Hər bir sənət yaxşıdır

Orta məktəbi bitirən gənclərin əksəriyyəti peşə seçmək məqamı gələndə çətin suallar qarşısında qalır: hara getməli, hansı peşəni seçməli? Doğrudur, elələri də olur ki, peşəsini hələ orta məktəbdə təhsil alarkən seçir. Gənclər bəzən ailə ənənələrini davam etdirir, həmin istiqamətdə peşələrə yiyələnirlər. Ailə ənənələrindən uzaq peşə seçənlər də az olmur. Bütün hallarda peşəni sevib seçməlisən. Əks təqdirdə, yarı yolda peşəni dəyişməli olursan, yaxud ömrünün sonunadək ürəyincə olmayan bir işin dalısınca getmək məcburiyyətində qalırsan. Atalar demişkən: “Sonrakı peşmançılıq fayda vermir.”Hər bir sənət yaxşıdırSon illər ali təhsil dalısınca qaçanların sayı çoxalıb. Bu çox yaxşı haldır, biliyi olan ali məktəbə daxil olur. Ancaq eləsi də olur ki, “düşmən məni alverdə görsün” prinsipi ilə ali məktəbə sənəd verir. Sonra məlum olur ki, biliyi texnikum səviyyəsində də deyil. Valideynləri onu bu işə məcbur ediblərmiş. Bu da bir səhvdir. Bəlkə həmin adam bacarıqlı bir dülgər, çilingər, bənna, rəngsaz, dərzi, saç düzümü ustası və s. sənət sahibi olacaqdı. Sənət seçməkdə valideynlə birlikdə məktəblər də çox iş görə bilər və görməlidirlər. Hər kəs sevdiyi, seçdiyi sənətə ürəkdən bağlanmalı, ona hərtərəfli yiyələnməlidir. İşinin əsil ustası olmaq lazımdır.Hər bir sənət yaxşıdırKamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
– demişdir böyük Nizami. Bizə – cəmiyyətə alim də, həkim də, mühəndis də lazımdır, işinin əsil ustası olan sənətkarlar da.
Peşə seçmək kimi çətin suala cavab tapmaqda məktəb və müəllimlər, dövlət təşkilatları – məşğulluq mərkəzləri, peşə təlimi mərkəzləri, həmçinin digər təşkilatlar gənclərə yaxından köməklik göstərə bilərlər. Bu məqsədlə də İsmayıllı Peşə Tədris Mərkəzində rayonun bəzi məktəblərinin yuxarı sinif şagirdləri, bəzi məktəb direktorları, müəllimlər, RTŞ-nin və icra hakimiyyətinin nümayəndələri bir araya toplaşmışdılar. Bu konfransa sahibkarlıqla məşğul olanların qatılması da müsbət hal kimi qiymətləndirilməlidir. “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfrans olmuşdur. Konfransı İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov açaraq görülmüş tədbirlərdən danışdı. Peşəyə marağı artırmaq məqsədilə gördükləri işlərdən bəhs edərkən vurğuladı ki, bu gün həyata keçirdiyimiz konfrans şagirdlərə yaxşıca məsləhətçi olacaqdır.
Çıxış edənlərin hamısı peşə seçiminin müxtəlif üstünlüklərindən imkanlardan, tədrisin müasirliyindən söhbət açdılar. Əsas məqsəd ən yaxşı, işinin əsil ustası olan kadrların yetişdirilməsidir.Hər bir sənət yaxşıdırKonfransda rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Namiq Ağayev, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Şövqi Əhmədov, rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi, həmkarlar təşkilatı rayon komitəsinin sədri Lətif Quliyev, şəhər 1 saylı tam orta məktəbin şagirdi Solmaz Rəhimova, şəhər 3 saylı tam orta məktəbin müəllimi Cavid Bağırlı, şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov çıxış edərək rəy və təkliflərini bildirdilər.
Tədbirdə iştirak edən iş adamı – sahibkar Hacı Ruhiyyə Süleymanovanın çıxışı xüsusi maraqla qarşılandı. O, unudulmaqda olan bəzi sənətlərin dirçəldilməsi məsələsini qabartdı. Gəncləri bu sahəyə diqqət yetirməyə çağırdı. Hacı xanımın toxunduğu digər bir məsələ də maraqlı idi. O, vurğuladı ki, rayonda turizm genişlənir, inkişaf edir. Ancaq rayon mərkəzində əl işlərindən ibarət suvenirlər satan mağaza yoxdur. Bəs, onda gələn xarici qonağa nə təklif edək. Bu, həm xırda biznesdir, gəlir yeridir. Qədim sənətkarlar yurdu sayılan rayon üçün ciddi nöqsandır.
Rayon Məşğulluq Mərkəzinin işçisi Qadir Abduləzizov çıxışını gənclərin seçə biləcək peşələrə həsr etdi. Mərkəzə müraciət edənlər buradan lazımi məsləhət və kömək ala bilərlər. RTŞ-nin metodisti Cavanşir Həsənov bu sahədəki problemlərə toxundu. RİH-in məsul işçisi Ağaəhməd Əhmədov çıxış edərək gənclərə bu sahədə uğurlar arzuladı.
B.Babayev

Şərh Yaz