Sevilə-sevilə oxunan şair

Bu günlərdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, həmçinin bir qrup valideyn çox maraqlı bir tədbirin iştirakçısı oldu. Tədbir inqilabi-satirik şeirimizin banisi, Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan böyük simalardan biri Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinə həsr olunmuşdu. Bu tədbirin təşkilində həm Azərbaycan, həm də rus bölməsinin müəllim və şagirdləri iştirak edirdi. Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Salmanovanın, rus dili və ədəbiyyatı müəllimləri Polina Nikolayevnanın, Nadejda Nikolayevnanın, Qalina Vasilyevnanın yubiley tədbirinin təşkilinə ciddi yanaşdıqları və çox böyük zəhmət sərf etdikləri hiss olunurdu.
Günay müəllimə Mirzə Ələkbər Sabirin yaradıcılığından danışarkən qeyd etdi ki, onun inqilabi-demokratik poeziyası öz müasirliyi, xəlqiliyi, yüksək sənətkarlığı və dərin realizmi ilə Azərbaycan mədəniyyətinin, bədii və ictimai fikrinin tərəqqisində müstəsna rol oynamışdır. Sabirin şeirləri hələ özünün sağlığında – ötən əsrin əvvəllərində sevilə-sevilə oxunurdu. Yaşadığımız XXI əsrin əvvələrində də, bu gün də öz aktuallığını saxlayan Sabir şeirləri sənətindən, peşəsindən, yaşından, savadından asılı olmayaraq hamı tərəfindən sevilə-sevilə oxunmaqdadır.
Yubiley tədbirində keçmiş dövrün milli geyimləri ilə çıxış edən məktəbli qızlar və oğlanlar çox böyük həvəslə Sabirin müxtəlif mövzularda yazılmış əsərlərindən səhnəciklər göstərdilər. Bu səhnəciklərdə azyaşlı qızları nikaha cəlb edənlər, təhsilə, elmə xor baxanlar, millətini, dilini, Vətənini sevməyənlər, kasıb zümrəyə yuxarıdan aşağı baxanlar və s. tənqid edilirdi. Tədbirdə M.Ə.Sabirin dillər əzbəri olan şeirləri həm Azərbaycan, həm də rus dillərində söyləndi.
Bu maraqlı tədbirdə məktəbin Azərbaycan və rus bölmələrinin V-VII sinif şagirdləri Şəfanın, Varisin, Mehdinin, Qorxmazın, Ayazın, Vladislavın, Yelenanın, Tatyananın, Sergeyin, Olqanın, Diananın, Marinanın, Nəzrinin, Aytacın, Nazpərinin, Günəşin, Sənubərin, Səidənin, Ayselin, Selcanın, Əfsanənin, İlahənin çıxışları dəfələrlə alqışlara layiq görülmüşdür.
Tədbir öncəsi məktəbdə Sabirin əsərləri mövzusunda şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil edilmişdi.
Bəhram Soltanov,
İvanovka kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz