Erkən nikah qurbanları olmayaq
Qloballaşan dünyamızda ölkəmizin bütün sahələri sürətli şəkildə dövrün tələbləri səviyyəsində inkişafa başlanmışdır. Amma bəzi sahələr var ki, onlar həm də insanların düşüncə tərzi, dünyagörüşü və milli mentalitetlərindən asılı olaraq formalaşır.
Belə sahələrdən biri ailə məsələləri, xüsusən də qızların ərə verilməsi və bu məsələdə qanunvericiliyin və ailənin roludur. Cari dövrümüzdə ən aktual olanı isə erkən nigahlardır, belə ki, milli qanunvericilikdə nəzərdə tutulan 18 yaşdan da tez nigah qurma halları artmaqdadır. Bu məsələ ümumilikdə cəmiyyətimizin ailə bazasını tədricən zəiflədir və onun yaratdığı fəsadlar (ailədaxili münaqişələr, məişət zorakılığı, boşanmalar, hüquqi problemlər, təhsildən təcrid olunma, tibbi çatışmazlıqlar və s.) cəmiyyətimizdə mənfi halların yaranmasına gətirib çıxarır.
Bu kimi ağrılı məsələləri nəzərə alaraq, Qadınlar Cəmiyyətin İnkişafı Naminə İctimai Birliyi (QCINIB) cari ilin aprel-iyun aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın maliyyə dəstəyilə “İsmayıllı rayonunda qızlar arasında “Erkən nigahlara YOX deyirik” maarifləndirmə aksiyalarının təşkili layihəsini həyata keçirir. Belə ki, may ayı ərzində xüsusən, məktəblərdə yuxarı sinif (9-11) qızlar arasında maarifləndirici təlimlər, müzakirələr keçirilmiş, onlara maarifləndirici broşurlar paylanmışdır. Təlimlərdə erkən nigah və onun yaratdığı fəsadlar haqqında məlumatlar verilmiş, nümunələr gətirilmiş və müzakirələr aparılaraq insan sağlamlığının, təhsilin daha vacib olması və öyrənilmiş biliklərin fərddən-fərdə üsulu ilə daha geniş miqyasda paylaşmasının zəruriliyi vurğulanmışdır.
Sevindirici haldır ki, məktəbli qızlar təlimlər vasitəsilə xeyli əlavə məlumat əldə etmiş, daha da maariflənmişlər. İnanırıq ki, məktəbli qızlarımız həyatda ali təhsilli, sağlam ailə sahibləri olmaq üçün çalışacaqlar.
Şirinbəyim Atayeva,
QCİNİB-nin sədri