Yaddas kitabcasi

Hamının marağına səbəb oldu

Böyük satirikin anadan olmasının 150 illiyinə hazırlaşdığımız son vaxtlar məktəblərdə həyata keçirilən tədbirlərin sayı da artır. Sabir elə bir şairdir ki, özünün dediyi kimi illər keçsə də yenə “məramı dünyada duracaq”. Şəhər 3 saylı tam orta məktəb də şairin yubileyinə həsr edilmiş tədbir keçirmişdir.
Tədbirə RTŞ-dən, məktəbin şagirdləri, müəllimləri, həmçinin yaxın məktəblərdən qonaqlar – direktorlar, məktəb kitabxanaçıları və başqaları dəvət edilmişdilər. Məktəbin iclas zalının səhnəsinə lazımi tərtibat verilmiş, texniki vasitələr qoyulmuşdu. Tədbir boyu şairin tərcümeyi-halından, şeirlərindən beytlər slaydlar vasitəsilə tamaşaçılara çatdırılmışdır.
Aparıcı məktəblilər tədbir boyu yubileyin qeyd olunması barədə prezidentin sərəncamından, şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdilər. Sonra səhnə şagirdlərin ixtiyarına verildi. Şagirdlərin ifasında Sabirin satirik və məktəb mövzusunda olan şeirləri səsləndi. Bəzi satiraları səhnələşdirilmiş formada tamaşaçılara çatdırıldı. Hiss olunurdu ki, şagirdlər tədbirə cani-dildən hazırlaşmış və bu işə xeyli vaxt, əmək sərf etmişlər. Onların bu əməyi tamaşaçı alqışları ilə mükafatlandırıldı.
Yubiley tədbirinin keçirilməsində, ərsəyə gəlməsində əsas ağırlıq məktəbin dil-ədəbiyyat müəllimi Aidə Abbasova və kitabxanaçısı Zemfira Rəhimovanın çiyinlərinə düşmüşdür. Onların bu əməyi xüsusi qeyd edildi.
Tədbir başa çatdı, tamaşaçılar vaxtın nə cür ötüb-keçdiyini hiss etmədilər. Məclisi yekunlaşdırmaq üçün söz məktəbin direktoru Əhmədağa Ələkbərova verildi. O, qonaqları və tədbir iştirakçılarını salamladı, bu işdə zəhməti olanlara təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov, RTŞ-nin metodisti Sabir İsmayılov, tədbirin qonağı şəhər 1 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov çıxış edərək tədbir haqqında öz rəy və təkliflərini bildirdilər.
Şairin yaradıcılığına həsr edilmiş viktorina da maraqla qarşılandı, qaliblərə hədiyyələr təqdim olundu. Aidə müəlliməyə RTŞ-nin və həmkarlar ittifaqı rayon komitəsinin Fəxri fərmanı verildi. Sonda Aidə müəllimə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz