O bizim müasirimizdir

O bizim müasirimizdirAzərbaycan ədəbiyyatında yeni tipli satiranın, yəni tipi öz dili ifşa edən, monoloq satiranın banisi M.Ə. Sabir özündən sonra böyük bir ədəbi məktəb qoyub getmişdir. Əgər ictimai satiranı ədəbiyyatımıza Q.B.Zakir gətirmişdisə, bu M.B.Nadim, S.Ə.Şirvani yaradıcılığında davam edərək Sabirin simasında özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdır. O, ədəbiyyatımızda bəhri-təvil, sual-cavab, satirik marş, qırmanc, taziyanə janrlarının yaradıcısıdır. Həm lirik, həm də epik şeirləri vardır. Həm nəzm, həm də nəsrlə əsərlər qələmə almışdır.
Klassik üslubda yazdığı şeirlərdə müəllimi S.Ə.Şirvaninin təsiri duyulur.
O, fəxriyyə janrını XX əsrdə dirçəldərək ona yeni məzmun vermişdir. Sələflərindən fərqli olaraq, özünün tərifini deyil, xalqımızın, Vətənimizin, onun dəyərli övladlarının tərifini vermişdir. H.B.Zərdabiyə, Hacı Məcid Əfəndiyə həsr etdiyi fəxriyyələrində bunu görmək olar.
Uşaq şeirlərində isə o da müəllimi kimi xalqı, onun övladlarını məktəbə, elmə, tərbiyəyə çağırmış:”Ey gözüm, ey canım, get məktəbə cavanım” demişdir. Sabirin az sayda təmsilləri və mənzum hekayələri də vardır. O bu əsərlərində ibrətamiz nəsihətlər verir.
Sabirə şöhrət gətirən, onu şərq aləmində tanıdan həyatın müxtəlif sahələrinə işıq saçan satiralarıdır. Cəmiyyət onun bu satiralarının işığında təmizlənmiş, yuyulmuşdur. Özünün dediyi kimi, bişirdiyi sabunlar insanların “zahiri çirkini”, dərin məzmunlu satiraları isə “daxili kirini” təmizləyirdi.
Sabirin şeir bayrağında “Sülh”, ”Azadlıq”, “Bərabərlik” sözləri böyük hərflərlə yazılırdı.
Satiralarının əsas mövzuları savadsızlığın tənqidi, elmin, məktəbin, maarifin təbliği, qadın hüquqsuzluğu, fəhlə-kapitalist, kəndli-mülkədar ziddiyyətlərinin ictimai-siyasi kökləri, İran, Türkiyə inqilabı, Çar Rusiyasının müstəmləkəçilik siyasətinin ifşası idi.
Başı bəlalı müsəlmanlar arasında sünni-şiə ayrı seçkiliyi salanlara “A şirvanlılar” satirası ilə tutarlı cavab vermiş,
Yox yeni bir dinə yəqinim mənim
Köhnə müsəlmanam, a şirvanlılar! –
Söyləmişdir.
“Ürəfa marşı”, “Kim nə deyər bizdə olan qeyrətə”, “Amalımız, əfkarımız ifnay – vətəndir” satiralarında vətən, millət qeyrəti çəkməyən, boşboğazlıq edən, düşmən sevindirən, əttökən dırnaqarası “ziyalılarımızdan” yana-yana danışır:
Aşiqik ancaq quru boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə? –
deyirdi.
Bu çərxi dönmüşlər bir az da həyasızlaşaraq:
Çünki müsəlmanca qonuşmaq mana
Eyibdir, öz eybimizi anlarıq
Ay bərəkallah, nə gözəl canlarıq.-
Deyərək dilimizi də bəyənmirdilər. Bunları Sabir “intelligent”, C.Cabbarlı isə “itilget” adlandıraraq ifşa edirdi.
Sevimli şairimiz M. Şəhriyar Sabir istedadına heyran olmuş, onun “Cocuq” şeirinə “Yetim” şeirini cavab olaraq yazmışdır: “Fars şairləri çox sözü bizdən aparmış, Sabir kimi bir süfrəli şair paxıl olmaz”-söyləmişdir.
M.Ə.Sabir İranın ovaxtkı problemlərini gördüyü kimi, sanki bu gününü də təsəvvür edirdi. ”İran ölmüşdür”, “Səbəb boynuyoğun oldu”, “Nədir, ayə, yenə üsyanları iranlıların”, “Satıram”, ”Doğrudan da, Məmdəli, qeyrət halal olsun sənə”, “Müxbirüssəltənəyə” və sair şeirləri Cənubi Azərbaycan mövzusundadır.
A.Səhhət yazırdı ki, Sabirin satiraları İran inqilabına bir ordudan artıq xidmət etmişdi. “Səttar xana” müsəddəsi bunun ən gözəl nümunəsidir.
Şairin bəzi arzuları müasir dövrdə reallaşdı. Torpaq kəndliyə verildi. Kəndli torpağın sahibi oldu. Qadın hüquqsuzluğu aradan götürüldü. Qadınlar ictimai-siyasi işlərə qoşuldu. Vətənin Şimal hissəsi müstəqillik qazandı. Dilimiz dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri oldu. “Biz hələ avtomobil minməyiriz” deyən şairin xalqı içərisindən nə qədər alim dünya şöhrəti qazanıb.
Sabir irsi alimlərimiz tərəfindən hərtərəfli tədqiq olunub. İllər, əsrlər ötəcək, ancaq Sabir kimi novator şairlər hər zaman həmişəyaşar olacaqlar. Bu onun əsərlərinin qayəsindən irəli gəlir. Bir də ki, Sabir kimi sənətkarlar min ildə bir doğulurlar. Cəmiyyətdəki neqativ halların aradan qaldırılmasında Sabir satiralarının hələ də gücü qalmaqdadır. Bax, elə ona görə də deyirik ki, bu ölməz sənət dahisi bizim müasirimizdir.
Aydan Ağazadə,
M. Əzimov adına Təzəkənd kənd tam orta məktəbin X a sinif şagirdi

Şərh Yaz