Yaddas kitabcasi

Alqışlarla qarşılandı

Rayon İncəsənət məktəbi tədris planına uyğun olaraq ayrı-ayrı fənn müəllimlərinin bir növ hesabatını dinləyir. Bu günlərdə məktəbin konsert zalı şagird və onların valideynlərinin sərəncamına verilmişdir. Məktəbin fortepiano şöbəsinin müəllimləri – Jalə Qədirova və Elnarə Məmmədovanın sinfində təhsil alan uşaqların konserti oldu. Məktəbin müxtəlif siniflərində təhsil alan şagirdlər Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərindən parçalar ifa etdilər. Uşaqların ifalarından hiss olunurdu ki, balaca musiqiçilər bu çıxışa xeyli məsuliyyətlə hazırlaşmışlar. İfa zamanı xeyli həyacan keçirmələrinə baxmayaraq onlar bu işin öhdəsindən bacarıqla gələ bildilər. Tamaşaçılar tərəfindən qazandıqları alqışlar da buna gözəl misaldır.
Konsert başa çatdı. Məktəbin təcrübəli müəlliməsi Ceyran Məmmədova çıxışında qeyd etdi ki, Jalə müəllimə üç ildir ki, məktəbimizdə çalışır. Bu onun ilk belə konsertidir, buna baxmayaraq uğurlu alındı. Ona daha yüksək nailiyyətlər arzulayıram. Məktəbin fortepiano şöbəsinin müdiri Zərifə Novruzova, məktəbin direktor müavini Nazim Aydınov gələcəkdə təşkil olunacaq belə tədbirlərdən danışdılar. Mədəniyyət işçiləri həmkarlar təşkilatının sədri, mədəniyyət və turizm şöbəsinin aparıcı məsləhətçisi Lətif Quliyev belə tədbirlərin əhəmiyyətindən söz açdı. Məktəbin direktoru Elşən Süleymanov belə tədbirlərin tez-tez təşkil edilməsi zəruriliyindən, məktəbdəki irəliləyişlərdən danışdı.
Tədbirin sonunda ifaçı şagirdlərə məktəb rəhbərliyinin tərifnamələri təqdim edildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz