Hüseynov Qulu Hüseyndadaş oğlu

Hüseynov Qulu Hüseyndadaş oğluİsmayıllı rayon təhsilinin möhkəm təməl üzərində qurulması, inkişafı uğrunda misilsiz xidmətləri olmuş İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin riyaziyyat müəllimi Hüseynov Qulu Hüseyndadaş oğlu 1936-cı il fevralın 1-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. İbtidai və orta təhsilini doğma qəsəbəsində başa vuran Qulu Hüseynov təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat-mexanika fakültəsinə daxil olmuşdur.
1959-cu ildə universiteti bitirmiş və həmin ildən də İsmayıllı şəhər 1 saylı orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Tədris etdiyi riyaziyyat fənnini özü qəlbən sevməklə yanaşı, onu dərs dediyi şagirdlərə də sevdirə bilmişdir. Odur ki, yetişdirdiyi şagirdlər həm ölkəmizin, həm də ölkəmizdən çox-çox uzaqlarda yerləşən ali məktəblərin tələbələrinə çevrilmişlər. İsmayıllı təhsilində böyük əməyi, səyi olan riyaziyyat müəllimlərini məhz Qulu müəllim yetişdirmişdir. Moskva, Kiyev kimi böyük şəhərlərin nüfuzlu universitetlərində onun yetirmələri yüksək elmi adlar altında çalışırlar. Özünün yüksək mədəniyyəti, ideal şəxsiyyəti, böyük pedaqoji ustalığı ilə seçilən Qulu müəllim həm də el ağsaqqalı olmuşdur. Öz həmkarları arasında böyük hörmət qazanmışdır. Qayğıkeşliyi və səmimiyyətinə görə rayon ictimaiyyəti arasında böyük nüfuza malik olmuşdur.
Zəngin pedaqoji təcrübəyə və yüksək biliyə malik olan Qulu Hüseynovun əməyi dəfələrlə müxtəlif tərifnamələr, təltiflərlə, SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, qurultaylara nümayəndə seçilmişdir.
1962-ci ildə ailə qurmuş və həmin ildən də həm Qulu müəllim, həm də onun həyat yoldaşı Aliyə müəllimə İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə fədakarcasına birgə fəaliyyət göstərmişlər.
Qulu Hüseynov 2011-ci ildə pensiyaya çıxmışdır. Bu il aprelin 8-də dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin.
İsmayıllı rayon Təhsil Şöbəsinin kollektivi

Şərh Yaz