Yanlış adlar

(Əvvəli ötən saylarımızda)
Su donuzu – kiçik gəmirici. Bu, ən qəribə adlardan biridir. Su donuzu nəinki donuz deyil, heç su mühiti ilə də əlaqəli deyil. Hətta ömrü boyu su da içmir. Suya düşdükdə ölür.
Sualtı qayıq – nəhənğ sualtı gəmi. Bəzilərinin uzunluğu 200 metrdən artıq olur. Ekipajı 300 və daha çox adamdan ibarətdir. Güc qurğuları atom enerjisi ilə işləyir. Əsasən hərbi məqsədlərlə yaradılır. Bir müasir sualtı strateji qayıq II Dünya müharibəsindəkinə bərabər məhvedici potensiala malikdir. Belə bir qayığa çəkilən xərc hesabına 16 milyon uşağı bir il yedirmək olar. İlk sualtı qayıqlar öz adlarına layiq idilər. Məsələn, XVII əsrdə hollandiyalı Korneli van Drebbelin, 1776-cı ildə fransız Buşnellin düzəltdiyi qayıqlar, doğrudan da, qayıq boyda idilər. Hətta R.Fultonun 1880-ci ildə tikdiyi “Nautilus”un ekipajı cəmi 3 nəfərdən ibarət idi. İlk sualtı qayıqların pərini ekipaj əllə fırladırdı.
Şehçiçəyi – yırtıcı bitkilərdən biri. Yarpaqlarının üstü iynəciklərlə doludur. Onların üstündə yapışqanlı şirə damlaları əmələ gəlir. Şirəni yemək istəyən həşəratlar ona yapışıb qalır. Onlar tədricən şirənin təsirilə əriyib tükcüklər tərəfindən həzm olunurlar. Şirə (bunu səhvən şeh damlası hesab ediblər) hətta sümük parçasını və diş minasını da əridə bilir.
Şokolad – XV əsrin əvvəllərində Meksikanı ələ keçirən F.Kortes meksikalıların sevimli içkisinin – “cokoatl”ın dadına baxan ilk avropalı oldu. O, bu içkini Köhnə dünyaya da gətirdi. Cokoatl astek dilində acı su deməkdir. Bu içki kakaxuatl adlı ağacın meyvəsindən hazırlanırdı. Avropada cokoatl “şokolad”a, kakaxuatl isə “kakao”ya çevrildi. Şokolad ağacının hündürlüyü 8 metrə çatır. Tropik meşələrdə bitən bu ağacın meyvəsi budaqda yox, gövdənin özündə yetişir.
Tank – zirehli döyüş texnikası. Ona qəsdən uydurma ad verilib. ingilislər I Dünya müharibəsi zamanı icad etdikləri zirehli hərb maşınını gözlənilmədən tətbiq etmək üçün alman casuslarının diqqətini yayındırmaq istəmiş, üstünə iri hərflərlə “tank”, yəni çən, rezervuar yazmışlar. Almanlar bu kələyə aldanmış və onlara heç bir diqqət yetirməmişlər. Nə olsun ki, cəndir də!
1916-cı ilin iyul-noyabr aylarında baş vermiş Somma çayı sahilindəki məşhur vuruşmada ingilislər tarixdə ilk dəfə olaraq tanklardan alman ordusuna qarşı istifadə etdilər. Bu, 15 sentyabrda baş verdi. Ancaq tankların tətbiqi döyüşlərin nəticəsinə əhəmiyyətli təsir göstərmədi.
Təkbuynuz – delfinlər fəsiləsindən olan narval adlı dəniz məməlisi. Əslində onun buynuzu yoxdur. Narvalın üst çənəsində iki dişi var. Sağ diş adətən inkişaf etmir. Sol diş isə erkəklərdə spiral şəklində 3 metrədək uzanır və bədən uzunluğunun (6 metr) yarısına bərabər olur. Bu diş hələ də ənənə üzrə buynuz adlanır.
Tragediya – dramatik növün üç əsas janrından biri, faciə. Əsasında müəyyən qüvvələrin ölüm-dirim mübarizəsi durur. Qədim yunanların üzümçülük və münbitlik allahı Dionisin şərəfinə keçirdiyi mərasimlərdən biri əsasında yaranıb. Ölən Dionisin şərəfinə keçi qurbanları kəsir və onların dərilərinə bürünərək qəmli nəğmələr oxuyurdular. Bunlar traqos oda, yəni keçi nəğmələri adlanırdı. Zaman keçdikcə həmin mərasimlər süjetli formalar almış və tədricən müstəqil ədəbi janra çevrilmişdir. E. ə. V əsrdə Esxil, Evripid və Sofokl tragediyanın formalaşmasında böyük rol oynamış və onun klassik nümunələrini yaratmışlar. 2500 illik inkişafı dövründə tragediya forma və məzmunca tamamilə dəyişmişdir.
Uçan balıq – sarqanabənzərlər dəstəsindən balıq fəsiləsi. Okeanların tropik və subtropik sularında yaşayır. Uzunluğu 45 sm-dək olur. Yırtıcı balıqların təqibindən qurtarmaq üçün sürət götürərək havaya sıçrayır və 10 metr hündürlükdə 100 metrdən çox süzür. Bu, uçma deyil, məhz süzmədir. Bu işdə uzun və enli döş üzgəcləri ona kömək edir.
Uçan boşqab – yadplanetlilərin kosmik gəmisi. Guya onlar boşqabşəkilli gəmiləri ilə gəlib Yerdə sivilizasiyanın inkişafını müşahidə edirlər. Boşqabşəkilli obyektlər havada qədimlərdən bəri müşahidə edilsə də, “boşqab epidemiyası” 1947-ci ildən başlanıb. Bir Amerika biznesmeni öz şəxsi təyyarəsi ilə Maunt-Reynir dağı ətrafında uçarkən boşqababənzər şeylərin 5 mil uzunluğunda zəncirvari düzümdə uçuşunu müşahidə etdi. Bundan sonra dünyanı “boşqab hay-küyü” bürüdü. Hər il minlərlə şahid meydana çıxdı. Sirli cisimlər əvvəlcə DUO (dərk olunmamış uçan obyekt) adlandırıldı və onlara nisbətən sadə izahlar verildi: meteoroloji kürə, ucada uçan təyyarə, meteor, kağız ilan, küləyin qaldırdığı qəzet və parlaq əşyalar, təyyarə izi, kürəşəkilli ildırım, hava şarı, rusların casus cihazları (bəs niyə amerikalıların yox?) və s. Doğrudan da, naməlum uçan obyektlərin əksəriyyəti elə bunlardan ibarətdir.
Kosmik dövrün başlanması “boşqabların” yadplanetlilərin gəmiləri ilə əlaqələndirilməsinə səbəb oldu. Ancaq bunlarla bağlı on minlərlə məlumat sensasiya həvəskarı olan jurnalist və “şahidlərin” nağıllarından başqa bir şey deyil. Yerə kosmik ekspedisiya göndərə bilən yad sivilizasiyalar elmi-texniki cəhətdən bizdən hədsiz dərəcədə yüksək olmalıdır. Bəs niyə onlar əsil alimlərlə yox, ancaq sadə adamlarla, əsasən də avam və cahillərlə əlaqə yaradırlar? Bu, o qədər gülüncdür ki, heç gülməyə də dəyməz.
A.Monin və Q.Branblet “boşqabın” sirrini açmışlar. Onların elmi cəhətdən tam əsaslandırılmış nəzəriyyələri belədir: planetimizin su və hava örtüyü laylı mühitdir və fasiləsiz hərəkətdədir. Hava kütləsinin içində güclü xaotikləşmiş və kəskin məhdudlaşmış diskvari forma oblastları var. Yuxarıdan düşən tozların sürəti həmin oblastdakı xaotik hərəkətin pulsasiya sürətindən az olanda onlar bu görünməz “boşqabın” içinə düşür və orada qalırlar. Tozlar çox yığıldıqca hava diski öz şəffaflığını itirir və gözlə görünən olur. Deməli, “uçan boşqab” mahiyyətcə hava içində havadır. Tələyə düşən tozcuqların kütləsi yox dərəcəsində olduğu üçün hətta meh də ona böyük sürət verə bilir. “Boşqab” dayanaqlığını itirərkən tozcuqlar dağılır. Belə təsəvvür yaranır ki, o, ani vaxtda işıq sürətindən böyük sürət alaraq qeyb olur.
“Uçan boşqabları” başqa dünyaların kosmik gəmiləri saymaq həvəskarlarına elə bircə faktı xatırlatmaq da bəs olar: bir xarici müəllif “yadplanetlilərlə” saysız görüşlərinə aid 8 kitab yazmış, xeyli şöhrət və pul qazanmışdır. Ancaq o, ölümqabağı etiraf etmişdir ki, bunların hamısını pul və məşhurluq xatirinə uydurmuşdur.
Uçan ilan – havada süzə bilən bir neçə ilan növünün ümumi adı. Uçan ilanlara Madaqaskar adalarında rast gəlinir. Ox ilan, sarıqarın, kələz ilan, təlxə və s. budaqdan budağa, ağacdan ağaca sıçrayır, yaxud sürətlə süzür. Əvvəllər bunu uçmaq kimi başa düşüblər. Həqiqətdə isə heç bir ilan uça bilməz.
Uçan kərtənkələ – drakon cinsinə aid 15 növ kərtənkələnin müştərək adı. Bu kərtənkələlər Cənubi- Şərqi Asiya, Çin, Hindi-Çin, Filippin və Kiçik Zond adalarında yaşayır. Uzunluğu 25-40 sm olur. Uçan drakonun bədəninin yan tərəflərində dəri büküşləri var. Onların içərisindən hər tərəfdən 5-7 sümük şüa (qabırğalar) çıxır. Uçan kərtənkələ ağac həyat tərzi keçirir. Bir ağacdan digərinə tullanarkən dəri büküşləri açır. Bu, ona havada 30 metrə qədər süzməyə imkan verir.
Uçan sincab – gəmirici növü. Adi sincablardan fərqli olaraq, ön və arxa ətrafları dəri pərdə ilə birləşib. Bu pərdə onların ağacdan sıçrayaraq havada süzməsinə kömək edir. Uçan sincabların bədəni 60, quyruğu 40 sm-ə çatır. Mülayim və tropik meşələrdə yaşayır.
Uçan tülkü – iriqanadlılar dəstəsindən əliqanadlı məməlilər cinsi. Uçan it də deyilir. İri olur. Quyruğu yoxdur. Bəzilərinin qanadı açılmış halda 1,4 m-ə çatır. Başları tülkü və it başına bənzəyir. Ətləri yeyilir
(Ardı var)
Oqtay İsmayıllı

Şərh Yaz