Şərəfli ömür yolu
1973-cü ilin sentyabr ayının birində cədvəl üzrə birinci dərsimiz riyaziyyat idi. Dərsin başlanmasını bildirən zəng vuruldu, gənc bir müəllim sinfə daxil oldu. İlk dərsdən bütün şagirdlərin diqqətini cəlb etdi. Haqqında söhbət açdığımız gənc – artıq 60 yaşı tamam olan Rafiq müəllim idi.
Qısa arayış: Orucov Rafiq Hacıbaba oğlu 1951-ci ilin dekabr ayının 4-də İsmayıllı rayonunu Yuxarı Cülyan kəndində anadan olub. 8-ci sinfi Yuxarı Cülyan kəndində, orta təhsilini isə 1966-cı ildə İsmayıllı şəhər 1 saylı orta məktəbində bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1973-cü ildə riyaziyyat müəllimi ixtisası üzrə institutu bitirib. 1973-cü ildən Cülyan kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. 1988-ci ildə “Metodist müəllim” adını alıb.
Rafiq müəllim ilk növbədə riyaziyyatı dərindən bilməsi ilə, çətin riyazi isbatları şagirdlərin başa düşəcəyi səviyyədə izah edə bilməsi ilə seçilir. Sovet təhsil sistemində də müəyyən islahatlar aparılır, dərsliklər dəyişdirilir, təlim üsulları təkmilləşdirilirdi. Bütün bu məsələlərdə o, novator müəllim kimi özünü göstərirdi. Yadımdadır ki, dərsdən sonra sinif yoldaşlarımızla söhbətlərimizin əsas mövzusu əksər hallarda riyaziyyat dərsi ilə bağlı olardı. Rafiq müəllim böyük müsbət enerjiyə malik olan əsil pedaqoqdur. Təcrübəsinə arxalanmadan o hər bir dərsə hazırlaşır, sinfin səviyyəsinə uyğun təlim üsulu seçir, hansı şagirdə hansı sualı, hansı tapşırığı verəcəyini planlaşdırır. Dərs dediyi şagirdlərin hansından soruşsan ki, müəllim dərs prosesində ən çox hansı şagirdlə məşğul oldu? – hamısı, “mənimlə”, – deyə, cavab verəcəkdir. Onun sinfə gətirdiyi müsbət enerjidən hamıya pay düşür.
Cülyan kəndində təhsilin möhkəm təməl üzərində qurulması, inkişafı uzun illər məktəbə rəhbərlik etmiş mərhum Hacıbaba Orucovun adı ilə bağlıdır. Xalqımızın maarifçilik ənənələrinin kənddə təbliği, gənclərin pedaqoji təhsilə cəlb olunması, məktəbdə yerləşdirilməsi, yüksək nəticələr əldə olunması üçün hər cür şəraitin yaradılması bu gün də öz bəhrəsini verməkdədir. Hacıbaba müəllimin rəhbərliyi ilə Cülyan səkkizillik məktəbi ciddi uğurlar qazanmışdır.
Belə bir kollektivdə işə başlamaq, uğur qazanmaq, seçilmək çox çətin idi. Rafiq müəllimin bir psixoloji çətinliyi də var idi. O, məktəb direktorunun oğlu idi. Rafiq müəllim bütün sahələrdə nümunəvi olmalı idi. Gənc müəllim bütün ümidləri doğrultdu və 1983-cü ildən orta məktəb kimi fəaliyyət göstərən Cülyan kənd orta məktəbinin inkişafına öz töhfəsini verməyə başladı.
Rafiq müəllimi səciyyələndirən mühüm keyfiyyətlərdən biri də onun müəllimlik peşəsini dərindən sevməsi və bu peşənin vurğunu olmasıdır. Sanki, ulu Yaradan onu elə müəllim olmaq üçün, şagirdlərə elm, savad öyrətmək, onları düzgün yola istiqamətləndirmək üçün yaratmışdır. Bu fikrin gerçəkliyini övladlarından üç nəfəri onun yolunu davam etdirərək ali pedaqoji təhsil alması sübut edir.
Rafiq müəllimin Cülyan məktəbində fəaliyyətə başlamasından sonra təhsilə maraq daha da artdı. Təhsil aldığım sinifdən kəndimizin ilk ali təhsilli hüquqşünası, ilk həkimi, ilk kimyaçı texnoloqu yetişdi. Bundan başqa, digər sahələrdə ali və orta ixtisas təhsili alanlar müxtəlif sahələrdə ölkəmizin inkişafına xidmət edirlər. Şirvan şəhər məhkəməsinin hakimi Amil Dosiyev, həkim Əli Osmanov, Kazanda təhsil alaraq Vyetnamda əmək fəaliyyətinə başlayan İlqar Nuriyev, BAM-da ali təhsilli inşaatçı kimi çalışan Neman Qədirov, inşaatçı-mühəndis Şəfa Əşrəfov, təmir-tikinti idarəsinin rəhbəri olmuş mərhum Gülməmməd Mursalov, təhsilini Leninqradda (indiki Sankt-Peterbuqda) alan texnoloq, mərhum Nazim Yəhyayev və bu sətirlərin müəllifi 1975-ci ildə həmin məktəbi bitirmiş bir sinfin məzunlarıdır. Bu gün hər birimiz nail olduğumuz nailiyyətlərə görə müəllimlərimizə, xüsusilə də Rafiq müəllimə minnətdarıq.
Rafiq müəllim bir ziyalı kimi də böyük hörmət sahibidir. Kənddə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. O, düzgün peşəyönümündə, həyatda düzgün mövqe tutmalarında, milli adət-ənənələrin qorunub saxlanmasında, tarixi keçmişimizlə bağlı yerlərin mühafizəsində həmişə gənclərin yaxın məsləhətçisidir.
Respublikamızın müstəqillik qazandığı 20 il ərzində Cülyan kəndində də böyük inkişaf getmişdir. Burada illər uzunu kənd camaatının arzuladığı müasir məktəb binası tikilmişdir. Yeni məktəbdə uğurlar daha da artmışdır. Məktəbin yetirmələri ölkəmizin ən nüfuzlu ali məktəblərinə yüksək ballarla qəbul olunmuşlar. Məktəbin iki nəfər məzunu “Prezident təqaüdü” alır. Bu təhsil ocağı 2010-cu ildə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında məktəbin aparıcı müəllimlərinin, eləcə də Rafiq müəllimin böyük zəhməti vardır.
Ağsaqqal sözünə, ağsaqqal öyüdünə həmişə ehtiyac olmuş və olacaqdır. Bəzi mübahisə doğuran məsələlər ortaya çıxanda ağsaqqallar yada düşür. Bu mənada, Rafiq müəllimin bir sözü, bir məsləhəti həlli çətin görünən işləri yoluna qoyur.
Rafiq müəllimin rəhbəri olduğu siniflərdə şagirdlər çox mehriban davranır, biri-birinə dərindən hörmət, kömək edirlər. Onun sinfində şagirdlər umu-küsü, dedi-qodu nə olduğunu bilmirlər. Şagirdlər humanizm, qarşılıqlı anlaşma, biri-birinin sevincini və kədərini bölüşmək, hüquqlarına hörmət, milli köklərə söykənən tərbiyə mühitində inkişaf edirlər. Məktəbdə əldə olunan yüksək nəticələrin səbəblərindən biri də elə budur.
Rafiq müəllim şən adamdır, həmçinin güclü yumor hissinə malikdir. Müəyyən vaxtlarda, onun bir cümləsi bədbinliyi aradan qaldırır, ürəklərə nikbinlik gətirir. O, müdrik insandır. Ətrafındakılara həyatda nikbin olmağı, çətinliklərdən qorxmamağı, nəzərdə tutulan məqsədə çatmaq üçün əzmlə mübarizə aparmağı aşılayır.
Müəllim ömrünü bəzən şama bənzədirlər. Şam işıq saçdıqca əriyir və tükənir. Ancaq müəllim ömrü işıq saçdıqca, daha da enerji toplayır. R.Orucovun 38 illik pedaqoji fəaliyyəti ilə neçə-neçə insanın həyatına işıq saçıb. Bu gün o, ilk dərsdə sərf etdiyi məsuliyyət hissini bir qədər də artırmışdır. Keçən illər qazandığı təcrübə, topladığı elmi-praktik vərdişlər onun pedaqoji fəaliyyətini daha da dolğunlaşdırmışdır.
Rafiq müəllim dərsdən sonra şagirdləri ətrafına toplayaraq kiçik elmi araşdırmalar aparmaqla onların elmə maraqlarını daha da artırır. Onun “Kiçik akademiya”dakı fəaliyyəti, istedadlı şagirdlərlə apardığı işlər gənc müəllimlər üçün örnəkdir. Rafiq müəllim təcrübəsini gənc müəllimlərə həvəslə öyrədir. Açıq dərslər təşkil edir və tətbiq etdiyi üsulları gənc həmkarlarına praktik şəkildə nümayiş etdirir.
Vaxtı ilə hər bir dərsində epiproyektor, kadaskop, lenti, kinoaparatlardan və s. istifadə etdiyi kimi, indi də kompyuterin, internetin imkanlarından istifadə edir və sübut edir ki, öyrənmək heç vaxt gec deyil. Peyğəmbərimizin “Beşikdən qəbir evindək öyrənin” kəlamını öz fəaliyyətində müvəffəqiyyətlə tətbiq edir.
Riyaziyyat məntiqi təfəkkürün inkişafına güclü müsbət təsir edir. Dahilərdən biri “Riyaziyyat əqlin gimnastikasıdır”, – demişdir. Riyaziyyatçılar həm də yaxşı şahmat oynayırlar. Məktəbdə şahmatın inkişafına, şagirdlər arasında şahmata marağın artırılmasına uzun illərdir ki, Rafiq müəllim rəhbərlik edir. Bu həm şagirdlərin asudə vaxtının düzgün qurulmasına, onların intellektual səviyyələrinin artırılmasına xidmət edir.
R.Orucov işlədiyi müddətdə daim şagirdyönümlü, şəxsiyyətyönümlü təhsilin inkişafına xidmət etmişdir. Şagirdlərin əsil vətəndaş kimi yetişmələri, vətənin, dövlətin mənafeyini hər şeydən üstün tutmaları üçün tərbiyənin bütün üsul və vasitələrindən istifadə edir. Milli ordumuzda Cülyan məktəbinin yetişdirməsi olan onlarla zabitin şərəflə xidmət etməsi aparılan məqsədyönlü işlərin məntiqi nəticəsidir.
Şagirdlərin hüquqlarının heç bir halda pozulmaması üçün məktəb uşaq birliyi rəhbəri, psixoloqu, şagird parlamenti, valideyn komitəsi ilə birgə çalışır, seminarlar, treyninqlər təşkil edir.
Təhsil islahatının fəal tərəfdarı kimi, yenilikləri dərhal öyrənir və tətbiq edir. Kurikulumların yuxarı siniflərdə hələ tətbiq olunmamasına baxmayaraq artıq bu sahədə xeyli ədəbiyyat toplamış və diqqətlə öyrənir və “Müəllim zamandan geri qalmamalıdır. Yuxarı sinifdə dərs deyəcək müəllimlər fənn kurikulumlarını dərindən öyrənib elə indidən bəzi hissələrinin praktik tətbiqinə başlamalıdırlar. Artıq qarşıdakı dərs ilində V siniflərdə fənn kurikulumları tətbiq olunacaq. İndidən hər bir müəllim özünü psixoloji, elmi və praktik cəhətdən bu məsuliyyətli işə hazırlaşdırılmalıdır”.
Rafiq müəllim öyrədə-öyrədə öyrənən müəllimdir. Daim yenilikləri öyrənir və tətbiq edir. Dərsləri həmişə məzmunlu, canlı, məhsuldar keçir. Şagirdlər 45 dəqiqənin nə vaxt başa çatdığını hiss etmir və dərsin tez bitdiyinə heyifslənirlər.
Rafiq müəllimi 60 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona həyatda və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
Ramil Dadaşov,
şəhər 2 saylı tam orta məktəbin direktoru
R. Orucov Cülyan kəndində Çernobıl əlili üçün tikilmiş fərdi evin açılışında çıxış edir.