Yetirmələri ilə fəxr edən müəllim

Tanrının ona ilk hədiyyəsi böyük Azərbaycan şairi Səməd Vurğunun ilhamla qələmə aldığı “Talıstan” poemasındakı dilbər guşə olan Talıstan kəndində dünyaya göz açması oldu.
1952-ci ilin may ayında bu kənddə, mayası halallıqla yoğrulmuş, zəhmətkeş, saf mənəviyyatlı, sadə bir ailədə doğulan Zinhar Ədalət oğlu Məmmədov pedaqoji fikrin günü-gündən sürətlə təşəkkül tapdığı bir yerdə böyüdü, yetişdi və püxtələşdi. Nağıllarda olduğu kimi, ailədə yeddi övlad üç bacı, dörd qardaş idilər. Görünür, buna görə də yeddi rəqəmi həftənin yeddi günü, işığın yeddi ahəngi, “göyün yeddi qatı” kristalların yeddi sistemi kimi onun həyatına daxil oldu. Həyatında baş verən bir sıra hadisələr yeddi rəqəmi ilə bağlı oldu. Yeddi nəfərin ən böyüyü o idi. Atası Ədalət kişinin, anası Nahidə xanımın ən çox sevdikləri, əzizlədikləri ailənin ilki Zinhar idi.
Azərbaycana böyük şəxsiyyətlər verən Talıstanın havasından udub suyundan içərək böyüdü. İlk təhsilini də bu kənddə aldı. Uşaqkən xəlvəti şeirlər də yazmağa başladı. Tanıyanlar əsil söz-sənət bulağından bəhrələnən gənc Zinharın ədəbiyyatçı olacağını düşünürdü. Elə belə də oldu.
Altmış illik ömrünün yarısını müəllimlik peşəsinə bağlayaraq gənc nəslin təlim-tərbiyəsinə həsr etdi.
1969-cu ildə E.Bayramov adına Talıstan kənd tam orta məktəbini bitirərək, həmin il Bakı Neft texnikumuna daxil oldu, 1972-ci ildə oranı əla qiymətlərlə bitirdi. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində neft sahəsində çalışdı. 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olub, 1981-ci ildə fakültəni əla qiymətlərlə bitirdi. Zinhar Məmmədov nəinki fakültənin, eyni zamanda institutun ictimai-siyasi həyatında həmişə fəallıq göstərmiş, tələbə elmi cəmiyyətində və həmkarlar təşkilatında ictimai vəzifələr icra etmişdir. Təhsilini başa vurduqdan sonra təyinatla işləmək üçün doğma kəndi Talıstana göndərilən Zinhar Məmmədov gələcəyini birdəfəlik bu kəndlə bağladı, ömür gün yoldaşı Reyhan İmam qızı Hacıyevanı da bu kənd qızlarından seçdi. O da ixtisasca dil-ədəbiyyat müəllimidir. Onunla çiyin-çiyinə bir yerdə çalışır.
Zinhar Məmmədov dərs dediyi şagirdlərə doğma dilimizi dərindən öyrətmək, ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılığına məhəbbət hissi aşılamaq üçün tədris prosesində ən müasir təlim metodlarından istifadə edir.
O, şagirdlərin təlim-tərbiyəsi ilə əlaqədar qarşıya çıxan problemlərin həllində valideynlərin əməyindən düzgün istifadə edə bilir. Həmçinin, şagirdlərin hər birinə fərdi yanaşmağa xüsusi diqqət yetirir və çalışır ki, dərsdə fəal iştirak etməyən şagird olmasın. Zinhar müəllim şagirdlərin biliyinin qiymətləndirilməsinə xüsusi tələbkarlıqla yanaşır. Çalışır ki, bu zaman ədalətlilik prinsipi gözlənilsin, şagirdlərin hüquqları pozulmasın.
O, yaxşı pedaqoq, zəhmətkeş insan olmaqla yanaşı, həm də kamil xarakterə malik bir şəxsiyyətdir. Zinhar müəllim işlədiyi kollektivdə xüsusi nüfuz sahibidir və yaxşı mənada ictimai rəy yarada bilən insanlardan biri kimi həmişə seçilib.
Vaxtı ilə dərs dediyi şagirdləri Zinhar Məmmədovu heç vaxt unutmur, onlar tutduqları vəzifələrdən asılı olmayaraq, öz müəllimləri ilə böyük məhəbbətlə görüşürlər. Hətta Azərbaycandan kənarda olsalar belə, öz sevimli müəllimləri ilə telefonla əlaqə saxlayır, onun fəaliyyəti ilə daim maraqlanırlar.
Bəli, təcrübəli pedaqoq Zinhar Məmmədov buna görə də hər yerdə öz yetirmələri ilə fəxr edir və şərəfli müəllimlik işini uğurla davam etdirir. Zinhar müəllim iki övlad atasıdır. Oğlu Ziya ata-anasının şərəflə seçdikləri müəllim peşəsinin davamçısıdır. O, İsmayıllı rayonu, Xankəndi kənd tam orta məktəbin direktorudur. Haqqında xoş sözlər söylənilir. Kollektivə rəhbərliyi yüksəkdir. İlkin oğlu sürücüdür.
Zinhar müəllim tərbiyə işləri üzrə direktor müavinidir. Rəhbərlik etdiyi məktəb 2008-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Hər mənalı insan ömrü bir salnamədir. Bu baxımdan 60-cı baharına qədəm qoyan Zinhar müəllimin həyatı bütün cəhətləri ilə aydın, şəffaf, saf və durudur. Ömrünün bu müdrik çağında ona can sağlığı, rahat ailə xoşbəxtliyi və yeni-yeni uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov

Şərh Yaz