1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Hələ saat 9 deyildi. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi canlanma vardı. Buraya toplaşmış uşaqların çöhrələrində sevinc vardı. Onlar hiss edirdilər ki, qarşıda qeyri-adi bir gün olacaq. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında onları müxtəlif karusellər, oyunlar, həmçinin musiqi və digər şənliklər gözləyir. Axı valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyaclı uşaqlar belə maraqlı tədbirlərdə hər gün iştirak etmirlər. 1 iyun onların günü, bayramı kimi qeyd edilir. Doğrudur, Mərkəzdə onlar üçün müxtəlif əyləncələr təşkil olunur. Ancaq bu gün onları Parkdakı əyləncəli karusellər daha çox maraqlandırırdı.
Mərkəzin direktoru Lətifə Əliyeva bayram münasibətilə uşaqları salamladı və hər bir uşağa hədiyyə təqdim etdi. O elan etdi ki, şənliyimiz Heydər Əliyev adına Parkda davam edəcəkdir. Uşaqlar və valideynləri parka tərəf istiqamət aldılar.Hələ saat 9 deyildi. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi canlanma vardı. Buraya toplaşmış uşaqların çöhrələrində sevinc vardı. Onlar hiss edirdilər ki, qarşıda qeyri-adi bir gün olacaq. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında onları müxtəlif karusellər, oyunlar, həmçinin musiqi və digər şənliklər gözləyir. Axı valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyaclı uşaqlar belə maraqlı tədbirlərdə hər gün iştirak etmirlər. 1 iyun onların günü, bayramı kimi qeyd edilir. Doğrudur, Mərkəzdə onlar üçün müxtəlif əyləncələr təşkil olunur. Ancaq bu gün onları Parkdakı əyləncəli karusellər daha çox maraqlandırırdı.
Mərkəzin direktoru Lətifə Əliyeva bayram münasibətilə uşaqları salamladı və hər bir uşağa hədiyyə təqdim etdi. O elan etdi ki, şənliyimiz Heydər Əliyev adına Parkda davam edəcəkdir. Uşaqlar və valideynləri parka tərəf istiqamət aldılar.
Parkda yaxındakı uşaq bağçalarından gəlmiş xeyli uşaq toplaşmışdı. Burada qızğın idman yarışı gedirdi. Rayon Gənclər və İdman İdarəsinin işçiləri bağça uşaqları arasında ”Şən startlar” yarışı təşkil etmişdilər. Hər bir kiçik idmançının çıxışı tamaşaçılar tərəfindən alqışlanırdı. Dostlarına azarkeşlik edənlərin səs-küyü ətrafı bürümüşdü. Uşaqlar sanki ətraf mühitdən təcrid olunmuş kimi yarışa diqqət kəsilmişdilər. Müsabiqə “Yerindən iki ayaqla tullanma”, “Topla qaçış”, “Qatar formasında maneələrin dəf edilməsi”, “Şarla oyun” mərhələsindən ibarət idi. Gənclər və İdman İdarəsi qaliblərin mükafatlandırılmasını da unutmamışdı. Komandaların çıxışları yekunlaşdırıldı. Şəhər 3 saylı bağça I yeri, İsmayıllı kənd bağçası II, Mican kənd bağçası III, Talıstan kənd bağçası isə IV yeri tutdu. Qaliblərə Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr verildi. Bağçalar diplomlar aldılar. Komandaların üzvləri ilk qələbələrinin sevincini uzun zaman unuda bilməyəcəklər. Kim bilir, bəlkə də boya-başa çatdıqdan sonra bu uşaqlardan birinin, yaxud bir neçəsinin sorağını dünya çempionatlarından, olimpiya oyunlarından alacağıq.
O, gün park axşamdan xeyli keçənədək uşaqlarla dolub-boşaldı. Karusellər isə bütün günü fasiləsiz işlədi. Burada istirahət edənlər üçün lazımi iaşə xidməti də yaradılmışdı. Müxtəlif sular, şirələr, qənnadı məmulatları, çay Parka gələnlərin ixtiyarında idi.
Saat 10-dan sonra parka gələnlərin sayı artmağa başladı. Doğrusu, parkda digər vaxtlarda da istirahət edənlər kifayət qədərdir. Ancaq Uşaqların Beynəlxalq Müdafiə günü gəzintiyə çıxanların sayı daha çox idi. Gələnlərin hərəsi də ürəyincə olan formada istirahət edirdi. Nənələrlə, babalarla, yaxud valideynləri ilə parka gələn uşaqların əksəriyyətini karusellər maraqlandırırdı. Oğlan uşaqlarının əksəriyyəti kiçik avtomobillər sürmək həvəsində idi.
Xüsusi qayğıya ehtiyaclı uşaqlar karusellərdə doyunca əyləndikdən sonra parkdakı Gənclər Mərkəzinin iclas zalına toplaşdılar. Bağçalardan gələnlər də zalda yerlərini tutdular. Balacalar üçün cizgi filmləri nümayiş etdirildi. Onlar yeddi rəngli top və “Tıq-Tıq xanım” haqqında cizgi filmlərinə tamaşa etdilər.
Vaxt öz axarı ilə gedirdi. Ətrafa gül balaların şən gülüş səsləri yayılırdı. Onlar özlərini bu mühitdə xoşbəxt hiss edirdilər.
Parkda ABŞ Xarici İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Azərbaycan Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən “Azərbaycanda səhiyyənin gücləndirilməsi ”AZSHİP” layihəsi çərçivəsində sağlamlıq festivalı təşkil edilmiş tədbirin şahidi olduq. Uşaqlar həmin təşkilatın nümayəndələri ilə görüşüb, burada stolun üstündəki sağlamlığa dair broşura və bukletlərdən götürür, sorğu anketində qeydiyyatdan keçirdilər. Bu tədbirin iştirakçısı olmaq uşaqlar üçün çox maraqlı idi.
Günortadır. Xüsusi qayğıya ehtiyaclı uşaqlar və onların bəzilərinin valideynləri “Gülüstan” şadlıq sarayının kiçik zalına dəvət olunurlar. Burada onlar üçün nahar süfrəsi təşkil edilmişdir. Uşaqlar stol arxasında yerlərini tuturlar. Aparıcı Gülnar Mikayılova uşaqları salamlayır, 1 iyun gününün təsis edilməsi barədə onlara qısa məlumat verir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmişdir. Elə həmin tədbirdə də qadınların təklifi ilə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. O, tarixdən də hər il bu gün bayram kimi qeyd edilir. Tədbirin gedişi zamanı aparıcı uşaqların hüquq və vəzifələri barədə də kiçik vətəndaşlara məlumatlar çatdırırdı.
Mahnı, rəqs bir-birini əvəz edir, uşaqlar sevinc dolu günün necə keçdiyini hiss etmirdilər. Ehtiyaclı uşaqlar da öz istedadlarını nümayiş etdirmək həvəsinə düşdülər. Nicat Əliyevin ifasında “Xatırla məni” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Samirə Məmmədova və Əfsanə Məmmədli də mahnı oxumaq məharətlərini göstərdilər.
Tədbirdə iştirak edən RİH başçısının müavini Əzizə Vahabova belə bir əlamətdar gün münasibətilə uşaqları təbrik etdi, dövlətin onlara göstərdiyi qayğıdan, yaradılan şəraitdən söz açdı.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli də uşaqları bayram münasibətilə salamladı və qeyd etdi ki, builki bayramın təşkilini və xərcini üzərimizə götürdük. Biz həm də uşaqlar üçün əyləncəli oyunlar təşkil etdik. Buradakı hər bir uşaq bizdən hədiyyə payını aldı. Bu gün uşaqlar parkdakı əyləncə qurğularından da pulsuz istifadə etdilər. Xüsusi ehtiyaclı uşaqlara həmişə belə qayğı göstərmişik və gələcəkdə də işimizi bu istiqamətdə quracağıq.
Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva bugünkü şənlik münasibətilə uşaqları təbrik etdi, bu tədbirin həyata keçirilməsində əməyi və zəhməti olanlara təşəkkürünü bildirdi. Gənclər və İdman İdarəsinin əməyini xüsusilə vurğuladı.
Həmin gün valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyaclı uşaqlara bir sıra təşkilatlar da hədiyyələr verdilər. ƏSMM və “Azərsun” firması uşaqlara ərzaq bağlamaları payladı.
Uşaqların şənlənməsi davam edirdi. Hamı yüksək əhval-ruhiyyədə idi. Sonda uşaqlar və qonaqlar əl-ələ tutaraq yallı getdilər. Yaddaqalan, əyləncəli, musiqili və nəğməli bir gün arxada qaldı. Belə bir gün uzun zaman uşaqların yaddaşlarından silinməyəcək.
Ş.Soltanov,
B.Babayev

Şərh Yaz