İnsan hüquq və azadlıqlarının qorunması əsas vəzifəmizdir

İnsan hüquq və azadlıqlarının qorunması əsas vəzifəmizdir2012-ci ilin 6 ayı ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır.
2012-ci ilin 6 ayı ərzində rayon hüquq mühafizə orqanlarının səyləri ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, hərtərəfli islahatların yeni müstəvidə və müasir məzmunda davam etdirilməsinə, fəaliyyət sahələri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud olan çatışmazlıqların, xidməti və icra intizamının pozuntusu hallarının dərhal aradan qaldırılmasına yönəldilmişdir.
İsmayıllı rayon hüquq mühafizə orqanlarının işçiləri Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanlarının, Respublika Baş Prokurorunun əmr və göstərişlərini rəhbər tutaraq 2012-ci ilin 6 ayı ərzində cinayət təqibi çərçivəsində dövlətin maraqlarının, cinayətkarlığa qarşı mübarizə sahəsində olan ictimai maraqların, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir sıra tədbirlər görmüşlər. Bu sahədə işlər davam etdirilir.
Digər hüquq mühafizə orqanları ilə yaradılmış səmimi, işgüzar münasibətlər nəticəsində rayonda ictimai sabitlik təmin edilmiş, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi sahəsində müsbət nəticələr əldə edilmişdir.
2012-ci ilin 6 ayı ərzində rayon ərazisində cəmi 59 cinayət hadisəsi törədilməsi faktı qeydə alınmış və onlardan 58-nin açılması təmin edilərək baş vermiş hadisələrin açılma faizi 98,3 faiz təşkil etmişdir. 2011-ci ilin 6 ayına nisbətən rayon ərazisində baş verən böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 1 fakt, ağır cinayətlərin sayı 2 fakt azalmış, hesabat dövründə xüsusilə ağır cinayət hadisəsi baş verməmişdir. Lakin ötən ilin müvafiq dövrünə nisbətən baş vermiş az ağır cinayətlərin sayı 5 fakt artmış, həmin cinayət hadisələrindən də 1-i açılmamış qalmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara oğurluğu və dələduzluq cinayətlərin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Belə ki, 2011-ci ilin 6 ayı ərzində rayon ərazisində mal-qara oğurluğu ilə əlaqədar 1 cinayət hadisəsi qeydə alındığı halda, hesabat dövründə 3, dələduzluqla əlaqədar isə 2011-ci ilin 6 ayı ərzində 3 cinayət hadisəsi qeydə alındığı halda hesabat dövründə belə xarakterli 9 cinayət hadisəsi qeydə alınmışdır. Gələcəkdə belə halların qarşısının alınması üçün aidiyyəti polis əməkdaşları tərəfindən qabaqlayıcı profilaktiki tədbirlərin görülməsi zəruridir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar baş verən cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faktdan azalaraq 2 fakta enməsinə baxmayaraq bu xarakterli cinayətlərə qarşı mübarizə və profilaktiki iş daha da gücləndirilməlidir.
2011-ci ilin 6 ayı ərzində yetkinlik yaşına çatmamışlar tərəfindən cinayət hadisələrinin törədilməsi halına yol verilmədiyi halda 2012-ci ilin 6 ayı ərzində yetkinlik yaşına çatmamışlar tərəfindən 1 böyük ictimai təhlükə törətməyən cinayət hadisəsi törədilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ilin 6 ayı ərzində qadınlar tərəfindən törədilmiş cinayət hadisələrinin sayı 3-dən 1-ə enmiş, xüsusi çəkisi 1,8 faiz təşkil etmişdir. Həmin cinayət hadisəsi ailə münaqişəsi zəminində törədilmişdir.
Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən təkrar cinayət hadisələrinin törədilməsi faktı araşdırılarkən müəyyən olunmuşdur ki, 2012-ci ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu faktlar 6-dan 10-a qalxaraq 4 fakt artmış, xüsusi çəkisi 17,9 faiz təşkil etmişdir. Bu isə aidiyyəti polis əməkdaşlarının belə kateqoriyalı şəxslərlə apardıqları profilaktiki işlərin lazımı səviyyədə olmamasının göstəricisidir.
Törədilmiş cinayət hadisələrindən 6-sı sərxoş vəziyyətdə törədilmişdir ki, bu da ümumi cinayətlərin 10,7 faizini təşkil etmişdir.
2011-ci ilin 6 ayı ərzində olduğu kimi 2012-ci ilin 6 ayı ərzində də rayon prokurorluğunda istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş cinayət işləri olmamışdır. Rayon PŞ-nin İB-də də 21nəfər haqqında 14 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.
2012-ci ilin 6 ayı ərzində rayon prokurorluğuna 35 cinayət xarakterli məlumat daxil olmuşdur. Ümumilikdə prokurorluqda icraatda olmuş 37 cinayət xarakterli məlumatlardan 8-i üzrə cinayət işi başlanılmış, 26-sı üzrə cinayət işinin başlanılması rədd edilmiş, 2-si istintaq aidiyyəti üzrə göndərilmiş, 1-i isə 2012-ci ilin ikinci yarımilinə qalıq qalmışdır.
Məhkəməyə verilmiş əmlak talama cinayəti üzrə 7 nəfər təqsirləndirilən şəxslərin – vətəndaşların xüsusi mülkiyyətinə vurmuş olduqları 22014 manat ziyandan 21021 manatı və ya 95,5 faizi istintaq zamanı ödətdirildiyi halda 2011-ci ilin birinci yarımili ərzində ümumilikdə vurulmuş 4645 manat maddi ziyandan 2508 manatı (53,9 faizi) istintaq zamanı ödətdirilmiş, 2137 manat isə ödənilməmiş qalmışdır.
Göründüyü kimi 2012-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində müsbətə doğru xeyli iş görülmüş, dəymiş ziyanın 95 faizdən artıq ödənilməsi təmin edilmişdir. Gələcəkdə cinayət hadisələri ilə əlaqədar dəymiş ziyanın tam məbləğdə ödənilməsi üçün zəruri tədbirlər görülməlidir.
2012-ci ilin 6 ayı ərzində rayon PŞ-nin İstintaq Bölməsində icraatda olub istintaqı yekunlaşdırılmış cinayət işlərindən 1 iş açılmamış qalmışdır.
Respublika Baş Prokurorunun “Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” 28 iyul 2010-cu il tarixli 10/70 №-li əmrinin tələblərinə əməl edilərək vətəndaşların əsassız həbsə alınması, cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilməmişdir.
Cinayət işlərinin istintaqı zamanı yaranmış zərurətlə bağlı RPŞ-nin İB-də istintaq edilən cinayət işləri üzrə müstəntiqlər tərəfindən 5 nəfər haqqında verilmiş vəsatətlər əsasında 5 nəfər haqqında həbs qətimkan tədbiri seçilməsinə dair təqdimatlar verilmiş və həmin təqdimatların hamısı təmin edilmişdir.
Rayon polis şöbəsinin istintaq bölməsində istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilmiş cinayət işlər üzrə cinayətin baş verməsinə kömək etmiş səbəb və şəraitin aradan qaldırılması üçün təqsirləndirilən şəxslərin iş və ya yaşayış yerlərinə təqdimatlar göndərilmişdir.
2012-ci ilin birinci yarımili ərzində rayon PŞ-nin Təhqiqat qrupu tərəfindən 12 aşkar cinayətlər üzrə icraat açılmışdır. Həmin icraat materiallarından 7 nəfər haqqında 7 material yekun protokolu ilə baxılması üçün məhkəməyə göndərilmiş, 2 material üzrə cinayət işi başlanılmış, 2 material üzrə cinayət təqibinə xitam verilmiş, 1material isə 2012-ci ilin ikinci yarımilinə qalıq qalmışdır. 01.01.2012-ci il tarixə istintaqdan və məhkəmədən qaçıb gizlənən şəxslər barəsində 1 nəfər haqqında axtarış işi qalıq qalmış, hesabat dövründə isə 3 nəfər haqqında istintaq və məhkəmədən qaçıb gizləndikləri üçün axtarış işləri açılmış və onların 3-ü də tutularaq istintaq orqanına təhvil verilmiş, digər şəxsin tutulması üçün isə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Vətəndaşların xəbərsiz itkin düşməsi ilə əlaqədar 2 axtarış-qeydiyyat işi 01.01.2012-ci il tarixə qalıq qalmış, hesabat dövrü ərzində isə 2 əməliyyat-qeydiyyat işi açılaraq ümumilikdə 4 nəfərdən 2 nəfər tapıldığından barələrində olan əməliyyat-axtarış işləri xitam edilmiş, 2 nəfərin axtarışı isə hələ də davam etdirilir. Ötən ilin müvafiq dövründə isə axtarışda olmuş 2 nəfərdən 1 nəfəri tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
2012-ci ilin birinci yarımili ərzində vətəndaşların ərizə və şikayətlərinin həllinə qayğıkeş münasibət göstərilməklə 01 noyabr 2010-cu il tarixli 10/100 saylı Azərbaycan Respublikası Baş Prokurorunun əmrinin tələblərinə əsasən əməl olunmuş, vətəndaşları maraqlandıran məsələlərlə əlaqədar qanunla müəyyən edilmiş müddətlərdə onlara yalnız prokurorun imzası ilə rəsmi cavablar verilmiş, rayon aktivinin yığıncaqlarında onlarla hüquqi mövzularda söhbətlər keçirilmiş, ayrı-ayrı yerlərdə vətəndaşlar qəbul edilmiş, hüquqlarının qanuni qaydada qorunmasının təmin olunmasına səy göstərilmişdir.
2011-ci ilin birinci yarımili ərzində rayon prokurorluğuna vətəndaşlardan müxtəlif xarakterli 60 ərizə və şikayət daxil olduğu halda 2012-ci ilin birinci yarımili ərzində rayon prokurorluğuna vətəndaşlardan müxtəlif xarakterli 39 ərizə və şikayət daxil olmuşdur ki, onlardan 4 ərizə istintaq edilən cinayət işlərinə əlavə olunmuş, 22 ərizə baxılması üçün aidiyyəti təşkilatlara göndərilmiş, 13 ərizəyə rayon prokurorluğunda baxılaraq onlardan təmin ediləni olmamışdır.
2011-ci ilin birinci yarımili ərzində 59 nəfər şəxs qəbul edildiyi halda 2012-ci ilin birinci yarımili ərzində rayon prokurorluğu tərəfindən 76 nəfər şəxs qəbul olunmuşdur ki, onların hamısı şəxsən rayon prokuroru tərəfindən qəbul edilməklə 25 nəfəri yaşayış yerlərində qəbul edilmişdir. İsmayıllı rayon prokurorluğunun kollektivi qüvvələrini səfərbər edərək bundan sonra da digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Rahib Seyidov,
İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri

Şərh Yaz