Dəyirmi masa
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti bioloji müxtəlifliyin qorunması sahəsində birgə ekoloji maarifləndirmə layihəsini həyata keçirirlər. İsmayıllı rayonunun məktəblərində də bu layihə çərçivəsində ikinci ildir ki, ekoloji tədbirlərə start verilmişdir. Bununla əlaqədar 22 may Biomüxtəliflik günündə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində dəyirmi masa keçirilmişdir. Dəyirmi masa iştirakçılarından RTŞ-nin aparıcı məsləhətçisi Nadir Məmmədov, İvanovka kənd tam orta məktəbinin kimya-biologiya müəllimi İnqilab Əliyev, Diyallı kənd tam orta məktəbinin biologiya-coğrafiya müəllimi Sürmə Fərzəliyeva, Təzəkənd tam orta məktəbinin kimya-biologiya müəllimi Davud Nəbiyev, Bizlan kənd ümumi orta məktəbinin biologiya müəllimi Etibar Nurməmmədov, İsmayıllı kənd tam orta məktəbinin biologiya-coğrafiya müəllimləri Pərvanə Abbasova və Mahirə Məmmədova qeyd etdilər ki, canlılar aləminin qorunmasında bütün ictimaiyyətin köməyinə ehtiyac duyulur və bu işin mütəmadi aparılması vacibdir.
Mican kənd tam orta məktəbinin direktoru, fəlsəfə elmləri doktoru Etibar Abdulov, şəhər 5 saylı tam orta məktəbinin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Elvüsal Babayev, şəhər 2 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Rəna Həsənova, rayon ET və TM-nin direktoru Yaşar Nuriyev, dərnək rəhbəri Zümrüd Mirzəli çıxış edərək Biomüxtəlifliyin, yəni bütün canlılar aləminin qorunmasında məktəblilərin rolu, məktəblilərin və əhalinin ekoloji maarifləndirilməsinin təşkili yollarından danışaraq, bununla əlaqədar təklif və rəylərini bildirdilər.
Qeyd olundu ki, 1992-ci ildə Rio de Janeroda “Yer sammiti”ndə Biomüxtəliflik üzrə konvensiya imzalanmışdır. Hazırda bu konvensiya Azərbaycan da daxil olmaqla 187 ölkə tərəfindən ratifikasiya olunmuşdur. Deməli, bizim hər birimiz Biomüxtəlifliyin qorunması, ondan davamlı istifadə olunması üçün məsuliyyət daşıyırıq, bu işdə hamılıqla fəal iştirak etməliyik.
Dəyirmi masanın sonunda əhalinin ekoloji dünyagörüşünün formalaşmasında və məktəblilərin ekoloji tərbiyəsində fəal iştirak edən bir qrup iştirakçıya Diplomlar təqdim edildi.
Eminə Orucova,
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.