M.F. Axundzadənin anadan olmasının 200 illiyi

M.F. Axundzadənin anadan olmasının 200 illiyiXalqın bu günündə yaşayan ədib
Mirzə Fətəli Azərbaycan xalqının müdriklik və uzaqgörənlik, fədakarlıq və cəsarət rəmzidir. Əsli-nəsli Cənubi Azərbaycanın Xamnə kəndindən olub, özü Şəkidə dünyaya göz açmışdır. Şimali Azərbaycanın Şəkisində, Gəncəsində boya-başa çatan Mirzə Fətəli xalqımızın vahidliyinin, mənəvi bölünməzliyinin, soy-kök birliyinin rəmzidir. Tiflis mühitində çalışan müxtəlif xalqların nümayəndələri ilə durub-oturan Mirzə Fətəli Qafqaz xalqlarının beynəlmiləl əlaqələrinin, tale qonşuluğunun rəmzidir. Şərq dillərinin, Şərq ədəbiyyatlarının dərin bilicisi olmaqla, Qərbi Avropa alimlərinin, filosoflarının, yazıçılarının ideyalarından yaradıcı şəkildə qidalanan Mirzə Fətəli şərqin zəngin mədəni irsi ilə Qərbin mütərəqqi fikrinin vahid bəşəri dəyərlərinin rəmzidir. O yaşadığı illərdə çox uzaq gələcəyi təmsil edirdi. Mirzə Fətəli Şərqi Qərblə birləşdirən bir körpüyə bənzəyir. Klassik maarifçilik bu körpüdən keçib Şərqə daxil olur. Azərbaycanda yeni tipli realist hərəkat, teatr, mətbuat, ilk Şərq maarifçiliyi – hamısı Axundzadə ilə başlayır.M.F. Axundzadənin anadan olmasının 200 illiyiMirzə Fətəli Azərbaycan xalqının müdriklik və uzaqgörənlik, fədakarlıq və cəsarət rəmzidir. Əsli-nəsli Cənubi Azərbaycanın Xamnə kəndindən olub, özü Şəkidə dünyaya göz açmışdır. Şimali Azərbaycanın Şəkisində, Gəncəsində boya-başa çatan Mirzə Fətəli xalqımızın vahidliyinin, mənəvi bölünməzliyinin, soy-kök birliyinin rəmzidir. Tiflis mühitində çalışan müxtəlif xalqların nümayəndələri ilə durub-oturan Mirzə Fətəli Qafqaz xalqlarının beynəlmiləl əlaqələrinin, tale qonşuluğunun rəmzidir. Şərq dillərinin, Şərq ədəbiyyatlarının dərin bilicisi olmaqla, Qərbi Avropa alimlərinin, filosoflarının, yazıçılarının ideyalarından yaradıcı şəkildə qidalanan Mirzə Fətəli şərqin zəngin mədəni irsi ilə Qərbin mütərəqqi fikrinin vahid bəşəri dəyərlərinin rəmzidir. O yaşadığı illərdə çox uzaq gələcəyi təmsil edirdi. Mirzə Fətəli Şərqi Qərblə birləşdirən bir körpüyə bənzəyir. Klassik maarifçilik bu körpüdən keçib Şərqə daxil olur. Azərbaycanda yeni tipli realist hərəkat, teatr, mətbuat, ilk Şərq maarifçiliyi – hamısı Axundzadə ilə başlayır.
Ümumiyyətlə, min illik Azərbaycan ədəbiyyatının tarixində orta əsrlər üçün Nizami, Xaqani, Nəsimi və Füzuli nə deməkdirsə, XIX əsr üçün də Mirzə Fətəli o deməkdir. Üstəlik, əgər Axundzadəyə qədərki səkkiz yüz illik ədəbiyyat eyni xətt boyu inkişaf edirdisə, Axundzadədən sonra bu ədəbiyyat tamam başqa bir istiqamət alıb yeni cığıra düşür.
Mirzə Fətəlinin qələmi ilə yanaşı, şəxsiyyətinə də pərəstiş etməmək olmur. Onun maarifçi əqidə və əməl qəhrəmanlığı tərcümeyi-halındakı iki məqamda daha qabarıq əks olunur. Fəlsəfi məktublarının çapı uğrunda göstərdiyi fədakarlıqda və əlifba ideyasına qeyri-adi sədaqətdə. Buna görə də Axundzadənin müasirləri onu “Böyük bir məramın böyük atası” adlandırmaqda haqlı idilər.
Mirzə Fətəli xalq, Vətən üçün yaşayır, yanır, dünyanı ədalətə, həqiqətə, azadlığa səsləyirdi. Mirzə Fətəlini oxuduqca istər-istəməz düşünməli olursan: bu böyük şəxsiyyətin malik olduğu sonsuz qətiyyət, məqsəd aydınlığının mənbəyi nədir? Hər şeydən əvvəl, vətənpərvərlik və vətəndaşlıq! O özü bu barədə yazır: “ Bu yolda nə qədər zəhmət…qəbul edəcəyəm ki, öz həmvətənlərimi qaranlıqdan işığa çıxarım və bunun mənəvi ləzzətini dadım.” Bəli Fətəli bütün ömrü boyu xalqın qulaqlarına səhər və bahar nəğmələri pıçıldadı. Xalqına işığın, səhərin və baharın ünvanını göstərdi. Ən mühümü də, bu mənəvi nemətlərə çatmağın yollarını öyrətdi.
Mirzə Fətəli üçün yazıçılıq məqsəd deyil, vasitə idi. Buna görə də qəlbində od tutub yanan dərdləri və beynini gəmirən fikirləri demək üçün o, ədəbiyyatın bütün janrlarından, ictimai fikrin bütün növlərindən istifadə edir, məqsəd və məramını xalqına çatdırmaqdan ötrü hər vasitəyə əl atırdı.Bir tərəfdən millətini maarifləndirmək üçün ərəb əlifbasının çətinliyini və əngəl törətdiyini düşünüb, xalq üçün yeni əlifba yaradır, ikinci tərəfdən xalqın öz düşüncə tərzində, sadə və aydın dildə komediyalar, hekayə və esselər yazır, üçüncü tərəfdən ziyalılar üçün köhnə fikrin kökünü baltalayan elmi məqalələr yazır, dördüncü tərəfdən “Kəmalüddövlə məktubları” kimi fəlsəfi əsərində dini fanatizmin çürüklüyünü ifşa edir. Beləliklə, böyük ictimai xadim bütün Şərqin və birinci növbədə, doğma Azərbaycanı cəhalət yuxusundan və mütləqiyyət zülmündən xilas etmək uğrundakı ardıcıl mübarizəsində bir insanın deyil, onların, yüzlərin edə biləcəyindən çox iş görmüşdür. Axundzadə xalqımızın mədəniyyət irsində toplanmış bütün mütərəqqi fikirləri dərin zəka, alovlu bir ehtirasla öz yaradıcılığında cəmləmişdir.
M.F.Axundzadə namuslu və nümunəvi bir sənətkar ömrü yaşamışdır. Onun bir çox Şərq və Qərb ziyalılarına yazdığı məktublar ədibin vətəndaş və sənətkar ürəyinin sənədləridir. Bu məktublardan onun çəkdiyi ağrılar, əzablar və məhrumiyyətlər də aydın görünür. Lakin eyni zamanda bu məktublar xalqa xidmət etdiyini bilən, bu xidmətin vacibliyinə, lazımlığına inanan, elə bu inamından da təskinlik tapan alovlu bir ürəyin sənədidir.
İllər keçdikcə, Mirzə Fətəli bizə daha çox yaxınlaşır, sanki onu yenidən kəşf edirik. O, xalqların xoşbəxt gələcəyi naminə bütün varlığı ilə mübarizə aparmış, öz ömrünü əsirgəmədən bu məqsədə sərf etmişdir. Ona görə də Mirzə Fətəli Azərbaycan xalqının bu günündə və gələcəyində yaşayır. O, xalqını bütün xalqlarla dost və qardaş görmək istəyirdi, milli mədəniyyətimizin ən yüksək ümumbəşəri səviyyəyə ucaltmağa can atırdı. İndiki zəmanəmizdən yüz neçə il geridə qalmış uzaqlardan nəinki bu günümüzü, hətta qarşıdakı sabahımızı da görürdü. Hələ neçə il irəlidə qarşılayacağımız problemlərdən də soraq verirdi.
Bu, dahilərin bəxtidir. Ancaq Mirzə Fətəliyə nəsib olan bir taledir. Bu tale dühanın ölməzlik taleyidir.
Mütəfəkkirin müdrik fikirləri
Savadsızlar içərisindən mütəfəkkirlər, alimlər və filosoflar çıxmaz. Halbuki, xalq ancaq bu kimi vücudların tədbirləri ilə gündən-günə inkişaf edə bilər.
*Kamal ata kürkü deyil ki, irslə övlada yetişə.
*Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – dram və romandır.
*Elm və mərifət öyrənmək təkcə məişət və güzəranı təmin üçün lazım deyil, əksinə, insanların əxlaqını saflaşdırmaq, onların işini və rəftarını yaxşılaşdırmaq sahəsində də elm və bilik təcrübədən keçirilmiş vasitələrdəndir.
* Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrlərinə tabe olam. Nə qədər ki, sağam… qələmimlə vuruşacağam.
*Mən dərvişməslək və bəşəriyyəti sevən bir insanam. Hər kəs insanları sevib, mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafında əngəl törədənlərdən kənarda və uzaqdayam.
*Dünyada yaşamağın yeganə ləzzəti yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər.
*Hər bir insan 60 və yaxud 70 il heyvan kimi yaşayıb bu dünyada bir iz qoyub getmirsə, belə bir həyatın nə mənası var?
*İnsanların yeddi vəzifəsi vardır. Əgər insan onların hamısını yerinə yetirərsə, kamil adam sayılar və əgər bəzilərini yerinə yetirib, bəzilərini yetirməzsə, naqis insan sayılar və əgər bu yeddi vəzifədən heç birini yerinə yetirməzsə, bəşəriyyət dairəsindən çıxaraq, heyvanlıq dairəsinə daxil olar. Birinci vəzifə ondan ibarətdir ki, insan pis əməllərdən çəkinməlidir. İkinci vəzifə budur ki, insan yaxşılıq etməyə çalışmalıdır. Üçüncü vəzifə bundan ibarətdir ki, insan zülmü dəf etməyə çalışmalıdır. Dördüncü vəzifə bundan ibarətdir ki, insan öz həmnövləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır. Beşinci vəzifə bundan ibarətdir ki, insan elm ardınca getməlidir. Altıncı vəzifə bundan ibarətdir ki, insan hər yerdə elmi yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi və imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və öz həmfikirləri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
*Mən xalqı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir adamam.

Hacıməmməd Məmmədov,
N.Behdiyev adına şəhər 6 saylı tam orta məktəbinin dil- ədəbiyyat müəllimi

Şərh Yaz