İnsan hüquq və azadlıqları.
Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. 1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir. Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir. 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını 27 dekabr 2011-ci il tarixdə təsdiq etmişdir. Milli fəaliyyət planının dördüncü fəslində insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin görülməsi nəzərdə tutulmuş, insan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi əsas prioritet məsələlərdən biri kimi ön plana çəkilmişdir.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük diqqət yetirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu sənədlər sırasında həmçinin “Avropa İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya da daxildir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası 1950-ci il noyabrın 4-də Romada Avropa Şurası üzv dövlətləri tərəfindən qəbul olunmuş və 1953-cü il sentyabrın 3-də qüvvəyə minmişdir. Dövlətimiz 2001-ci il dekabr ayının 25-də Avropa İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını təsdiq etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu bildirib, insan hüquqlarının qorunması sahəsində öz üzərinə öhdəlik götürərək demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqların təmininə sadiqliyini bəyan edir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətimizin üzərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, vətəndaşlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur.
Avropa İnsan Hüquqları Konvensiyası Avropa Şurasına üzv dövlətlər tərəfindən ikinci dünya müharibəsindən sonra “soyuq müharibə”nin başlanğıcında formalaşdırılıb. Konvensiya beş əsas bölmə altında cəmi 59 maddədən ibarətdir. Sənəddə “Birinci nəsil” ya da “klassik hüquqlar” olan mülki və siyasi hüquqlar tənzimlənib. Ancaq bu sahədə belə Konvensiyadakı hüquqlar siyahısı tam olmadığından sonradan hazırlanan xeyli Protokol ilə sadalanan hüquqlar daha da zənginləşdirilmişdir. Konvensiyanın ilk 18 maddəsi “əsasa aid hüquq” kateqoriyasına, geri qalan 40 maddə isə “prosessual hüquq” kateqoriyasına aiddir. Konvensiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, dövlətlər (qanunvericilik, məhkəmə, icra orqanları vasitəsilə) əgər hüquq və azadlıqları pozubsa, hüquqları pozulmuş şəxslər fərdi şikayət vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. Konvensiya Avropa Şurası üzvlərinə açıqdır.
“Avropa İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada təsbit olunmuş normalar bir çox hüquq sahələrində, o cümlədən cinayət və cinayət prosessual qanunvericilikdə əks etdirilir. Müqayisəli şəkildə Konvensiya ilə milli qanunvericilik aktlarını nəzərdən keçirdikdə bu uyğunluğu müşahidə etmək mümkündür. Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əhatə edən 6-cı maddəsində nəzərdə tutulur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 22-ci maddəsi, məhkəmə baxışını tələb etmək hüququnun təmin olunması ilə bağlı müddəaları nizama salır. Qanuna əsasən, cinayət prosesini həyata keçirən orqanlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququnu təmin etməlidirlər. Hər hansı səbəbdən məhkəmə baxışını tələb etmək hüququnun rədd edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 27-ci maddəsi, cinayət mühakimə icraatının aşkar keçirilməsi ilə bağlı münasibətləri nizama salır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş dövlət, peşə, kommersiya sirlərinin habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır.
İnsan hüquqlarının və əsas azadlıqlarının təminatı prokurorluq orqanlarının əsas vəzifələrindən biri olduğundan prokurorluq işçiləri də öz fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi səlahiyyətləri ilk növbədə insan hüquq və azadlıqlarının qorunması və reallaşdırılmasına yönəldir, prokurorluq tərəfindən cinayət işləri üzrə istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti zamanı qanunların icra və tətbiq olunmasına nəzarətin həyata keçirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, məhkəmə qərarlarından protest verilməsi və iddianın qaldırılmasının, habelə prokurorluğun məhkəmə tərəfindən təyin olunan cəzaların məqsədinə nail olunmasında iştirak etməsinin insan və vətəndaşın əsas hüquq və azadlıqlarına əməl olunmasına zəmanət verir və həmin hüquq və azadlıqların təminatlı müdafiəsində əhəmiyyətli rol oynayır.
2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin olunması məqsədi Azərbaycan Respublikası Baş Prokurorunun 06 fevral 2007-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq bir çox məsələlər, o cümlədən mütəmadi olaraq ibtidai araşdırması aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə insan hüquqlarının pozulması ilə əlaqədar qanun pozuntuları aşkar edildiyi hallarda onların təxirə salınmadan aradan qaldırılması, vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi, belə pozuntulara yol verən prokurorluq əməkdaşlarının barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, vətəndaşların istintaq təcridxanalarında, əsgər dustaqxanalarında saxlanılmasının və onların polis idarə və şöbələrinə gətirilməsinin qanuniliyinin yoxlanılması, vətəndaşların tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və əsgər dustaqxanalarında saxlanması zamanı qanunvericiliyin tələblərinin və insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə, habelə qeyri-qanuni istintaq üsullarının tətbiqi barədə daxil olmuş müraciətlərə təxirə salınmadan baxılmasını, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin daha da inkişaf etdirilməsi, habelə bu sahədə institusional islahatların davam etdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və bu kimi digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, ötən bu illər ərzində Planda nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetirilmişdir.
İlkin Mustafayev,