi gömrüksüz bir zonanın yaradılmasını təklif etmişik» – deyən nazirin sözlərinə görə, bununla bağlı ilk görüş Qırğızıstanda keçirilə bilər.

Nazir adı çəkilən 4 ölkənin böyük iqtisadi potensialının olduğunu, amma bundan tam istifadə edilmədiyini, eləcə də ölkələr arasında qarşılıqlı ticarətin və investisiya yatırımının bu potensiala cavab vermədiyini bildirib: «Belə ki, 3,8 milyon kvadrat kilometr sahəni əhatə edən, 105 milyon əhalisi olan və 545 milyard dollarlıq xarici ticarət həyata keçirilən ölkələr arasında ticarət dövriyyəsi cəmi 9 milyard dollardır».

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Bakıda keçirilən toplantısı barədə də danışan türkiyəli nazir növbəti toplantının İstanbulda keçiriləcəyini bildirib.

Şərh Yaz