Gənclərin ekoloji biliklərinin artırılması vacibdir

Müasir dövrdə bəşəriyyət tədricən ekoloji baxımdan ciddi böhran qarşısındadır. İnsanın təbiətə müdaxiləsi bəşəriyyətin mövcudluğu üçün böyük təhlükə yaratmış və cəmiyyət aradan qaldırılması çox çətin olan qlobal problemlərlə üz-üzə qalmaqdadır. Eyni zamanda, təbiət hadisələri də ekoloji tarazlığın pozulmasına səbəb olur. Ümumilikdə isə, atmosferin, suyun çirklənməsi, zibillərin düzgün çeşidlənməməsi, meşələrin qırılması, karbon qazının sıxlığının çoxalması, flora və fauna sisteminin tədricən təhlükə qarşısında qalması, dünyada yaranan əhali sıxlığı və s. ekoloji həyəcan siqnalının verilməsini, insanların ekologiyaya olan münasibətlərinin dəyişilməsini və ən əsası bu münasibətlərin ekoloji təhlükəsizliyin qorunması, ekoloji qayğı üzərində qurulmasını vacib edir.
İsmayıllı rayonu ölkə üzrə ən çox meşə ehtiyatına malik olan rayonlardan biridir, burada ekoloji biliklərin yoxlanılması məqsədilə sorğunun təşkilinə və ekologiyanın qorunmasına həmişə ciddi ehtiyac duyulur. Belə ki, rayonun əhalisi, xüsusilə də gənc nəslin – orta təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin, gənclərin bu istiqamətdə maarifləndirilməsi ekoloji maarifçilik ənənələrinin gələcək nəsillərə ötürülməsində, sağlam gələcəyimizin qurulmasında təminatçı ola bilər.
Bu məqsədlə Sosial İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə aprel-iyul ayları ərzində “Gənclər arasında ekoloji maarifçiliyə təşəbbüs” layihəsini həyata keçirmişdir. Layihə ərzində rayon gəncləri arasında ekoloji biliklərin artırılması məqsədilə təlimlər keçirilmiş və ekologiyanın mühafizəsinin düzgün təşkili işində uğurlu addımlar atılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev həmişə ekologiyaya böyük diqqət ayırmış, onun düzgün mühafizə olunması üçün qanunlar, fərman və sərəncamlar vermişdir. Hal-hazırda, bu sahə üzrə tətbiq edilən qanunvericilik aktları Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olmuşdur. Ekoloji maarifçilik təlimlərinin təşkilində bu qanunvericilik aktlarına istinad edilmişdir ki, bu da gənclərin bu sahə üzrə əsas qanunvericilik aktları ilə tanışlığına, biliklərinin artmasına səbəb olmuşdur.
Biz gələcək nəsillərimizin sağlam həyat tərzi sürərək ekologiyamızın mühafizəsində daha diqqətli olacaqlarına inanır və bir İctimai Birlik olaraq bu istiqamətdə əlimizdən gələn bütün fəaliyyətləri yerinə yetirməyə çalışacağıq.

Elman Kazımov
SİYİB-nin sədri

Şərh Yaz