Yaddas kitabcasi

Bənzərsiz şair

Xalqımızın böyük dühalarından olan Cəlil Məmmədquluzadə məslək və əqidə dostu Sabirin nəhəngliyini, onun şeir-sənətinin qiymətini ikicə sözlə çox doğru-düzgün mənalandırmışdır: “Hünərvər şair!”
Bəli, ustamız, müəllimimiz və müasirimiz olan Mirzə Ələkbər Sabir Tahirzadə doğrudan da hünərvər şairdir və bu ad, bu qiymət ona çox yaraşır. Sabir hələ sağlığında həm şeir-sənətdə, həm də həyatda öz yerini o qədər gözəl bilmiş, o qədər düzgün müəyyənləşdirmişdir ki, bunu sübuta yetirmək üçün heç bir tədqiqatçı və ədəbiyyatşünas fikrinə, sözünə ehtiyac qalmır. Bənzərsiz şairTəkcə ətrafdakıların avamlığına, acizliyinə, kor-koranə, nadancasına ömür-gün sürməsinə, yaşamaq əvəzinə ölə-ölə sürünməsinə, əzilməsinə gülə-gülə ağlayan və ağlaya-ağlaya gülən şair özü haqqında cəsarətlə belə demişdir: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar!”
Bəli, Sabir həm sənətdə, həm də həyatda elə bir nəhəng və qocaman dağdır ki, həmişə bu əzəmətli, qocaman dağa arxalanmaq, güvənmək lazımdır.
Bu gün Sabir haqqında düşündükcə yenidən böyük ustadımızın yaradıcılığına müraciət etdim. Etiraf edim ki, oxuduqlarıma, gördüklərimə inana bilmirdim. Şeirdən –şeirə heyrət məni götürdü. Sanki birinci dəfə oxuyur, ilk dəfə ona müraciət edirdim. Bu ölməz dahi, bu solmaz xəzinə-söz çələngi önündə baş əyməmək, qeyri-mümkündür. Sonra da öz-özümə düşünürəm ki, əsil sənət, sənətkar belə olmalıdır. Sabir kimi! Anadan olmasından 150 il keçsə də o, bu gün də hamımızın ustadı, müəllimi və müasiridir. Təkcə bizimmi? Əsla! Aradan neçə-neçə illər keçəcək, qoca tarix bir az da qocalacaq, müdrikləşəcək, əsrimiz də yenidən təzələnəcək, bir sözlə, hər şey, hər şey dəyişəcək, lakin dəyişilməz bir şey qalacaq, bir məktəb duracaq – Sabir şeir-sənəti, Sabir dahiliyi, Sabir müdrikliyi!
İndi ölkəmizdə sağlam, açıq söhbət ab-havası yaranmışdır. Müstəqilliyimiz daha da möhkəmlənmişdir. Müstəqil Azərbaycanın nüfuzu günü-gündən genişlənir, beynəlxalq aləmdə tanınması müvəffəqiyyətlə davam etdirilir. Fikirləşmək olar ki, axı, bunların Sabir yaradıcılığına nə dəxli? Amma yox, dəxli var! Sabirin bütün yaradıcılığı bizim bu günümüzlə tam səsləşir, bu ölməz sənət bu gün də hər cür ətalətin, süstlüyün, tənbəlliyin, əyriliyin, naqisliyin…qatı düşmənidir. Harada nahaq haqqa qalib gəlirsə, ədalət döyülürsə, təhqir edilirsə, əvəzində ətalət güclənirsə, harada bizim müqəddəs qanunlarımız incəlirsə, üzülürsə, harada bir qohumbaz rüşvətxor harınlığından əl çəkmirsə…bax, o zaman Sabir şeiri bomba kimi partlayır.
Məgər, ölməz söz sərrafının aşağıdakı misraları da bunu təsdiq etmirmi?
Gopnan əməl olmaz, işə qeyrət gərək olsun,
Millət düyünün açmağa hümmət gərək olsun.
Min elm deməkdənsə, həmiyyət gərək olsun,
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!
Göründüyü kimi, Sabir burada aralarımızda olan dil pəhləvanlarını, boşboğazları, az işləyib və yaxud heç işləməyib varlanmaq, oxumayıb, əziyyət çəkməyib təhsilli görünmək istəyən “millət qəhrəmanlarını” kəskin satira atəşinə tutur, onları nəhayət, sözdən işə, əmələ çağırır.
Sabir elə əzəmətli, böyük, ölməz sənətkarlardandır ki, haqqında nə qədər odlu, mənalı, dolğun sözlər desək, yenə azdır.
Sabiri özündən əvvəlki klassiklərdən ayıran elə keyfiyyətlər də var ki, məhz bu keyfiyyətlərin nəticəsində o Sabir olmuşdur-uzaqdan, dərhal tanınan, öz parlaq siması olan Sabir!
Sabir zəmanəsini əks etmişdir, həm də mübariz, döyüşkən bir şairdir. Azərbaycan cəmiyyətinin təlatümlü dövrünün şairidir. O, insan həyatının, insan təbiətinin elə ziddiyyətlərini, elə cəhətlərini elə, parlaq boyalarla canlandırmışdır ki, bunlar həm konkret dövrə müvafiqdir, həm də əbədiyyət keyfiyyətlərinə malikdir.
Mirzə Ələkbər Sabir! Bu adın elə təkcə səsləşməsində böyük bir əzəmət var: Azərbaycan ədəbiyyatını zənginləşdirən qiymətli əsərlər müəllifi, ictimai və bədii fikrin ən böyük simalarından biri, tənqidi realizmin qüdrətli nümayəndəsi, humanizm, azadlıq ideyaları carçısı, novator şair… Sabir əlçatmaz zirvədir.
Mənim fikrimcə Sabir yaradıcılığında nə isə hələ indiyədək açılmamış bir sirr var. İnsanı heyrətə gətirən sehrli sənət sirri… Cəsarətlə deyirəm ki, Sabir dünya şairləri arasında bənzərsizdir. Dünyanın hələlik ikinci Sabiri yoxdur.
Mən Sabiri çox sevirəm, düzü lap çox! Hər dəfə Şamaxı və Bakı şəhərinə yolum düşəndə Sabirin heykəlinə baxıram, onu ziyarət edirəm. Hər dəfə də sanki mən Sabirin heykəlini deyil, vaxtilə hər şeirini bir məşəl kimi qaldıran Sabirin özünü görürəm…
Ümumiyyətlə, mənsub olduğu xalqın, millətin elə bir dərdi, müsibəti varmı ki, Sabir ondan söhbət açmasın. Azərbaycan ədəbiyyatında Sabir qədər elin dərdindən yazan şair olmamışdır. Görünür, olmayacaq da. Düşünürəm ki, Sabir sağ olsaydı bugünkü dərdimizi – Qarabağı aləmə çar çəkərdi, ermənilərin iç üzünü satirik qələmlə açıb, onu faş edərdi.
Baxın, bəzi məmurların özündən məmnun çürük təbiətini bundan da gözəl açmaq olarmı:
Dövlətçilik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir.
Divan bizim, ərbabi-hökümət də bizimdir.
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Acı eyhamın gücü ilə bu misralar azad insanı haqq-ədalətə çağırmırmı?!
Yaxud, “Əkinçi” şeirindəki bu misralara nəzər yetirək:
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?!
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi?!
Lağ-lağ danışıb, başlama fəryadə, əkinçi?!
Bəli, Sabir haqqında düşündükcə, görürəm ki, Sabir böyük humanistdir. Sabir dar çərçivələrə sığmır. O, eyni zamanda çox geniş mənada bəşəri ruh daşıyır. Yəni o, zülmə dözənin, adi zəhmət adamının da naqis cəhətlərini görür və atəşə tutur. Azad, kamil, xeyirxah, rəhmdil, yaradıcı, beynəlmiləlçi insan onun idealıdır.
Buna görə də Sabirin bizə irs qoyub getdiyi sənət kəskin silahdır. Kimin təbiətində olursa-olsun mənfi, naqis, amansız mənəvi nifrətləri kəsib dağıdır, odlayır, yandırır, həm də insanı tərbiyə edir, onda yüksək əxlaq, azad fikir, geniş qəlb saf məhəbbət oyadır. Rəsul Rza demişkən Sabir “kişi şairdir, düz şairdir”
Hacıməmməd Məmmədov,
N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbin Azərbaycan dili, ədəbiyyatı müəllimi

Şərh Yaz