Davranış, nitq və münasibətlər mədəniyyəti

Fikirlərimi oxuculara çatdırmaq üçün çoxdan müəyyənləşdirdiyim, hər gün yaddaşımda təzələdiyim mövzunu yazıya köçürmək üçün başlıq (sərlövhə) seçməkdə çətinlik çəkdim. Bəlkə də müvəffəq ola bilməmişəm. Lakin məni daxilən narahat edən bir məsələdən bəhs etməkdə çətinlik çəkmirəm. O səbəbdən ki, uzun illər çoxsaylı orta və yüksək rütbəli vəzifə sahiblərini müşahidə etmişəm. Nəhayət, görmüşəm ki, dərin biliyə, yüksək əxlaqi və etik davranış keyfiyyətlərinə malik, haqlı, ədalətli, obyektiv, dövlət siyasətinə sədaqətli, insana ürəkdən qayğı göstərən, insanlığı vəzifəsindən ucada duran rəhbər işçi, dövlət qulluqçusu, dövlət məmuru yüksək tonda danışmır, qışqırmır, heç kimi təhqir etmir. Tabeliyində olanlara hörmət və ehtiramla yanaşır. Hər kəsin fəaliyyətinə qanunlar əsasında qiymət verir. Belə də rəhbərliyin əhatə miqyasında ictimai, siyasi, mənəvi mühit saf olur, insanlar dövlətə qırılmaz tellərlə bağlanır. İndi İsmayıllıda olduğu kimi.
Özü qorxaq olub, başqasını qışqırmaqla qorxutmaq istəyənlər, boğazına güc verənlər, “get hara deyirsən de” ifadəsini işlədənlər, təkəbbür dağarcıqları, insanlığı vəzifəsindən çox aşağıda duranlar həmişə müvəffəqiyyətsizliyə uğrayıblar. Vəzifədən gedəndən sonra adam arasına çıxmağa üzləri olmayıb.
Əvvəl dediyim fikrə bircə nümunə gətirmək istərdim. Nə üçün son illər rayon mərkəzi xəstəxanasında yersiz yazışmalar, dava-dalaşlar, həkimlər arasında çəkişmələr, iddialı hərəkətlər yoxdur, şikayətlər baş alıb getmir? Bu onun nəticəsidir ki, baş həkim Avtandil Rəhimov hər bir işçini öz bərabərində görür, etik qaydalar çərçivəsində davranır, səmimi və qayğıkeşdir. Yol verilən nöqsanlara qarşı da güzəştli mövqe tutmur, işdə ciddidir. Səhiyyə sistemində çalışanlar, Avtandil həkimə müraciət edən vətəndaşlar, idarə, müəssisə və təşkilat rəhbərləri ondan razılıq edirlər. İsmayıllıda Avtandil Rəhimovun qazandığı dövlət, yığdığı sərvət budur. Arzulardım ki, hər kəsin övladları üçün qoyub gedəcəyi sərvət elə bu cür olsun.
Bir neçə il bundan əvvəl Qaz İstismar Sahəsinin yeni müdirinin kollektivə təqdimatı zamanı mən də məsələ barədə fikrimi dedim. Qeyd etdim ki, biz indiyə qədər daha bərk qışqıranın, daha çox boğazına güc verənin, tapşırıqlarını tez yerinə yetirməyə öyrəşmişdik. Əxlaqı kamil, tərbiyəsi yüksək insanlar isə adi səs tonu və böyük məna yükü ilə verilən tapşırıqları beşqat məsuliyyətlə yerinə yetirirlər. Nəhayət, hamımız bu mövqeyə gəlməliyik.
Hər bir məsul şəxsin, hər bir insanın bu mövqeyə əsaslanıb münasibətlər qurması, nitqini, davranışını, vətəndaşlarla, bir-biri ilə danışığını tənzimləməsi üçün bütün istiqamətlər üzrə layiq nümunələr vardır. Bölgəmizdə qarşılıqlı hörmət və ehtiram mühiti çoxdan bərqərar olmuşdur.
Vaxtilə həmkarı olduğum, indi isə “Azərbaycan” qəzetinin bölgə müxbiri işləyən Telman Nəzərli 2008-ci ildə səfərlərinin birində müşahidələrinin nəticələri olaraq demişdi: “Mən sizin rayonda bir ruhi rahatlıq görürəm”. Bu rahatlıq insanların bir-biri ilə xoş rəftarından, münasibətlər mədəniyyətindən, bilavasitə rəhbərlikdən gələn dəyərlərdən, siyasi mənsubiyyətin, ideoloji istiqamətin düzgünlüyündən, vəzifəli şəxslərin cavabdehlik məsuliyyətindən qaynaqlanır. Bir daha oraya qayıdıram ki, tək-tək təkəbbürlü, lovğa, səsi ağlını üstələyən, beyni ilə dili arasında zəif əlaqə olan, etibarı, etimadı dəyərləndirməyi bacarmayan varsa, tezliklə haqq yoluna gəlməlidir. İnsanlara, dövlətə, dövlətçiliyə xidmət üçün yarandığımızı əsla unutmamalıyıq.
Mən kiməsə dərs demək, nəzəriyyəçilik etmək fikrində deyiləm. Düşündüklərimi oxucularla bölüşürəm. Bununla demək istəyirəm ki, maddi tələbatımızı ödəmək vəzifəsi öz üzərimizə düşür. Lakin mənəvi tələbatımızın ödənməsi bir-birimizdən asılıdır. Mən soydaşımın müvəffəqiyyətinə sevinməyi, onu doğum günündə təbrik etməyi, hal-əhval tutmağı, sevincinə və kədərinə şərik olmağı, sezdiyim nöqsanlarını yalnız özünə deyib, qeybət mövzusunu çevirməməyi, hər kəsin yerini, durduğu pilləni dəqiq görməyi bacarmalıyam. Biz hamımız bu bacarığa yiyələnməliyik. Aşıq çox yaxşı demişdir:
Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, iltifat eylər!
Azərbaycanımızın, İsmayıllımızın və Sizin varlığınıza daim sevinən: Valeh Salehov

Şərh Yaz