Hələ çox xatırlanacaq

Hələ çox xatırlanacaqOnun bizimlə ayrılığından bir neçə gün keçir. Axtarırıq…
Lap uşaqlıq illərindən tanıyırdım Əjdər müəllimi. Aramızda 4 yaş fərq vardı. İsmayıllı rayonunun Qoydan kəndində, 57 il bundan əvvəl, Qadınlar bayramı günündə doğulmuşdu o. Lahıc qəsəbə orta məktəbinə gedənə qədər Qoydan kəndindəki ibtidai məktəbi bitirən Əjdərin kolleksiyasında ilk müəllimi Ağaməmməd Məlikovun bir qələmi də var. Cəmi 7 santimetr ölçüdə. Hədiyyəyə bax ki, müəllim istəkli şagirdinə verib.
Lahıc qəsəbə orta məktəbini bitirdikdən sonra Əjdər Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə daxil oldu. Oranı müvəffəqiyyətlə bitirərək Sovet ordusu sıralarında xidmətə getdi. Orduda xidmət edən Əjdərdən atası Cəfər kişiyə, anası Şabacı xanıma çoxlu təşəkkür məktubları gəlirdi. O zaman Lahıc poçtunun müdiri işləmiş Xanım xala Əjdərin adını ən çox məktub əlaqələrinə görə lider əsgərlər siyahısına yazmışdı. Lahıc qəsəbə orta məktəbinin hərbi müəllimi Məhəmməd Dadaşov isə əsgər məzunlar lövhəsində Əjdərin adını xüsusi tərtibatla vurmuşdu. Bu da müharibənin bütün ağrı-acısını görmüş Qırmızı Ulduz ordeni almış mərhum Məhəmməd müəllimin bu insana, məktəbin fəxr olunası məzununa olan səmimi hörməti idi.
Əsgərlikdən yenicə qayıdan Əjdər öz taleyini Bakı şəhəri ilə bağladı. Mətbuat sahəsində işə düzəldi. Bir müddət “Azərbaycan gəncləri” qəzetində, Azərbaycan KP MK-nin orqanı olan “Təşviqatçı” jurnalında işlədi. Milli Azadlıq hərəkatı zamanı yeni təsis olunmuş “Azadlıq” qəzetinin bütün ağırlığını üzərinə götürdü. Sovet ordusunun Bakıda törətdiyi bütün vəhşiliklərini qəzet səhifələrinə çıxartdı. Hədsiz hədələrlə üzləşdi, döyüldü, kameralara salındı, lakin bu yoldan dönmədi. Aldığı zədələr isə onu ömür boyu müşaiyət etdi.
Sonralar Əjdər müəllim “Turan” informasiya agentliyində və son iş yeri olaraq “Simsar” jurnalında çalışdı.
Ənvər Balayev – Uzun müddət İsmayıllı təhsilinə töhfələr vermiş, ömrünün müdrik çağlarını yaşayan nurlu bir insan – Əjdərin ölümünü eşidəndə sarsıldım. Mən cavan övladın vəfatının necə ağır olduğunu bilirəm. Allah Əjdər müəllimə rəhmət eləsin. Elmi, incəsənəti duyan və o sahənin adamı kimi, onunla gözəl xatirələrim var. Kəndə gəlib-gedəndə ağsaqqal müəllimlərə və məktəbə baş çəkməyi mənəvi borcu bilirdi. Dünya malında gözü, tamahı yox idi. Qəlbimdə daima yeri görünəcək.
Valeh Salehov – İsmayıllı RİH-nin şöbə müdiri. – Əjdər müəllimin vəfatını mətbuatdan eşitdim. İstedadı və gözəl duyumu olan bir həmyerlimiz idi. 80 ci illərdə rəhmətlik Qəşəm Aslanovun (o vaxtı Qəşəm müəllim rayon partiya komitəsinin I – katibi vəzifəsində işləyirdi.) köməkliyi və mənim təşəbbüsümlə Əjdərin rayon mədəniyyət evində yaradıcılıq sərgisi təşkil olunmuşdu. Təxminən 10 gündən çox davam edən tədbirdə onun rəsmləri nümayiş etdirildi. O zamandan rəhmətliyi tanıyıram. Yeri cənnət olsun.
Hacıməmməd Məmmədov – “Tərəqqi” medalına layiq görülmüş müəllim.
Lahıc qəsəbə orta məktəbin XI sinfində oxuyurdum. Qardaşım Ağaməmməd Qoydan kənd ibtidai məktəbinin müəllimi idi. Bir gün ora getdim. Qardaşım I sinif şagirdlərinin dəftərlərini mənə göstərdi. Baxdım. Bir dəftər diqqətimi cəlb etdi. Bu Əjdər Nağıyevin dəftəri idi. O qədər gözəl, səliqəli xətlə yazılmışdı ki, mən bunu birinci sinif şagirdinin yazısı olduğuna inanmadım.
Qardaşım fikrimdən keçənləri duydu. O saat Əjdəri yazı lövhəsinə çağırdı. Ona bir cümlə yazmağı tapşırdı. Əjdər həmin gözəl xətlə yazı taxtasında cümləni yazdı. Həqiqətən, məəttəl qalmışdım. Dəftər son vaxtlara qədər qardaşımın arxivində idi. Ondan sonra tale elə gətirdi ki, Əjdər Bakıda qızım yaşayan məhəllədə qalırdı. Hər dəfə Bakıya gedəndə onunla görüşər, söhbətləşərdik. O da birinci sinifdə, 11 nömrəli pero ucluqlu, mürəkkəblə yazan şagird qələmini və qardaşımın ona hədiyyə etdiyi diyircəkli qələmi yadigar saxlayırdı. Hər dəfə onları mənə göstərib ötən günləri xatırlayardı. Onun indi lentə və kağıza köçürtdüyü minlərlə foto qalır. Hər evdə, hər ocaqda Əjdərin nişanələri var.
Bəli, dünyanın qəribə işləri çoxdur. Durub-oturduğumuz, dərdləşdiyimiz, itirdiyimiz bu gözəl insan – Əjdər canlı ensiklopediya idi. Sağlığında az qiymətləndirdik onu. Azərbaycanımızın mahir sənət ustalarından biri kimi, o, böyük, mənalı ömür yolu keçdi. Zəhmətə söykənib yaşadı, dünyasını halallıqla dəyişdi.
Mətbuat Şurasının – “O, qısa, lakin mənalı ömür yolu yaşadı” nekroloqunda (03.04.2012 ci il tarixdən) Əjdər haqqında yazılır:
-Uzun müddət xəstəlikdən əziyyət çəkən fotoreportyor Əjdər Nağıyev Bakıda 57 yaşında dünyasını dəyişib. O, doğulduğu İsmayıllı rayonun Qoydan kəndində dəfn ediləcək. Tanınmış fotoreportyor “Azadlıq” qəzetində, “Turan” İnformasiya Agentliyində çalışıb. Əjdər Nağıyev müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edib, son iş yeri “Simsar” jurnalı olub.
Səmimi insan, peşəkar fotoqraf imicini qazanan Əjdərin duyum dünyası yüksək zövqündən, hadisələrə həssaslıqla yanaşma manerasından xəbər verirdi. Əsas iş yeri “Azadlıq” qəzeti olsa da, onun foto şəkilləri ölkəmizin bir çox mətbu nəşrlərinin səhifələrini bəzəyirdi. Yüksək zövqün, məsuliyyət hissinin nəticəsi idi ki, müxtəlif jurnallar onu həvəslə əməkdaşlığa dəvət edirdilər.
Əjdərin peşəkarlığı iştirakçısı olduğu bütün müsabiqələrdə bir qayda olaraq dəyərləndirilirdi. Onun layiq görüldüyü diplomlar və digər mükafatların zəngin çeşidi yaradıcılıq axtarışlarının uğurlu bəhrələri kimi xatirələrdə qalıb.
O, qısa, lakin mənalı ömür yolu yaşadı. Allah rəhmət eləsin, qəbri nurla dolsun!”
Rövşən Hacıbəyli – İş yoldaşının xatirələri və Əjdər haqqında dost fikirləri:
-“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal zəng vurub Əjdərin ölüm xəbərini məndən dəqiqləşdirmək istədi. İnanmadım. Onu təəccübləndirən cavab verdim: “İndi Əjdərə zəng vuraram”. Amma sonra Əjdərə zəng eləməkdən çəkindim. Emin Hüseynovdan dəqiqləşdirdim ölüm xəbərini.
Mən Bülbüləyə çatanda artıq onu İsmayıllıya yola salmışdılar. Kirayə yaşadığı evdən. Bir neçə gün qabaq danışmışdıq. “Ay etibarsız” – dedi. Kirayə qaldıqları evi deyişmişdilər. İndiki bir qədər böyük və həyət-bacası olan evdi. “Uşaqları da götür gəl” – demişdi. Uşaqlarım ona “Əjdər əmi” deyirdi. Müxtəlif yerlərdə çəkdiyi xeyli şəkilləri var. Təbii ki, qeyri-adi, Əjdər baxışının məhsulu olan şəkillər… Vaxt eləyib gedə bilmədik… Doğulduğu Qoydan kəndinəsə ilk dəfəydi gedirdik. Yolsuz, cəmi 14 evdən ibarət kəndə çətinliklə gedib çıxa bildik. Girdiman çayında suyun səviyyəsi qalxmışdı. Kəndə gedən yol çayın içindən keçir. Məcbur olub maşını elə çayda qoyub qalan yolu yük maşınıyla getdik. Şahvələd, Emin, İdrak, Əbülfət və mən… Əjdər həm də memar idi. Rəssamlığına da söz ola bilməzdi. Bütün bunlarısa o, fotoda birləşdirirdi. Onun fotolarının sevilməsinin, bu qədər məşhur olmasının sirri bundaydı. Uzun illər “Azadlıq”da işlədi. Tanındı, tanıtdı. Başqa iki fotoqrafımız olsa da bir çox yaradıcı adamlar müsahibə üçün şəkil çəkməyə Əjdərin gəlməsini sifariş verirdilər. Mitinqlərdən çəkilən şəkillərdə adətən, redaktorlar qələbəlik səhnələrini tələb edirdilər. Fotoqraflar bunun üçün xüsusi canfəşanlıq edir, daha hündürə qalxıb izdihamı verməyə can atırdılar. Bunlar Əjdərlik deyildi. O, aşağıda, adamların yanında olardı, gəzərdi, heç kimin görmədiyini, görə bilmədiyini axtarar, fotoaparatının yaddaşına köçürərdi. Evdə – kirayə qaldığı evlərdə saxlayırdı arxivini. Minlərlə fotoplyonka. Bənzərsiz şəkillər… Çoxu heç kağıza da köçməyib. O qədər imkan hardandı. Amma onu da deyim ki, bir çox fotostudiyalarda onun xüsusi hörməti vardı. Sənətə qiymət verən bu adamlar Əjdərin şəkillərini nisyə çıxarardı. “İmkan düşdükcə verərsən” – deyərdilər.
Yadıma böyük Azərbaycan şairi S.Vurğunun “Komsomol” poemasından bir sətir düşdü: “Cahan daimidir, ömür əmanət”. Bəli, bu əmanət ömrü Əjdər belə yaşadı. Onun da taleyinə bu qədər ömür yazılmışdı.
Lakin bir fikirlə barışıram, hər kəs bu dünyada xatırlanası iz qoyub getməlidir. Əjdər xatırlanacaq – doğmaları, dostları arasında, iş yoldaşları ictimaiyyət tərəfindən və… bizə xatirə qoyub getdiyi fotolarında. O fotolardakı hamısı real və duyulandı.
Bu sətirləri vərəqə köçürərkən bəlkə də mən onu olduğu qədər xatırlaya bilmədim, bəlkə də onu oxucuya tam təqdim etmədim. Bu hala görə Əjdərin ruhundan üzr istəyirəm və onu sevən bütün şəxslərə – “Başınız sağ olsun!”, – deyirəm.
Son olaraq internet portallarında verdiyim bir şərhlə yazımı tamamlayıram.
Bizim dağlar vüqarlı və əzəmətlidir. Bir zaman bu dağlar Əjdəri böyük şövqlə Bakı şəhərinə yola saldı. Bakı Əjdər müəllimə təhsil, böyük şəhərin qazancını verdi. Lakin Əjdəri 4 metrlik kəfənə bükərək dağlara qaytardı. İlk dəfə və son olaraq əzəmətli dağlar istedadlı fotoqrafı, gözəl insanı, duyğusal şəxsi xalqının göz yaşı ilə qəbul etdi.
Yerin cənnət olsun Əjdər, son mənzilə hamımız gələcəyik.
Allah rəhmət eləsin!
Eldar Əliyev,
İsmayıllı şəhəri, ”Babadağ” xeyriyyə cəmiyyətinin sədri

Baş redaktordan:
Mətbuatda çalışanlar, onu müntəzəm izləyənlər yaxşı bilirlər ki, şəkilsiz qəzet səhifəsi binada işlədilmək üçün heç bir avadanlığı, əşyası, tərtibatı olmayan boş otağı xatırladır.
Əjdərin peşəkarcasına çəkdiyi foto şəkillər Azərbaycan mətbuatı tarixinin müəyyən məqamlarına çevrilməklə onun haqqında ən tutarlı fikirləri söyləyən sənədlərdir.
Allah rəhmət eləsin!

Şərh Yaz