Cəsurlar finalda

Cəsurlar finaldaM.Əzimov adına Təzəkənd kənd tam orta məktəbi rayonda təhsilin inkişafı sahəsində hər il yüksək nailiyyətlər qazanır. Məktəb müasir tələblərə cavab verən maddi-texniki bazaya və pedaqoji kadrlara malik bir tədris müəssisəsidir. Olimpiadalarda, idman yarışlarında, sınaq-test imtahanlarında şagirdlərimiz yüksək nəticələr əldə edirlər.
Məktəbdə bunlarla yanaşı hərbi-vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə aparılmasına xüsusi diqqət yetirilir. Elə bunun nəticəsidir ki, məktıbin VIII sinif şagirdlərindən ibarət “Cəsurlar” komandası 21 aprel 2012-ci ildə C.Naxçıvanski adına hərbi litseyində keçirilən Respublika hərbi idman və turizm oyununda 19 komanda arasında II yeri tutmuşdur.
Məktəbin “Cəsurlar” komandası ilk olaraq 12 mart 2012-ci ildə rayonda 25 komanda arasında keçirilən yarışda birinci olmuşdur. Zona turuna vəsiqə alaraq rayonumuzu təmsil etmək hüququ qazanmışdır. Məktəbin hərbi rəhbəri Azərbaycan Bayrağı ordenli, Qarabağ döyüşlərinin qəhrəmanlarından biri olan, 12 il səngərlərdə vuruşmuş polkovnik-leytenant Eynulla Bağırov öz vəzifəsini əsil hərbiçi kimi qura bilmişdir. Komandanın yarışa hazırlanmasında məktəbin bədən tərbiyə müəllimləri Qasım Vahabov və Hüseyn Əsgərov da üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər. Məktəbin “Cəsurlar”komandası Zərdab rayonunda 14 mart 2012-ci ildə keçirilən zona turunda rayonumuzu təmsil etmişdir. Zona turuna Kürdəmir, Ağsu, Ağdaş, Şamaxı, Göyçay, Siyəzən, Masallı, Ucar, İsmayıllı və Qobustan rayonlarından olan idmançılar qatılmışlar. Komandamız ucarlılardan sonra II yerə çıxaraq respublika turunun finalına vəsiqə qazanmış oldu. Nəticə bizi xeyli sevindirdi, axı biz həm də rayonumuzu təmsil edirdik.
21 aprel tarixində final yarışı oldu. 19 komanda qüvvəsini sınamalı idi. Bunlar Gəncə, Nəsimi, Sumqayıt, Şirvan, Ucar, Zaqatala, Xətai, Bərdə və başqaları idilər. Mübarizə çox gərgin olmuşdur. Nəticədə, E.Bağırovun hazırladığı komandamız Bakının Xətai rayonundan sonra II yeri tutmuşdur. İdmançılarımıza Fəxri fərman və kubok təqdim edilmişdir. İdmançılarımıza yeni-yeni nailiyyətlər arzulayırıq.
Ağalar Bədəlov,
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz