Mirzə İbrahimov – 100 Yubiley tədbiri keçirildi

Azərbaycan ədəbiyyatının və elmi fikrinin görkəmli nümayəndələrindən biri də Mirzə İbrahimovdur. Onun həyatı zəngin və çoxşahəlidir. Fərəhsiz və faciəli keçən uşaqlıq illəri, qaynar gəncliyin oxumaq, öyrənmək ehtirası, fabrik-zavod təhsili, ədəbi mühitdə ilk addımlar, sevinclər və sonrakı həyat məktəbi – müxtəlif vəzifələr, məsul işlər, mədəniyyət sahəsində rəhbər mövqelər, eyni zamanda bir – birinin ardınca yazılaraq həyata, ədəbiyyata vəsiqə alan sanballı əsərlər Mirzə İbrahimovun həyat yolu idi. Görkəmli ictimai xadim kimi bədii yaradıcılığından söz açan İsmayıl Şıxlı yazırdı: “Mirzə İbrahimovun bir sənətkar, bir ictimai xadim kimi geniş, əhatəli fəaliyyəti gənclik üçün, gələcəyimiz üçün bir örnək idi. O, ensiklopedik biliyə malik bir sənətkar idi. Sözü ilə işi, yaradıcılığı bir-birini tamamlayırdı. Xalqına yeni söz demək, yeni fikir aşılamaq onun istəyi idi”.
Mirzə İbrahimov bütün yaradıcılığı, şəxsiyyəti ilə XX əsr Azərbaycanını təmsil edirdi. Əgər həmin illərin mənəvi – əxlaqi, sosial – siyasi mənzərəsi haqqında dolğun fikir yaratmaq istəyiriksə həmin illərə, onun yaradıcılığına nəzər salmaq lazımdır. Xüsusən, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın acınacaqlı taleyi, məşəqqətli həyatı onun cənub mövzulu əsərlərində daha qabarıq əks etdirilirdi.
Cənub mövzusunda yazdığı hekayələr, ”Gələcək gün” romanı onun şah əsərlərindəndir. Yazıçının əsərlərində əsil vətənpərvərlik, xalqın taleyi, Azərbaycanın bütövlük arzusu öz əksini tapır. M.İbrahimov ədəbiyyat xəzinəmizə “ Gələcək gün”, ”Pərvanə”, “Böyük dayaq” kimi romanlar bəxş etmişdir.
“Gələcək gün“ romanı Azərbaycan xalqının milli – mənəvi dəyərlərinin, milli-mənəvi fikrinin gerçəkliyini ifadə edir. “ O gün gələcək” fikri bir şüar deyildi, bütöv Azərbaycan arzusunun ifadəsi idi.
Bu günlərdə məktəbimizin müəllim və şagirdləri M.İbrahimovun 100 illik yubileyini qeyd etmək üçün ədəbiyyat kabinetinə yığışdılar. Yazıçının “Böyük dayaq“ əsərinin müzakirəsi keçirildi. Müzakirəyə qoşulan müəllimlər və şagirdlər belə fikrə gəldilər ki, əsər real hadisələri əks etdirir və bugünkü həyatımızın da real mənzərələrini özündə cəmləşdirir. Rüstəm kişinin timsalında işinə vicdanla yanaşan, onun məsuliyyətini hiss edən, sözü ilə əməli düz gələn insanların xarakteri canlanır. Böyük dayaq dedikdə müəllif xalqı nəzərdə tutur. Əsərdə çobanın dilindən səslənən “arxası dağa söykənən insanın başı göylərə dəyər” ifadəsi xalqın nə qədər böyük qüvvə olduğunu bir daha sübut edir. İnsan həmişə xalqın səsinə qulaq asmalı, xalqa arxalanmalıdır. Onda insan böyük , əzəmətli, hamının gözündə uca olur. Həmin əsər əsasında çəkilmiş filmdə görkəmli aktyor Ələsgər Ələkbərovun yaratdığı Rüstəm kişi obrazı əsərin dəyərini, tərbiyəvi əhəmiyyətini daha da artırır.
Uşaqlar öyrəndilər ki, Mirzə İbrahimov həm də dilimizin saflığı, toxunulmazlığı uğrunda həmişə çalışmışdır. Dilimizin incəliklərini öyrənməyi, onu sevməyi bütün azərbaycanlılara tövsiyə etmişdir.
Mirzə İbrahimov bütün janrlarda yazıb yaratsa da bədii söz ustası sözünün kəsəri azalmadı. ”Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Közərən ocaqlar” əsərləri teatrların bəzəyi oldu. Bu əsərlər bir aktyor nəslinin puxtələşməsində, yaranmasında da böyük rol oynadı.
Mirzə İbrahimov akademik idi və onun akademikliyi Azərbaycan ədəbi – nəzəri fikrinin uğurlarını, yetişdiyi yüksək inkişaf mərhələsini əks etdirirdi. Hər şeydən əvvəl, o böyük şəxsiyyət idi. Bədii ədəbiyyatımızın, ədəbiyyat tariximizin, kinomuzun, teatrımızın inkişafı həm də Mirzə İbrahimovun adı ilə bağlıdır. Tədbirdə ədibin həyat və yaradıcılığını əks etdirən fraqmentlərə, “Böyük dayaq” filmindən kadrlara tamaşa edildi.
Gilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin dil – ədəbiyyat müəllimi

Şərh Yaz