Yaddas kitabcasi

Azərbaycanın biomüxtəlifliyi

Biomüxtəliflik sadə dildə desək “ Yer üzərindəki bütün canlılar arasındakı fərqlilikdir”. Hazırda Yer kürəsi üzərindəki biomüxtəliflik milyonlarla növ canlıdan ibarətdir ki, bu da təxminən 3,5 milyard illik təkamül prosesinin məhsuludur. Biomüxtəliflik adətən, bioloji sistemlərin sağlamlıq ölçüsü kimi istifadə olunur.
1992-ci ildə Rio de Janeroda “Yer sammiti”ndə Biomüxtəliflik üzrə konvensiya imzalanmışdır. Hazırda bu konvensiya Azərbaycan da daxil olmaqla 187 ölkə tərəfindən ratifikasiya olunmuşdur.
Azərbaycan biomüxtəliflik cəhətdən olduqca zəngin ölkədir. Ölkəmiz 9 müxtəlif iqlim qurşağını özündə birləşdirməklə 7 müxtəlif ekosistem kompleksinə daxildir. Bu ekosistemlərdə Qafqaz regionu üçün endemik olan növlər də daxil olmaqla, bir cox heyvan və bitki növləri var. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəşrlərindəki məlumatlara əsasən Respublikamızın ərazisində 97 növ məməli, 364 növ quş, 52 növ sürünən, 10 növ suda-quruda yaşayan, 98 növ balıq, 1500 növ cücü, 4500 növ bitki, 450 növ kol və ağac qeydə alınmışdır. Təxminən 270 növ bitki yalnız Azərbaycanda bitir.
Biomüxtəlifliyin qorunması bizim üçün həmişə dəyərlidir, önəmlidir. Belə ki, dağ meşələrimiz sel və daşqınların qarşısını alır. Otlar və bitkilər əsrlərdir ki,dərmanların, dadlı mürəbbələrin və çayların hazırlanması üçün, heyvanlar isə qida kimi istifadə olunur. Hazırda bir çox əcnəbi vətəndaşlar təbiətimizin gözəlliyini görmək üçün Azərbaycana turist səfərlərinə gəlir.
Biomüxtəlifliyin davamlı idarə olunması bizim üçün və gələcək nəsillər üçün imkanların qorunub saxlanması deməkdir. Bu bizim təbiətə sevgimizi, məsuliyyət hissimizi və iqtisadi cəhətdən qazancımızı əhatə edir.
Müasir dövrdə gənc nəslin ekoloji təhsili məsələlərinə də xüsusi diqqət yetirilir. Məktəblilərdə ətraf mühitə yeni yanaşmaların, təbii sərvətlərə məsuliyyətli münasibətin, fəal həyat mövqeyinin formalaşmasında təbiətdə keçirilən açıq məşğələlər, sinifdənxaric tədbirlər əhəmiyyətli rol oynayır. Ekoloji məşğələlərdə şagirdlər ümumilikdə planetin, regionun, ölkənin və konkret olaraq yaşadıqları ərazinin ekoloji vəziyyəti haqqında ətraflı biliklər qazanmaqla yanaşı, ətraf mühitin qorunması sahəsində xüsusi bacarıq və vərdişlərə yiyilənirlər.
Meşələr, kollar, otlaqlar biomüxtəlifliyin əsas tərkib hissəsidir.
2005-ci ildə Sankt- Peterburq şəhərində dünyanın 44 ölkəsinin ətraf mühit nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda meşə sektorunun müasir ekoloji problemləri müzakirə olunmuşdur. Avropa komissiyasının iştirakı ilə konfransda yekdilliklə “Avropa İttifaqının qonşuluq siyasəti şərq ölkələrinin və Rusiyanın meşə sektorunda hüquq tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi proqramı” qəbul edilmişdir. Azərbaycan Respublikasının iştirak etdiyi bu proqramda meşələrin qeyri-qanuni qırılmasının qarşısının alınması üçün bir sıra məsələlərin həlli nəzərdə tutulmuşdur.
Beynəlxalq təbiəti mühafizə təşkilatlarından Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Ümumdünya Vəhşi Təbiət Fondu bütün regionlarda meşələrin qorunması proqramında yaxından iştirak edirlər.
2011-ci ilin BMT tərəfindən Beynəlxalq “Meşə ili” və Azərbaycan Respublikası Prezidenti tərəfindən “ Turizim ili” elan edilməsi ilə əlaqədar olaraq meşələrin qorunması, ekoloji turizmin inkişafına xüsusi diqqət yetirilir.
Məktəblərdə “Ekoloji patrul”, Yaşıl patrul”, Mavi patrul”, “Gənc meşəçilər”, “Təbiətin dostları” dəstələrinin təşkili uşaq və yeniyetmələrdə “yaşıl təfəkkürün” formalaşması baxımından əhəmiyyətlidir. Tircan kənd tam orta məktəbindən dağlara tərəf boylandıqda hər tərəf meşəlik və yaşıllıqlardan ibarətdir. Mən bir müəllim kimi çalışıram ki, şagirdlərdə meşələrə maraq, meşəni qorumaq arzusu oyadım. Meşənin flora və faunası, təbii sərvətlərinin davamlı istifadəsi barədə məktəblilərin biliklərinin artırılmasına, ətraf mühitə düzgün münasibət bəsləmələrinə nail olum. Biomüxtəlifliyin qorunması, öyrənilməsi, şagirdlərin ekoloji tərbiyəsi ilə əlaqədar rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi bizə elmi-metodik köməklik göstərir. Mərkəzdə keçirilən seminarlarda bu sahədəki yeniliklərlə tanış oluruq. Biomüxtəlifliyin qorunması gələcəyimiz olan övladlarımızın firavan həyatı, sağlamlığı deməkdir.
Fikirlərimi ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə tamamlayıram. “ Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”.
Gülyanaq Əliyeva,
Tircan kənd tam orta məktəbinin tarix-coğrafiya müəllimi

Şərh Yaz