Unudulmur, yaddan çıxmır

Böyük Vətən müharibəsində qələbənin 67 illiyi

Gözünü ölüm, qan, ən böyük məhrumiyyətlər qorxutmayan, yorulsa, lap taqətdən düşsə də, yenə qələbə uğrunda döyüşən, nəfəsi barıt qoxulu sonuncu əsgərin çoxdan gözlədiyi Qələbə günündən 67 il ötür. O günlər getdikcə bizdən uzaqlaşsa da heç zaman unudulmur, yaddan çıxmır.
Bu qələbə tək bir ölkənin deyil, bəşəriyyətin qəsdinə durmuş, 54 milyon insanın məhvinə, 90 milyondan artıq adamın əlilliyinə, onlardan qat-qat artıq talelərin şikəst edilməsinə səbəb olan faşizmin üzərində bütün tərəqqipərvər qüvvələrin qələbəsidir.Unudulmur, yaddan çıxmırSovet İttifaqının üzərinə hücum edən faşist Almaniyası təpədən dırnağadək silahlanmışdı. Faşistlərin silahlı qüvvələri həmin dövrün ən modern, təkmil ordu hesab olunurdu. SSRİ-də və eyni zamanda Azərbaycanda isə qanlı represiyalar dalğası yenicə ara vermişdi. Bu represiyalarda on minlərlə ziyalı, hərbçi, o hərbçilər ki, dünya və vətəndaş müharibələrində xeyli təcrübə qazanmış zabit antisovet damğası ilə məhv edilmişdi. Təcrübəli ordu rəhbərlərinin olmaması onda özünü göstərdi ki, müharibənin ilk üç ayında almanlar Moskva ətrafına qədər gəlib çıxa bildilər. Müharibənin ilk altı ayı ərzində SSRİ 11 milyon canlı qüvvə itirdi. Bütün bunlar isə o demək idi ki, Sovet ordusu müharibənin gedişində yenidən formalaşırdı. Eyni zamanda, qələbə ayrı-ayrılıqda kimlərinsə yox, bütün sovet xalqlarının birgə fədakarlığının nəticəsi idi.
Bu möhtəşəm qələbənin əldə edilməsində Azərbaycan xalqının qəhrəman oğul və qızlarının da hünər payı, həm ön, həm arxa cəbhədə fədakarlıqları olmuşdur.
1418 gün davam etmiş 1941-1945-ci illər müharibəsinin ilk günlərindən minlərlə soydaşımız ordu sıralarına səfərbər edilərək düşmənlə mübarizəyə yollandı. Ümumilikdə isə, 700 minə yaxın həmyerlimiz müharibədə iştirak etmişdir. Onlardan 300 min nəfərdən çoxu qələbə üçün canını qurban vermişdir.
Həmin müharibədə İsmayıllı rayonundan 6499 nəfər silaha sarılaraq faşistlərə qarşı vuruşmuşdur. Onlardan 2388 nəfəri döyüş meydanında həlak olmuş və ya itkin düşərək geri qayıtmamışdır.
Bu dəhşətli müharibədə həmyerlimiz, Sulut kəndində anadan olmuş Mirzəyev Bəhyəddin Şahvələd oğlu ən yüksək mükafata – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bundan başqa, həftəsovlu Hacı Salmanovun şücaəti dillər əzbəri olmuşdur. Vahab Osmanov, Kamal Qasımov, Qasım Əsədov və başqaları müharibənin ilk günlərindən düşmənə qarşı igidliklə vuruşmuş, qələbənin əldə edilməsi üçün canlarından keçmişlər.
Xalqımızın qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Arxada döyüşçülərimizin yolunu gözləyən minlərlə həmvətənimiz əmək cəbhəsində misilsiz fədakarlıqlar göstərmişdir. Belə ki, həmin vaxt ölkənin mədənlərində milyon tonlarla neft çıxarılmışdır. Hərbi texnikanın 80 faizi bu yanacaq hesabına hərəkət etmişdir. Bakıda 130 növ silah hazırlanmışdır.
Kənd əməkçiləri, fəhlələr, ziyalılar cəbhə üçün, qələbə üçün əllərindən gələni etmişlər. Özləri ac qalsalar da hər şeyi cəbhəyə göndərmişlər. Xalq öz əmanətindən Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, o dövrün pulu ilə 230 milyon rubl kömək etmişdir. Cəbhəyə 125 vaqon isti geyim yola salınmışdır. Qələbəyə töhfəmiz tək bununla bitməyib. Yaralı əsgərlərin müalicəsi üçün, müharibənin iki ili ərzində Azərbaycandan 23 ton qan göndərilmişdir.
Bu gün müharibə şəraitində yaşayan ölkəmiz erməni işğalçılarına layiqli cavab vermək üçün vətənpərvər gənclər tərbiyə etməlidir. Bax, burada veteranlarımızın işi və təbliğatı öz işini görməlidir. Məcburən cəlb edildiyimiz bu müharibənin də öz qəhrəmanları az deyil. Hərbiyə xidmətə çağırılan hər bir gənc onlardan nümunə götürməlidir. Burada veteran sözü mühüm rol oynaya bilər.
Bütün bunlar xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Bu hünər və igidlik nümunələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində, döyüş ruhunun formalaşmasında böyük rol oynayır.
Faşist Almaniyasının süqutunda dünyanın bütün tərəqqipərvər qüvvələrinin əməyi var. Odur ki, 9 May – Qələbə gününü bütün sülhsevər insanlar böyük təntənə ilə qeyd edirlər.
Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində ikinci dünya müharibəsi veteranlarına qarşı bir biganəlik yaranmışdı. Yalnız ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra faşizm üzərində qələbə günü xalqımızın, veteranlarımızın halal haqqı kimi, ölkəmizdə də təntənəli şəkildə qeyd edilməyə başladı. Məhz bundan sonra cəmiyyətin ən dəyərli üzvləri kimi, veteranlarımıza diqqət və qayğı artırıldı. Ən əsası odur ki, qələbə bayramı müstəqil Azərbaycanda da dövlət səviyyəsində keçirilən mötəbər bayramlar sırasına daxil edildi. Heydər Əliyev demişdir: “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, ikinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.”
Ümummilli liderimizin siyasi kursunun ən layiqli davamçısı olan Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də müharibə veteranlarına diqqət və qayğı göstərir, bu, hər zaman, hər yerdə hiss olunmaqdadır. Prezident 1941-1945-ci illər müharibəsinin odlu cəbhələrindən keçərək Azərbaycana qələbə gətirən qəhrəmanlarımızın qayğısına qalır, onlara yardımçı olur.
Əziz müharibə veteranları, biz sizdən öyrəndik qəhrəmanlığı, dözümü, mərdliyi. Biz sizinlə birgə bayram edəcəyik bu qələbə gününü. Biz birgə yaşayacağıq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu o möhtəşəm günlərin səadətini!
Əziz veteranlarımız, Sizin hər birinizin şərəfli həyat yolu hələ bundan sonra da neçə-neçə bədii əsərin mövzusu olacaqdır. Heç kim unudulmur, heç kim yaddan çıxmır!
Abduləli Əliyev,
İsmayıllı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranlar şurasının sədri

Şərh Yaz