M.F.Axudov – 200 (1812-1878) M.F Axundov və din

M.F.Axudov - 200 (1812-1878)  M.F Axundov və dinM.F.Axundov XIX əsr Azərbaycan ictimai, fəlsəfi, bədii tariximizdə bir hərəkat kimi başlanan maarifçiliyin başçısı, nəzarətçisi və ən görkəmli yaradıcı siması olmuşdur. O dövrünün tələbi və istedadının qeyrəti ilə ədəbiyyatda dönüş yaradaraq yeni realist-demokratik ədəbi cərəyanın inkişafına istiqamət vermişdir.
Azərbaycan ədəbiyyatında realizm məktəbinin, müasir dramaturgiyanın, yeni nəsrin tənqid, publisistika və ədəbiyyatşünaslığın yaranışı onun adı ilə bağlıdır. M.F.Axundovun 40 ildən artıq davam edən ədəbi-ictimai fəaliyyəti Azərbaycan xalqının azadlıq hərəkatına qüvvətli mənəvi qida vermişdir. Azərbaycan ədəbiyyatı tarixində XIX əsr M.F.Axundov əsri adlana bilər.
Ədib ömrünün 20 ilini ərəb əlifbasının dəyişdirilməsinə həsr etmişdir. 1857-ci ildə ərəb əlifbası əsasında yeni əlifba tərtib edib, həmin əlifba layihəsini dövrünün dilşünas alimlərinə, İran və Türkiyənin dövlət başçılarına göndərir, əlifba islahatı uğrunda fəal mübarizə aparmağa başlayır.
Yazıçının yaradıcılığında feodal əlifba patriarxal quruluşun eybəcərliyi, orta əsr dini-sxolastik görüşlərin puçlugu öz əksini tapmışdır.
M.F.Axundov Şərq ölkələrilə şərq xalqlarının həyatı, tarixi keçmişi və mübarizəsiylə olduqca çox maraqlanır. Əldə olan faktlar və sənədlər onun İran tarixi ilə maraqlandığını göstərir. Xüsusilə I Şah Abbas dövrü ilə maraqlanırdı ki, bu dövrə aid bir çox əsərlər oxuyurdu, o cümlədən İran tarixçisi İsgəndər bəy Münsinin Şah Abbas dövrünün təsvirini verən “Tarixi-aləm-arayi Abbası” əsərini mütaliə etdiyini göstərməkdədir.
M.F.Axundovun satirik qələmi öz gücünü “Aldanmış kəvakib” (1857) povestində bir daha
göstərdi. İ.Münsinin əsərlərini oxuyarkən başqa tarixi hadisələrlə birlikdə Şah Abbasın və onun saray əyanının cəhalətini, fanatizmini, habelə ruhanilərin hiyləgərliyini və fitnəkarlığını göstərən kiçik, lakin çox maraqlı olan bir hadisə Axundovun diqqətini cəlb etmişdir. Bu hadisə “Tariixi-aləm ara”da aşağıdakı şəkildə təsvir edilmişdir: – Şah Abbasın hakimiyyətinin yeddinci ilində sarayda münəccimlik vəzifəsində çalışan Sədrəddin xəbər verir ki, ulduzların toqquşması nəticəsində cəlal sahibi olan bir hökmdarın başına fəlakət gələcəkdir. Bu bədbəxtliyin İranda baş verəcəyi ehtimal olunduğuna görə münəccimbaşı məsləhət görür ki, hadisə gözlənilən günlərdə Şah Abbas öz razılığı ilə üç günlüyə hakimiyyətdən əl çəksin və cəzaya layiq olan bir adamı səltənət başında oturtsun. Bu da Qəzvin şəhərində sakin olan Yusif Sərraca düşür. Yusif Sərracın başına tac qoyurlar, şaha layiq paltar geyindirirlər, əmirlərin və ordunun himayəsilə təntənəli surətdə onu saraya gətirirlər. Şah isə öz daxili adamları və xidmətçiləri ilə xəlvət bir güşəyə çəkilir.
Üç gün keçdikdən sonra şah yenə hökmranlığa qayıdır, Yusifın taxtı tabuta dönür. Mütəfəkkir “Tarixi-aləm-ara”dakı hadisələrdən istifadə edərək feodal patriarxal quruluşun eybəcərliyini, orta əsr dini-sxolastik görüşlərin puçlugunu, şahların zalımlığını, ruhanilərin ikiüzlülüyünü və yaltaqlığını ifşa etmişdir. “Aldanmış kəvakib” povesti məzmuna görə tarixi ideyaya, ictimai ruhuna görə tamamilə müasir bir əsərdir. Ədib yaşadığı dövrün zalım hökmdarlarından, ədalətsiz qanunlarından, əsarət və özbaşınalığından, cəhalət və nadanlığından tarixi dildə danışmışdır, müasir dövrün tarixi aynasında əks etdirmişdir.
“Tarixi-aləm-ara”dakı hadisədən yaradıcı bir sənətkar kimi sərbəst istifadə etdiyini, həmin hadisənin onun üçün ancaq bir çıxış nöqtəsi olduğunu Axundov özü belə aydınlaşdırır: -“…Cami-cəm” əsərinin mütərcimi Şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə gedərkən Tiflisə gəldiyi zaman mənə dedi: – “Mirzə Fətəli, “Tarixi-aləm-ara”da “Yusif Sərracın rəsmi o qədər müfəssəl deyildir ki, sən yazmısan, nə üçün o əhvalatı bu qədər artırıb uzatmısan?!”
Dedim:
-Şahzadə, mən məgər tarix yazmışam ki, hər nə olmuş onu yazım? Mən bir kiçik məsələni əldə bəhanə edib öz fikrimdə onu genişləndirmişəm. 0 zamankı nazirlərin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə aldanmasınlar, özlərini o cür hərəkətlərlə xarici millətlərin məsxərəsinə hədəf etməsinlər!
Ədib Azərbaycan bədii nəsrini dini-əfsanəvi ənənələrdən uzaqlaşdıraraq realizm yoluna salmış, onu ədəbiyyatın canı, fəal döyüşən bir janrına çevirmişdir. O, həyatın ayrı-ayrı yaramaz səhnələrini və meyillərini, tənqidini ictimai quruluşun, dövlət sistemini, istibdad və cəhalət əleyhinə mübarizə silahına çevirmişdir. O, elmi-fəlsəfi əsərləri ilə Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində yeni dövr açaraq, böyük bir mütəfəkkir və filosof kimi yüksəldi.
Öyrəndiyi elmi-fəlsəfı əsərə tənqidi münasibət bəsləməsi Axundovun ən yaxşı xüsusiyyətlərindən biridir. Mütəfəkkir obyektiv varlıqdan kənarda səbəbiyyət axtarmağın mənasız olduğunu göstərir. Maddi aləmin obyektiv mövcudiyyəti təsdiq etdiyi zaman M.F.Axımdov bu məsələyə “vəhdəti-vücuda qail olan” Şəms Təbrizi, Cəmaləddin Rumi ilə müttəfiq olduğunu etiraf edib deyir ki, bir vahid təşkil edən kainatda, “üzvlərin küllündən zühura gəlməsində təbiətin obyektiv qanunauyğunluğu hökm sürür, burada “nə külli ixtiyarı var, nə cüzün”. Lakin Axundov eyni zamanda “vəhdəti-vücud” fəlsəfəsinin məhdud, idealist cəhətlərini bütün aydınlığı ilə şərh edərək Spinadanin materialist-panteist görüşlərinə üstünlük verir.
Axundovun idrak nəzəriyyəsi materiyanın obyektiv varlığına dair fəlsəfi-müddəaya əsaslanır. O, idrak prosesində ağlın rolunu xüsusi qiymətləndirir.
Dinin mənşəyi, tarixi, inkişafı, müxtəlif məzhəb və təriqətlərə bölünməsi, islam, xristianlıq və s. dinlərin xarakterik xüsusiyyəti Axundovu ömrünün axırınadək məşğul edən məsələlərdən olmuşdur.
M.F.Axundov görüşlərinin şərhində tez-tez Quran ayələrinə də müraciət edərək islam ehkamının çürük, zərərli mahiyyətini möhkəmlətməklə sübuta yetirir. Dinə münasibətlə Axundov ardıcıl bir ateist kimi elmlə dinin daban-dabana zidd olduğunu göstərir:
-Bizim bu günə qədər haramı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə səhvimiz bu cəhətdəndir ki, daima bir-birinə zidd olan iki qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymış, halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir.
Axundov bütün dinlərin puç və əfsanə olduğunu hesab etdiyini iftixarla elan edir. islam dininin əsrlər boyu ərəb xəlifələrinin işğalçılıq siyasətinə xidmət etdiyini, Şərq xalqlarının maddi və mənəvi sərvətlərinin din bayrağı altında talan olduğunu Axundov xüsusilə göstərir.
M.F.Axundov göstərir ki, insanın təbiət hadisələri haqqında düzgün elmi təcrübəyə malik olması onda dini etiqadı, möcüzəyə və xurafata inamı qüvvətləndirir. Odur ki, təbiət, kimya, fizika və s. elmləri öyrənmək yolu ilə hadisələrin qanunauygunluğunu, maddi aləmin mahiyyətini, doğru-dürüst bilmək və dini xurafatdan yaxa qurtarmaq mümkündür.
Şərq xalqlarının azadlığı, tərəqqisi yolunda Axundovun parlaq xidməti hələ onun sağlığında yüksək qiymətləndirilmişdi.
Məşhur yazıçı və ictimai xadim Mirzə Məlkum xan öz müəllimi M.F.Axundova yazırdi: -“Siz böyük bir məramın böyük simasısınız. Biz isə sizin məramınız uğrunda çarpışan sadə mücahidlərik”.
Arifə Bəşirova,
İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, “Dayaq məntəqə Mərkəzi”nin rəhbəri.

Şərh Yaz