Sağlamlığınız öz əlinizdədir

Meyvə və tərəvəz alarkən diqqətli olun.
Meyvə və tərəvəzlərin tərkibində insan orqanizmi üçün zəruri olan bir çox maddələr ( minerallar, yağlar, vitaminlər, qlikozidlər və sair vardır).
Fizioloji normaya əsasən, insan orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 106 kiloqram meyvə-giləmeyvə, 110 kiloqram kartof, 130 kiloqram tərəvəz və bostan məhsulları istehlak etməlidir.
Meyvə-tərəvəzin tərkibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saxlanma üsullarından və müddətindən çox asılıdır. Müasir dövrdə meyvə-tərəvəzin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Ona görə də bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır.
Meyvə və tərəvəzlərdən il boyu istifadə edə bilmək üçün onları müxtəlif üsullarla konservləşdirirlər.
Meyvə-tərəvəzin yetişməsi və saxlanması dövründə onların tərkibindəki maddələr keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin təsirinin müşahidə edilməsi həmin məhsulların keyfiyyətinin normativ- texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlak zamanı vacib məsələlərdəndir.
Hər bir tərəvəz növünün satışı üçün onun keyfiyyətini təsdiq edən sənədi olmalıdır.
Meyvə alarkən hər şeydən öncə onun yetişməsi üçün xarakterik fəsil olub- olmadığına diqqət edin. Çünki hər meyvə yalnız onun yetişməsi üçün xarakterik olan fəsildə keyfiyyət əlamətlərini daha yaxşı qoruyur və faydalıdır.
Meyvə və tərəvəzlərin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onların görünüşünü nəzərdən keçirin. Ticarət şəbəkələrindən bu məhsulları alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmamasına, saxlanma müddətində əmələ gələ bilən fizioloji dəyişikliklərin əlamətlərinə və sair kimi məsələlərə diqqət edin. Çürümüş, rəngi solmuş və köhnəlmiş meyvə və tərəvəzləri almayın.
Qablaşdırılmış meyvə və tərəvəz alarkən onun etiketindəki məlumatlarla tanış olun, qablaşdırılmayan məhsulların isə müşayiətedici sənədlərini tələb edin. Mənşəyi məlum olmayan meyvə və tərəvəzləri almayın.
Meyvə və tərəvəzləri ehtiyacınız olduğundan artıq almayın.
Daşınma və saxlanma zamanı meyvə və tərəvəzlərin zədələnməsinə yol verməyin. Nəzərə alın ki, bu, onların korlanması prosesini sürətləndirir.

“İsmayıllı xəbərləri”

Şərh Yaz