Yaddas kitabcasi

Latışlar İsmayıllıda

Latışlar İsmayıllıdaAzərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası yerli özünüidarəetmə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrin assosiasiyaları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir.
Artıq 3 ildir ki, Latviya Bələdiyyələr İttifaqı ilə sıx işgüzar münasibətlər yaranmış, hər iki tərəfin nümayəndələri və bələdiyyə sədrləri qarşılıqlı səfərdə olmuşlar.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının göstərdiyi etimadla İsmayıllı bələdiyyəsi ilə Latviya Respublikasının Amata bələdiyyəsi arasında bağlanmış 25 avqust 2011-ci il tarixli qarşılıqlı əməkdaşlıq haqqında protokola əsasən, 27-31 may tarixlərində Amata bələdiyyəsinin üzvlərinin və işgüzar şəxslərin daxil olduğu 19 nəfərlik nümayəndə heyəti İsmayıllıya işgüzar səfərə gəlmişdilər.Latışlar İsmayıllıdaLatışlar İsmayıllıdaAzərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası yerli özünüidarəetmə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrin assosiasiyaları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir.
Artıq 3 ildir ki, Latviya Bələdiyyələr İttifaqı ilə sıx işgüzar münasibətlər yaranmış, hər iki tərəfin nümayəndələri və bələdiyyə sədrləri qarşılıqlı səfərdə olmuşlar.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının göstərdiyi etimadla İsmayıllı bələdiyyəsi ilə Latviya Respublikasının Amata bələdiyyəsi arasında bağlanmış 25 avqust 2011-ci il tarixli qarşılıqlı əməkdaşlıq haqqında protokola əsasən, 27-31 may tarixlərində Amata bələdiyyəsinin üzvlərinin və işgüzar şəxslərin daxil olduğu 19 nəfərlik nümayəndə heyəti İsmayıllıya işgüzar səfərə gəlmişdilər.
Latışlar İsmayıllıdaLatışlar İsmayıllıdaBirinci gün
İsmayıllı rayonunun Mərkəzi Meydanında qonaqlar İsmayıllı RİH başçısı Nizami Ələkbərov, əlaqədar təşkilatların rəhbərləri və İsmayıllı bələdiyyəsinin üzvləri tərəfindən qarşılandılar. Yaddaqalan dostqarşılama dəqiqələrindən sonra qonaqlar Ulu öndəri meydandakı abidəsi önünə tər qızılgül dəstələri düzdülər və Heydər Əliyev Mərkəzində oldular. Mərkəzdə öncə Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən tarixi sənədlərlə tanış olan qonaqlar onun mübaliğəsiz dahi şəxsiyyət, xalqını, millətini sevən siyasi dövlət xadimi olduğunu vurğuladılar. Burada qurulmuş monitorda nümayəndə heyəti İvanovka kəndi haqqında çəkilmiş sənədli filmə baxdılar.
Mərkəzdə fəaliyyət göstərən dərnəklərin işi ilə tanışlıq qonaqlarımızın heyrətinə səbəb oldu. “Rəssamlıq” və “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərini seyr edən qonaqlar azərbaycanlıların yalnız şair xalq deyil, həm də sənətkar xalq olduğunu fərəh hisi ilə bildirdilər.
Rəsmi qəbul Mərkəzin konfrans zalında keçirildi. RİH başçısı Nizami Ələkbərovun rayon barəsində qonaqlara verdiyi məlumatlardan, İsmayıllının Belarus Respublikasının Nesvij, Yaponiyanın İto şəhərləri ilə qardaşlaşmasından söhbət açdıqdan sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfət Babayev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov işgüzar səfərin tərəflər üçün əhəmiyyətindən danışdılar. Latviya Bələdiyyələr İttifaqının rəhbəri xanım Elita Eqlite Amata bələdiyyəsi haqqında vacib məlumatları diqqətə çatdırdı. Heyətin tərkibində İsmayıllıya gələn iş adamları özləri, fəaliyyətləri və əməkdaşlıq şəraitində həyata keçirə biləcəkləri layihələrdən danışdılar. İş birliyi qurmağın yollarını axtardılar.
Səmimi və işgüzar şəraitdə keçən tanışlıqdan sonra İsmayıllı bələdiyyəsi adından bələdiyyənin sədri Vüsal Məcidov qonaqlara rayonumuzun tarixini, mədəniyyətini və iqtisadiyyatını xarakterizə edən hədiyyələr təqdim etdi. Qarşı tərəf də Latviyadan gətirdikləri hədiyyələri İsmayıllı nümayəndələrinə təqdim etdilər.
İsmayıllını ilk baxışdan sevdiklərini söyləyən qonaqlar ismayıllıların istirahət etdiyi yerləri görmək istədiklərini bildirdilər. Mərkəzdən öndərin adını daşıyan Parka gələn qonaqlar gördüklərini bir cümlə ilə belə ifadə etdilər:
– Belə bir parkda istirahət edə bilən insanlar həqiqətən xoşbəxtdirlər və çox şadıq ki, bu şərəf bizə də nail oldu.
Parkın müəyyən hissəsini tutan və qonaqların böyük marağına səbəb olan Yapon bağını gəzdilər. Bağın gəzintisindən sonra rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edən qonaqlar bölgəmizin qədimliyini əks etdirən maddi-mədəniyyət nümunələri ilə tanış oldular. Qonaqların muzeydə olduğu dəqiqələr onlarda xalqımızın yaxın, uzaq keçmişi barədə xeyli təəssürat formalaşdıra bildi. Əcdadlarımızın yaşadığı tarixin müxtəlif dövrləri barədə səssizcə danışan bu eksponatları seyr etmək qonaqların dərin marağına səbəb oldu. Parkda aydın duyulan rahatlıqla gəzişən nümayəndə heyəti xoş əhval-ruhiyyə ilə Gənclər Mərkəzində oldu. Mərkəzin iclas zalında oldular. Zalın olduqca gözəl olduğunu vurğuladılar. Mərkəzin foyesində Uşaq Yaradıcılıq Mərkəzinin dərnəklərində hazırlanmış əl işləri də uşaqlarımızın istedadından xəbər verdi.
Proqram üzrə İsmayıllı Olimpiya-İdman Kompleksində olmağın vaxtı çatsa da, qonaqlar sanki Parkı tərk etmək istəmirdilər.
İsmayıllı Olimpiya-İdman Kompleksində nümayəndə heyətini Kompleksin direktoru Tofiq Hümbətov qarşıladı. Beynəlxalq standartlara uyğun üzgüçülük hovuzunu görən qonaqlar heyrətlərini gizlədə bilmədilər. İstənilən vətəndaşın hovuzdan istifadə etməyə imkanı olmasını bilmək də onlara çox xoş gəldi. T.Hümbətov qonaqlara əgər arzulayarlarsa, səfərdə olduğu günlərdə burada istirahət edə bilmələrini söyləməsi də qonaqların böyük razılığına səbəb oldu. Kompleksin əsas oyunlar zalını seyr etdikdən sonra qonaqlar ikinci mərtəbəyə qalxdılar. Buradan xüsusi görüntüləri olan İsmayıllıya, ətraf mənzərələrə, həyətdəki digər idman meydançalarına baxdılar. Böyük və yaddaqalan gəzintidən sonra Kompleksin açıq müşahidə eyvanında çay süfrəsinə dəvət də yerinə düşdü.
Qonaqlar rayonun “Qaya” istirahət mərkəzinə çatanda Günəşin batmasına hələ qalırdı. Ətrafdakı gözəlliklər – dağlar, meşələr, istirahət mərkəzinin səliqə-sahmanlı ərazisi mahir bir sehirçi kimi, bir andaca hamını ovsunladı. Qonaqların: – İlahi, bura nə gözəl məkandır?! – deməsini eşitmək bu gözəllikləri bir adilik sayan bizlər üçün də ürəkaçan oldu.
Qara buludların göyün üzünü alması ilə leysan yağışın yağması da elə bu arada baş verdi Güclü yağış birdən başladığı kimi, birdən də kəsildi. Havaya arzuolunan bir sərinlik gəldi.
Şam süfrəsi arxasında bərabər əyləşən nümayəndə heyətləri dostluq və əməkdaşlıq şərəfinə qarşılıqlı fikirlərini açıqladılar. Latışlar işgüzarlıqdan savayı, əylənməyi, şənlənməyi bacaran xalq olduqlarını əyani nümayiş etdirmək üçün xoş ovqat yaradan mahnılar oxudular. Biz də utanmağın yeri olmadığını görüb, “Azərbaycan”, Sarı gəlin” mahnılarını diqqətə çatdırdıq. Bu “yarışı” istənilən qədər davam etdirmək mümkün olsa belə, yeri rəqslərə verdik. Azərbaycan oyun havalarının sədaları altında qonaqların məharətlə rəqs etməsi səfərin birinci günü üçün gözəl sonluq oldu…
Latışlar İsmayıllıdaLatışlar İsmayıllıdaİkinci gün
İşgüzar səfərin ikinci günündə biz qonaqlarımızı “Qaya” istirahət mərkəzi qarşısındakı meydançada salamladıq. Hər biri şən, xoş əhval-ruhiyyədə idi. Görüşün ilk günündən aldıqları təəssüratları bizimlə bölüşmələri sanki qonaqların qəlbində yeni təəssüratlar üçün meydan açırdı. Buradan yolumuz qədim tarixə, bənzərsiz təbiətə, zəngin mədəniyyətə malik olan Lahıc qəsəbəsinədir. Düzünü deyim ki, yol boyu diqqət çəkən hər şey haqqında qonaqlara məlumat verilməsinin mənə həvalə olunması da lap ürəyimcədir. Axı buradakı görüntülərin hər biri yaddaşıma uşaqlıqdan yazılıb. Bildiyini söyləməyin nə çətinliyi var ki?!
Zərnavanın asma körpüsünədək yol boyu öndə, sağda və solda olan görüntülər barədə məlumat verirəm. Bura çatdıqda isə avtobusu saxlatmalı oluruq. Qonaqlar buralara heyrət içində baxdıqca baxırlar: sinəsi yaşıl meşəli dağlara, qayaların döşündən salınmış yollara, dağların arasından sanki axıb bir düzəngaha çıxmağa can atan Girdiman çayına və bir də ki, asma körpüyə. Burada qonaqlara sadəcə körpünün nə məqsədlə qoyulmasından, qarşıdakı dağın zirvəsində Zərnava adlı kəndin olmasından danışıram. Foto aparatlar işə düşür. Hərə öz istədiyi mənzərəni – dağı, daşı, daşın üzərində bitən çiçəyi, suyundan ovuc-ovuc içdiyi bulağı aparatdakı yaddaş kartına köçürür. Xanım Elita Eqlitin : – Daha getmək olar! – deməsindən sonra avtobusda və avtomobillərdə hərə öz yerini tutur.
Bir neçə burulumdan sonra Gəndov kəndi, qarşıdakı əzəmətli dağlar, dağların zirvəsinə çətir tutan topa, ağ buludlar görünür. Kəndin içində qoyun-quzusunu yaylağa qaldıran çobanın sürüsü maşınımızın heç də yüksək olmayan sürətini tamamilə azaldır. Hamı mənzərənin gözəlliyindən danışır. Qonaqlardan kimsə: Nə gözəl oldu, qabağımıza bərəkət çıxdı, – deyir. Mən ona bizdə də belə bir inancın olmasını söyləyirəm. Kəndin çıxacağında sürü arxada qalır, qonaqlara qarşıdakı dəlisov dağ çayı, onun üzərində ulu öndər Heydər Əliyevin göstərişi ilə salınan körpülər barəsində danışıram. Danışdıqca hiss edirəm ki, hər kəs üçün deyilənlər maraqlıdır və yadda qalacaqdır.
Namazgah kəndinə çataçatda Baba dağının başı qarlı zirvəsi görünür. Qonaqlardan biri dağın hündürlüyü barəsində məlumat söyləməkdə məni qabaqlayır: Rayonun başçısı dünən bu haqda demişdi – 3629 metr.
Növbəti dayanacağımız Namazgahdır. Burada sərin bulaqlardan su içib, əl-üz yuyub sərinləşməyin öz yeri var. Qonaqlarımız bu dağların qoynunda yaşayan insanların əzmkarlığından, qorxmazlığından söz açırlar, dağlarda qışın necə keçməsi, qış aylarında yolların vəziyyəti ilə maraqlanırlar.
Bağəli kəndinin ətəyindən Girdiman çayına tökülən şəlalə və şəlalədən azca öndə sənətkar təbiətin qüdrəti ilə üstüstə yığılma kimi görünən “abidə” daş hamı kimi qonaqlarımızın da diqqətini cəlb edir. Vaxtımızın bir neçə dəqiqəsini də burada keçiririk.
Görüşünə tələsdiyimiz Lahıc qəsəbəsindəyik. Dünyanın çox yerini gəzmiş turistləri bu məkan ilin istənilən çağında heyrətləndirməkdədir. Burada qonaqları Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin işçisi Maarif Əliyev müşaiyət edəcəkdir. Tələsmədən, addım-addım gedir, yüzillikləri arxada qoymuş tarixi yerlər, binalarla tanış oluruq. Baş küçə boyu misgərlərin, xalçaçıların, toxucuların əl işlərilə rastlaşırıq. Qonaqlar bəyəndikləri əşyaların qiyməti ilə maraqlanırlar. Hər kəs bu tarixi məkandan evinə xatirə hədiyyəsi ilə qayıtmaq istəyir.
Dik yoxuşa qalxan, dar, daş döşənmiş küçə ilə Lahıc Diyarşünaslıq Muzeyinə gəlirik. Muzeylə, burda toplanmış eksponatlarla, Lahıcda doğulan, təhsil alan və tarixi şəxsiyyətlər kimi tanınan alimlər, şairlər, rəssamlar, siyasi xadimlər haqqında məlumatlar qonaqlarda bu yerə olan marağı daha da artırır. Muzeyin önündə şəkil çəkdirib nahara çıxırıq. Aydın hiss edirik ki, Lahıcda hər şey qonaqların ürəyincədir: su da, hava da, yerlilərimizin göstərdiyi diqqət və qayğı da.
Maşınlara əyləşib Lahıcdan çıxmaq istəyirik. Qonaqları yormamaq və şən əhval-ruhiyyədə saxlamaq üçün elan edirəm: Əziz dostlar, diqqətinizə və yaddaşınıza hörmət mənasında, həm də Sizləri yormamaq üçün bildirirəm ki, Lahıca gələndə sağda olan hər nə varsa, geri qayıdanda solda olacaqdır. Beləcə, gülüşlərlə Lahıcı tərk edirik.
“Qaya” istirahət mərkəzində bir neçə dəqiqəlik dayanacaqdan sonra qonaqlarla bərabər yolumuz Hacıhətəmliyədir. Rayon mərkəzindən keçib, İvanovka kəndinə qalxırıq. Aldıqları məlumatdan, gözləri ilə gördüklərindən kənd nümayəndə heyətinin xoşuna gəlir. Uştal, Soltankənd, Qalagah kəndlərini keçib Hacıhətəmliyə çatırıq. Burada qonaqlar “Monolit Şərab-2” şirkətində yerli şərab istehsalındakı nailiyyətlər və iş prosesi ilə hərtərəfli tanış olurlar. Son texnologiyaların tətbiqi ilə tikilmiş müəssisədə 200 nəfərədək əməkçi çalışır.
Belə bir obyektin kənddə tikilməsi işsizliyin aradan qaldırılmasında böyük rol oynayır. Şərab zavodunda yaradılmış infrastruktur şəraiti, hərtərəfli rahatlığı görən latışlar bu şirkətin gələcəyinə inamlı olduqlarını bildirdilər və bu mühitin kəndin inkişafında yüksək rolu olacağını söylədilər.
Latışlar İsmayıllıdaLatışlar İsmayıllıdaÜçüncü gün
İşgüzar səfərin üçüncü günündə xarici həmkarlarımızla yenidən “Qaya”da görüşürük. Biri-birindən hal-əhval tutub proqramı nəzərdən keçiririk. Azərbaycan xalqının mədəniyyəti, tarixi, incəsənəti, mətbəxi ilə yaxından tanışlıqdan sonra rayonun təbiətini seyr etmək üçün məkanımızın əsrarəngiz gözəllikləri ilə zəngin olan Qalacıq kəndinə üz tuturuq. Bu dəfə nümayəndə heyəti dəstələrə bölünür və keçilməzliklərdən rahat keçə bilən minik avtomobillərinə əyləşirlər. Nəzərdə tutulmuş yerə avtobusla qalxmaq qeyri-mümkündür. Hər avtomobildə yol boyu qonaqları maraqlandıran sualları cavablandıra biləcək nümayəndəmiz var. İsmayıllı-Qəbələ yolu ilə Sumağallı kəndinə dönənədək qonaqlarla bərabər biz də təbiətimizin gözəlliklərindən zövq alırıq. Kəndin içindən keçib dağlara tərəf istiqamət alırıq. Həmkarlarımıza burada Su Elektrik Stansiyasının tikildiyindən danışıram. Qalacıq çayı. Çayın üstündə qurulmuş və istifadəyə yenicə verilmiş əzəmətli körpü. Yoldaşlardan biri: Sizin təbiətin hər addımında zəngin xəzinə vardır, sizin çaylar böyük enerji mənbəyidir, – deyir.
Qalacıq kəndinin içindən keçirik. Kənd xeyli arxada qalır. Vaxt bizi günortaya yaxınlaşdırsa da, üzü dağlara sarı qalxdıqca hava sərinləşir. Qalacıq çayının sahilində qərar tutmuş geniş taladakı əzəmətli ağacların kölgəsində dəmir “atlar”dan düşürük. Görüşün üçüncü günü üçün bura söhbətin davamı və istirahət yeri kimi seçilib. Zabit Babayevin rəhbərliyi ilə fəaliyyət göstərən xalq çalğı alətləri ansamblı qonaqları təbiət qoynunda musiqi ilə salamlayır. İstirahət üçün bu cür yerlər çox qiymətlidir. Qonaqlardan bir neçəsi çox yerdə olduğunu, lakin təbiətlə onun qoynunda insanların eyni vaxtda bu qədər gözəl və cazibədar olmadığını etiraf edir.
Canlı, milli musiqilərimiz səslənir. Müğənnilər oxuyur, oynamaq istəyənlər oynayır. Bir azdan nümayəndə heyəti nahar süfrəsinə dəvət alır. Tərəflər görüşün bugünkü sevincini yaşaya-yaşaya gələcək üçün əhəmiyyətindən söz açırlar. Yaşıl çətirli ağacların kölgəsində, bərəkətli süfrə arxasında ötən dəqiqələr saatlara çevrilir. Və qarşıdakı saatlardan birində ayrılacağıq. Qonaqlardan qəzetimiz üçün təəssüratlarını yazmalarını xahiş edirəm. Məmnuniyyətlə razılıq verirlər. Yazılacaq təəssüratların bir qəzet yazısı üçün olduqca həcmli olacağını bilib, Amata və İsmayıllı bələdiyyələri timsalındakı əməkdaşlığın çərçivəsində, həmin təəssüratların şərti adı “Üç gün Azərbaycanda” olmaqla Latış və Azərbaycan dillərində kitab şəklində çap olunması təklifini irəli sürürəm. Fikri hamı bəyənir…
Vaxt irəlilədikcə istəməsək də, ətəyində durduğumuz uca dağlara, Qalacıq çayına, onun sahilindəki gözəlliklərə əlvida deyirik. Qonaqların qəbulunda bizə dəstək olan, tədbirlərimizin dolğun, mənalı keçməsində zəhməti, diqqət və qayğısı olan hər kəsə minnətdarlıq edib, qonqlarla bərabər “Qaya” istirahət mərkəzinə qayıdırıq.
Biri-birini ilk dəfə görən insanların üç gün ərzindəki tanışlığından bir bu qədər doğmalaşacağını təsəvvürə belə gətirmək olmazdı. Sonda bu qərara gəldim ki, yüksək mədəniyyətin, bəşəri düşüncələrin eyniliyi, oxşarlığı, üst-üstə düşməsi insanları daha az vaxtda da yaxınlaşdırar, mehriban edə bilər.
Yaxın gələcəkdə bizi Latviyaya səfər gözləyir.
Şahməmməd Dağlaroğlu,
şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, İsmayıllı bələdiyyəsinin Sosial Məsələlər daimi komissiyasının sədri

Şərh Yaz