İşimizə verilən yüksək qiymət

İşimizə verilən yüksək qiymətİsmayıllı Suvama Sistemləri İdarəsinin əsas məqsədi rayon ərazisində meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.
2012-ci ilin 5 ayı ərzində İsmayıllı Suvarma sistemləri İdarəsində istismar tədbirləri planında aşağıdakı kimidir: 2 hidrometrik post, 8 hidrotexniki qurğu təmir olunmuşdur. Suvarma sistemləri 89 min kubmetr lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə məqsədilə çay məcrasının təmizlənməsi işində 68 min kubmetr ekskovator, 120 min kubmetr buldozer işi görülmüşdür. Eyni məqsədlə görülən təmizləmə və sahilbərkitmə işləri 77 min kubmetr təşkil edir.
Əsaslı təmir planı üzrə Göyçay çayında Çəmənli kəndinin mühafizəsi işində daş-beton bəndin təmirinə 105 kubmetr beton işlədilmişdir.
Hazırda Talıstançay və Cülyançayda çay məcrasının təmizlənməsi işləri başa çatmaq üzrədir. Kürdmaşı kəndində vətəndaşların pay torpaqlarına ziyan dəyməməsi üçün əlavə 1500 paqonnı metr kanal qazılmışdır. Kənd əhalisinin həyətyanı sahələrinə və yaşayış evlərinə ziyan dəyməməsi üçün ərazidəki mövcud kanallarda lildən təmizləmə işi başa çatdırılmışdır. Enişdibi və Talış kəndlərinin yanından keçən Quruçayda məcratəmizləmə işləri qurtarmışdır. Cari ildə Kəlbənd kəndinin əhalisinin yaşayış evlərinə, həyətyanı sahələrinə və pay torpaqlarına sel sularının ziyan vurmaması üçün Quruçaydan çayın kanallaşdırılmış məcra formasına salınması işləri davam etdirilir.
Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və suvarılması məqsədi ilə Mican kəndi ərazisində ümumi layihə ölçüsü 6750 paqonnı metr olan beton kanalın tikintisi başa çatmışdır. Kanal üzərində baş suqəbuledici qurğu, 4 borulu keçid, 2 müvəqqəti kanala suburaxıcı qurğu tikilmiş, 400 hektar sahədə meliorativ tədbirlər aparılmışdır. Bu işlər növbəti aylarda və illərdə də davam etdiriləcəkdir. Layihə tam başa çatdırıldıqdan sonra 800 hektar torpaq sahəsi saflaşdırılacaq və həm də suvarılması mümkün olacaqdır.
Növbəti illərdə Kəlbənd kəndində evlərə və digər tikililərə, həyətyanı torpaq sahələrinə, eləcə də pay torpaqlarına sel sularının ziyan vurmaması üçün Quruçayın kənddən keçən hissəsində 300 paqonnı metr daş-beton bəndi, həmçinin Çəmənli kəndinin sel sularından mühafizəsi üçün 4600 paqonnı metr bəndvurma işi aparılacaqdır.
Qalacıq kənd qəbiristanlığının mühafizəsi üçün də daş-beton bəndvurma işləri planlaşdırılmışdır. Girdiman çayının Lahıc qəsəbəsi ərazisindən keçən hissəsində, Kəlbənd kəndi ərazisindən keçən Quruçayda və Talıstançayda sahilbərkitmə işləri davam etdiriləcəkdir. Belə ki, İsmayıllı şəhərinin mühafizəsi üçün Talıstançayda 750 paqonnı metr daş-beton bəndinin tikilməsi nəzərdə tutulmuşdur. Xanagah kəndində yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə ziyan dəyməməsi üçün Ax-Oxçayda beton mühafizə divarının tikilməsi də planlaşdırılmışdır.
Cari ildə rayonun Mican yaşayış məntəqəsi ərazisində torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması məqsədi ilə 3668 paqonnı metr dren sistemi tikintisi başa çatdırılacaq. Bu sahədə işlər gələcəkdə də davam etdiriləcək. Daşqın və sel sularından əhalinin yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə, eləcə də pay torpaqlarına ziyan dəyməməsi üçün Göyçay çayında Çəmənli kəndinin mühafizəsi üçün 230 paqonnı metr daş-beton bəndin tikintisinə başlanmışdır.
Talıstan, Diyallı və Təzəkənd kəndlərinin pay torpaqlarından keçən qurutma kanallarının təmizlənməsi də nəzərdə tutulmuşdur.
Peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bu böyük mükafatı ümumilikdə İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin işinə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Verilən yüksək mükafat bizi daha əzmlə işləməyə sövq etmişdir.
Fürsətdən istifadə edib təltifə görə ölkə Prezidentinə, rayon rəhbərliyinə və təsərrüfatımızda ləyaqətlə çalışanlara öz dərin minnətdarlığımı bildirirəm.
Fazil Həsənov,
İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin rəisi

Şərh Yaz