Yekunlar sevindiricidir

Yekunlar  sevindiricidirMay ayı müxtəlif, yaddaqalan tədbirlərlə zəngindir. Belə tədbirlərdən biri də Gənclər Mərkəzində baş tutmuş “İstedadların ümumrayon toplantısı – 2011-2012” tədbiri oldu. Mərkəzə daxil olanın diqqətini ilk cəlb edən foyedə təşkil edilmiş sərgi idi. Burada nümayiş etdirilən məktəblilərin əl işlərinin mövzusu da müxtəlif idi. 20 Yanvara həsr edilmiş stend, təbiət mənzərələri, nağıl qəhrəmanlarının portretləri, gildən düzəldilmiş müxtəlif fiqurlar və sair diqqəti cəlb edirdi.
Rayonun müxtəlif kəndlərindən gəlmiş şagirdlər, müəllimlər, ictimaiyyətin nümayəndələri yerlərini tutdu və tədbir başlandı. Aparıcı Rayon Təhsil Şöbəsinin son dövrlərdə əldə etdiyi uğurlardan məlumat verdi və toplantının məqsədini açıqladı. Aparıcı təbrik üçün sözü RİH başçısının müavini Əzizə Vahabovaya verdi. Ə.Vahabova RİH başçısı Nizami Ələkbərovun adından tədbirə toplaşmış şagirdləri, müəllimləri salamladı, onlara yeni-yeni uğurlar arzuladı, istedadlı gənclərə dövlət tərəfindən göstərilən qayğıdan söz açdı.
Sonra RTŞ-nin müdiri Rasim Orucov təhsil işçilərini salamladıqdan sonra tədbirə təşrif buyurmuş qonaqları təqdim etdi. O, qazanılan nailiyyətlərdən danışdı, bu işdə əməyi olanlara təşəkkürünü bildirdi.. Qaliblərin təltifi başlandı. Qaliblər isə çox idi: bunlar fənn olimpiadalarının respublika turunun, respublika inşa yazı müsabiqələrinin qalibləri, idmanda yüksək yerlər tutanlar idilər. İnşa yazılar ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü, M.Ə.Sabir-150, “Vergi uşaqların gözü ilə”, “Azərpoçt”un fəaliyyəti mövzularında idi.
RTŞ Həmkarlar Komitəsinin qiymətli hədiyyələrini və diplomlarını Ə.Vahabova və R.Orucov qaliblərə təqdim etdi. Qaliblər bir daha təbrik olundu. “Azərpoçt”un xətti ilə keçirilən inşa yazı qaliblərinə mükafatları rayon filialının əməliyyat üzrə baş mühəndisi Günay Osmanova təqdim etdi.
“Vergilər uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibi olan şagirdlər də hədiyyəsiz qalmadılar. Onlara hədiyyələri Vergilər Nazirliyi 10 saylı Ərazi Şöbəsinin rəisi İntiqam Hidayətzadə təqdim etdi.
Toplantının bədii hissəsi də maraqlı keçdi. Məktəblərdə fəaliyyət göstərən “Natəvan” qızlar klublarının zona qalibləri – şəhər 3 saylı, Cülyan, Mican, Aşıqbayramlı, Ruşan və Hacıhətəmli kənd tam orta məktəblərinin komandaları öz duzlu-məzəli mahnıları, səhnəcikləri ilə tamaşaçıların alqışlarını qazandılar. Diyallı kənd tam orta məktəbinin ikinci sinif şagirdi İsmayıl Şıxlının söylədiyi “Sevin, Azərbaycanı” şeiri gurultulu alqışlarla qarşılandı.
Uşaq Yaradıcılıq Mərkəzinin məktəblilərdən ibarət “Fidan” xalq çalğı alətləri ansamblı və onun bədii rəhbəri Teymur Manafovun əməyini xüsusi qeyd etmək lazımdır. Tədbir İsmayıllı kənd tam orta məktəbinin xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşdı. Beləliklə, neçə ay davam edən yarışlara yekun vuruldu və qaliblər mükafatlarını aldılar.
B.Babayev

Şərh Yaz