Evinizə xoş günlər, xeyir-bərəkət gəlsin

Evinizə xoş günlər, xeyir-bərəkət gəlsinİyul ayının 19-da Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) həyata keçirdiyi növbəti icma layihəsinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimi Lahıc qəsəbə tam orta məktəbinin qarşısında, Ərəgit kəndinin girəcəyində təşkil olunmuşdu.
Əsas məşğuliyyət sahələrinin kənd təsərrüfatı – bitkiçilik, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq olan, rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən Ərəgit icmasında AzKİL-in maddi dəstəyi ilə icrası müvəffəqiyyətlə tamamlanmış və 4100 nəfər insanın bəhrələnəcəyi “Daş döşəmə yol tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 250 metr, eni piyada səkisi ilə birlikdə 5 metr olmaqla daş döşəmə yol tikilmiş, iki yeni su keçidi quraşdırılmışdır.
Dağlıq relyefdə yerləşən Ərəgitin uzun illərdən bəri əsaslı bərpa edilməyən yolları bərbad vəziyyətə düşmüş, xüsusilə sel sularının axıntısı ucbatından yararsızlaşmış, nəticədə, digər infrastrukturlardan istifadəni də çətinləşdirmişdi. Bu vəziyyət şagirdlərin dərsə davamiyyətinin aşağı düşməsinə, səhiyyə xidmətindən istifadənin, kənd daxilində nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsinə, rayon mərkəzi ilə əlaqənin zəifləməsinə gətirib çıxarmışdı.
Həyata keçirilən layihə sayəsində əsas yol şəbəkəsinə çıxış artmış, yolun yeni görkəm alması digər infrastrukturlardan istifadəni asanlaşdırmış, insanların gediş-gəlişinə, nəqliyyat vasitələrinin əlverişli hərəkətinə səbəb olmuşdur. Bundan əlavə becərilən məhsulların bazara çıxarılması, alıcıların kəndə gəlib məhsulu yerində alması qiymətlərin stabilliyinə, vaxt qənaətinə şərait yaratmışdır. Ən başlıcası, görülən iş məktəblilərin dərsə davamiyyətini yüksəltmişdir. Bu da təhsil sahəsində tarixi ənənələri olan Lahıc qəsəbə tam orta məktəbində təhsilin keyfiyyətinin əsaslı şəkildə yüksəlməsinə səbəb olmuşdur.
İcma layihəsinin açılış mərhələsində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış etmişdir:
-Mənə çox xoşdur ki, yeni-yeni layihələrin icrasının başa çatması mərasimlərində sizinlə ardıcıl görüşürəm. Bir neçə gün bundan əvvəl Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Lahıc qəsəbəsində kanalizasiya sisteminin yaxşılaşdırılması” layihəsinin açılışını etdik. Həmin tədbirdə cənab səfir Şosuki Vatanabe qeyd etdi ki, turizmin inkişafı üçün ilkin infrastruktur layihələrini həyata keçirdik. İçməli su və yeni kanalizasiya xətti çəkildi. Mövcud kanalizasiyanın ehtiyac olan hissələri təmir edildi. Bu sahədə layihələrimizi davam etdirəcəyik.
Evinizə xoş günlər, xeyir-bərəkət gəlsin“Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Ərəgitdə “Daş döşəmə yol tikintisi layihəsi”nin başa çatması da məhz insanların rahatlığına, turizmin inkişafına xidmət edəcəkdir.
Qeyd etməyi lazım bilirəm ki, rayon İcra Hakimiyyətinin Kənd İnvestisiya Layihəsi ilə çox işgüzar əlaqələri formalaşmış, icmalarla işi səmərəli əsasda qurulmuşdur. Ərəgit icmasında həyata keçirilən layihəyə qədər bir çox digər layihələr həyata keçirilmişdir. Qalacıq, Mollaisaqlı, Hacıhətəmli, Quşencə, Mican, Qalagah, Qalınçaq, Tircan və sair kəndlərdə yollar bərpa edilmiş, Cülyan, Hacıhətəmli, Mollaisaqlı, İstisu, Topçu kəndlərində içməli su təminatı yaxşılaşdırılmışdır.
Lahıcla Ərəgit arasında körpüdən sonra başlanan 250 metrlik yola piyada səkisi də daxil olmaqla daş döşənmişdir. 2 su keçidi tikilmişdir. Bunlar artıq sizin istifadənizdədir. Görülən işlər Lahıc və Ərəgitin tarixi-memarlıq üslubuna uyğundur. Bu uyğunluğu təmin etmək üçün ənənəni gözləyən layihənin rəhbərliyi yerli materiallardan istifadəyə üstünlük vermişdir.
Tarixi minilliklərlə hesablanan Lahıc və Ərəgit ümummilli lider Heydər Əliyevin böyük qiymət verdiyi qədim yaşayış məskənidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətində olan diyardır. Odur ki, qəsəbəniz və ondan əsla fərqlənməyən kəndiniz dövlət qayğısı ilə daha çox əhatə olunmuşdur.
Məhz buna görədir ki, qədimliyi ilə məşhur olan, müasirliyi ilə diqqəti çəkən Ərəgit və Lahıcın problemlərinin həlli Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik işinə çevrilmişdir.
Həyatınıza rahatlıq gətirən, yolunuzu abad edən yeni bir layihənin başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Layihənin direktoru Sübhan Əsgərova xeyirxah işlərinə görə təşəkkürümü bildirirəm.
Daha sonra AzKİL-nin direktoru Sübhan Əsgərov İcma İnkişafı və Bacarıqlarının Artırılması üzrə menecer Gülbəniz Qənbərova, RİH başçısının Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Haqverdiyev, qəsəbə ziyalılarının nümayəndəsi Hikmət Haqverdili və Ərəgit icmasının nümayəndəsi Rövşən Əliyev çıxış etdilər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində icra olunan dövlət proqramları əsasında “Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq, layihələrin həyata keçirildiyi icmaların üzvlərini ürəkdən təbrik edib, onların sevinclərinə şərik olduqlarını bildirdilər: Bu yolla evinizə daha xoş günlər, xeyir-bərəkət gəlsin, – dedilər.
Yerli sakinlər adından danışanlar kənd sakinlərinin ehtiyacına qayğı ilə yanaşan AzKİL-ə bu layihələrin ərsəyə gəlməsində göstərdiyi əvəzsiz xidmətə görə minnətdarlıqlarını bildirmiş, onun icma layihələrinə sərmayə qoyub əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, infrastruktur xidmətlərindən istifadəni artırmaq istiqamətində atdığı addımları, kənd ərazilərinin dayanıqlı inkişafındakı ölçüyəgəlməz fəaliyyətini alqışladılar, layihədən faydalanacaq insanların hədsiz sevincindən söz açdılar.
Tədbirə toplaşanların alqış sədaları altında layihənin istifadəyə verilməsini bildirən lent kəsilişini İsmayıllı RİH başçısı N.Ələkbərov və AzKİL-in direktoru Sübhan Əsgərov həyata keçirdilər. Rəsmi açılışdan sonra bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Oxunan mahnılar, musiqi və rəqslər mərasimin təntənəsinə əlavə rəng qatdı.

“İsmayıllı xəbərləri”

Şərh Yaz