İsmayıllını sevənlərin qəzeti

İsmayıllını sevənlərin qəzeti2008-ci ilin yanvar ayından işıq üzü görən, Azərbaycanın mətbuatı ailəsində özünəməxsus yeri olan, azərbaycançılığa, dövlətçiliyə sədaqət nümayiş etdirən, inkişafımızın, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbligatçısı və təşviqatçısı rolunda “İsmayıllı xəbərləri” qəzeti 100-cü sayını oxuculara təqdim etdi. İsmayıllının inkişafına, uğurlarla yanaşı, problemlərin həllinə işıq tutan bu qəzet bölgədə sevildiyindən və oxunduğundan baş redaktor kimi, çox sevinirəm. Sevinirəm ki, bölgədəki qəzet boşluğunu vaxtında və kifayət qədər doldura bildik.
Müstəqil qəzet olmaqla müstəqil dövlətimizin daxili siyasəti istiqamətində gördüyümüz işlər ürəkaçan olmuşdur. Qısa müddət ərzində qəzetimizin adı nüfuzlu qəzetlərin siyahısına daxil oldu. Respublika Mətbuat Şurasına üzvlük məsuliyyətimizi artırdı. Uğur və nailiyyətlərimizin sevincindən daha çox insana pay çatsın deyə, qəzetin saytını yaratdıq. Saytın oxucu sayğacında bir sıra xarici ölkələrdən bizimlə maraqlananlar qeydiyyata düşüblər. Həmyerlilərimizə, İsmayıllı ilə maraqlananlara ən böyük töhfəmiz də elə budur.
Əziz oxucular, hörmətli ismayıllılar! “İsmayıllı xəbərləri” fərəhinizi aydın görmək üçün ayna, uğurlarınızı aləmə yaymaq üçün tribunadır. Bu kiçik yubiley fürsətindən istifadə etməklə Sizləri daha faydalı əməkdaşlığa dəvət edirəm. Qəzetimizin yaranmasında, irəliyə doğru uğurlu 100 addım atmasında zəhməti, dəstəyi olan hər bir kəsə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Doğma İsmayıllımızın adını daşıyan, onun xoş xəbərlərini oxuculara fərəh və məmnunluqla çatdıran “İsmayıllı xəbərləri”nə göstərdiyiniz diqqət və doğmalıq hesabına böyük nailiyyətlərə sahib olacağına əminəm.
“İsmayıllı xəbərləri” İsmayıllını sevənlərin qəzetidir. İnanıram ki, abunəçilərimizin say artımı bu fikri gündən-günə daha aydın, həqiqi mənada əks etdirəcəkdir.
Şahməmməd Soltanov (Dağlaroğlu),
“İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru

Şərh Yaz