Ekoloji bilik yarışı

“Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair verdiyi sərəncam və qərarlardan irəli gələn vəzifələri həyata keçirmək üçün məktəblilər arasında ekoloji maarifləndirmə işlərini daha da gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirirlər
“Su həyatdır” Respublika məktəblilərinin içməli suya qənaət və “Yaşıl Azərbaycan” Respublika məktəblilərinin yaşıllaşdırma aylıqlarına həsr edilmiş “Ekobreyn-Rinq” bilik yarışlarının məktəblərdə keçirilməsi ekoloji təhsilin inkişafı, gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi sahəsində önəmli tədbirlərdəndir.
Bu günlərdə İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbində VIII-XI sinif şagirdlərindən ibarət komandalar arasında “Ekobreyn-Rinq” bilik yarışı keçirildi. Yarışa start verilməzdən əvvəl rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev bilik yarışı iştirakçılarına 2011-ci ilin BMT tərəfindən “Beynəlxalq meşə ili” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Turizm ili “elan edilməsini xatırladaraq qeyd etdi ki, bu sərəncamlar Azərbaycanın zəngin təbii ehtiyatlara malik meşələrinin qorunması, təbiət abidələrinin tanıdılması məqsədi ilə ekoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Müasir dövrdə planetin “yaşıl ciyərləri” adlandırılan meşələrin ekoloji vəziyyəti dünya ölkələrini birləşdirməyə yönəldilmiş qlobal miqyaslı layihələrin həyata keçirilməsi tələb olunur.
Məktəbdə “Ekobreyn-Rinq” yarışı böyük ruh yüksəkliyi şəraitində başa çatdı. Məktəbin “Torpaq” komandası birinci yerə layiq görüldü və qalib komandanın üzvləri Leyla Talıbzadə, Bahar Əsədova, Ülviyyə Muradlı, Afaq Sabirli, Aygün Quluzadə rayon ET və TM tərəfindən Fəxri fərmanlarla təltif edildilər.
Məktəbin direktoru Ramil Dadaşov qalibləri təbrik etdi və belə tədbirlərin səmərəli olduğunu qeyd edərək tədbiri ulu öndər Heydər Əliyevin “Bir ağacı böyütmək, övlad böyütmək qədər çətindir” sözləri, ümummilli liderin vətənə məhəbbəti, təbiətə qayğıkeş münasibəti bizim hamımız üçün örnəkdir fikri ilə yekunlaşdırdı.
“Ekobreyn-Rinq” bilik yarışının iştirakçılarına Azərbaycan təbiəti DVD diski nümayiş etdirildi .
Xatirə Orucova,
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbinin müəllimi

Şərh Yaz