Özünü xoşbəxt sayan gənc

Özünü xoşbəxt sayan gəncAğamirlə onun doğum günündə – iyun ayının 29-da görüşdük. Demək olar ki, şəhər mühiti onu heç dəyişməmişdi: geyimi, əlindəki telefonu da sadədən sadə idi. Amma bir qədər yorğun görünürdü. İkinci kursu bitirmək üçün imtahanları verən kimi rayona gəlmişdi. Özünü belə təqdim etdi:
Mən, Heydərov Ağamir Qorban oğlu (Atamın sənəd üzrə adı bu cürdür. Lakin bir sıra hallarda onun adını Qurban kimi göstərirlər. Sənəddə səhv yazıldığını hesab edənlər ikinci dəfə səhvə yol verirlər. Yeri gəlmişkən aidiyyəti orqanların bu məsələyə aydınlıq gətirməsini istərdim) 1993-cü ildə İsmayıllı rayonunun Gideyli kəndində anadan olmuşam. Dünyaya gəlişimin ikinci ayı tamam olmamış atam Heydərov Qorban Qəzənfər oğlu Qubadlı rayonunun Güləbird kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub.
2008-ci ildə atamın xatirəsini əbədiləşdirən Gideyli kənd ümumi orta məktəbini bitirdim. 9-cu sinifdə oxuyanda fənn olimpiadasının respublika turunda dil-ədəbiyyat fənnindən ikinci yeri tutmuşdum. Orta təhsilimi İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində başa vurdum. 2010-cu ildə ali məktəblərə qəbul imtahanında 518 bal toplayıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum.
Bu il mənim üçün uğurlu oldu. Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsində III, ali məktəb tələbələrinin XVII fənn olimpiadasında Azərbaycan dili fənnindən II yeri tutmuşam.
Özünü xoşbəxt sayan gənc2007-ci ildə ailəmiz İsmayıllı şəhərində ikiotaqlı mənzillə təmin olundu. Xoşbəxt günlərim də elə bununla başladı. Kiçik ailəmizə göstərilən böyük qayğıya görə prezident İlham Əliyevə, rayon rəhbərliyinə özümü həmişə borclu sayacağam.
Dünya gözəl insanlardan xali deyil. Atam şəhid olsa da, müəllimlərim Altay Zeynalov, Həsən Məmmədov, Ağanəzər Zeynalov, Vidadi Soltanov, Şəfaqət Rəsulov, Nəriman Qəniyev mənə atalıq qayğısı göstəriblər. Dünyalar qədər sevdiyim anama, və qayğıkeş müəllimlərimə verdiyim sözə əməl edə bildiyimə görə özümü xoşbəxt sayıram.
Söhbətimiz əsnasında bəzi xırda problemləri olduğunu söyləsə də, Ağamir onların barəsində heç bir açıqlama vermədi. Hər kəs qarşısına çıxan problemi özü həll etməyə səy göstərməlidir, -dedi.
Mübarizliyi və düz yolda olması ilə öz şəxsində mənə əsil azərbaycanlı gəncinin əyani nümunəsini göstərən qonağımızı qazandığı uğurlar və ad günü münasibətilə təbrik etdim. İlk şeirlər kitabımı hədiyyə etməklə ona uğurlar arzuladım.

Şahməmməd Dağlaroğlu

Şərh Yaz