60 yaşın zirvəsindən baxanda

Yaşca yox, xaraktercə ağsaqqal mövqeyinə çatmış Abdullayev İlyas Xanalı oğlu 60 ildir ki, ömür yolunda addımlayır. Əsas da odur ki, bu illərdə öz yolu ilə gedib, kiminsə yoluna çıxmayıb.
Keçmiş iş yoldaşıma zəhmət vermək istəməyərək, onun 60 illik ömür zirvəsindən çevrilib arxaya baxıram. İlyas Abdullayev 1952-ci ildə ən ucqar kəndlərimizdən birində-Dvoryanda anadan olub. O zaman həmin kənddəki ibtidai məktəb İlyas müəllimin atası Xanalı Abdullayevin evində yerləşirmiş. Yubilyar 5 yaşa çatanda uşaq sayı minimuma endiyi üçün məktəb bağlanırmış. Neyləməli? İlyasın 7 yaşının tamamını gözləmədən 5 yaşdan onu birinci sinfə cəlb edirlər. Orta təhsilini İsmayıllı şəhər məktəbində alıb. İndiki İqtisadiyyat Universitetində ali təhsilə yiyələnib. Əlibayramlı (indiki Şirvan) şəhərində, İsmayıllı texnika birliyində işləyib. Kənd təsərrüfatı idarəsində şöbə müdiri vəzifəsinin öhdəsindən uğurla gəlib.
İşə məsuliyyətli münasibəti, icraçılığı, obyektivliyi, bacarıq və səriştəsi ilə İlyas Abdullayev rayon rəhbərliyinin diqqətini cəlb edib. Bu da onun raykomun ümumi şöbəsinə müdir gətirilməyi ilə nəticələnib. Burada bir neçə il müddətində İlyas Abdullayev vəzifə pillələrilə irəliləyib. Raykomda katib, II katib işləyib. Kommunist partiyası dağılmaq ərəfəsində elə yaxşı olub ki, onun da partiya karyerası sona yetib. Vergilər idarəsi yarananda onun ilk rəisi İlyas Abdullayev olub. Rayona rəhbərlik edən orqanda işləmək marağı heç zaman İlyas müəllimi tərk etməyib. Belə düşünürəm ki, o özünü bir mütəxəssis kimi burada tapıb. Bax elə buna görə də çoxlarının həvəs göstərdiyi vergilər idarəsi rəisliyindən İ.Abdullayev xoşluqla uzaqlaşıb, Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə gəlib. 10 ildən çox bu vəzifəni müvəffəqiyyətlə daşıyan İlyas müəllim sağlamlıq problemləri ilə bağlı təqaüdə çıxıb.
Təqaüd öz yerində. Lakin İ.Abdullayev rayonun ictimai həyatından uzaqlaşmayıb. Ona ehtiyac duyulan yerlərə gəlməyi özünə borc bilir.
İlyas Abdullayev şəhər təsərrüfatı və insanların sosial həyatına aid məsələlərlə müntəzəm maraqlanır, onların həlli üçün təkliflərini verir.
Yaxşı, təqdir olunası haldır ki, keçmiş iş yoldaşları, dostları ona yenə də diqqətlidirlər. Bu, İlyas müəllimin xarakterindən irəli gəlir. Çünki o dövlət qulluqçusu adını doğruldur, fəaliyyətində iddialı deyildir. Vəzifəsinin icrası üçün az verib çox istəmək meyli ona yaddır. Dövlətə xidmət, dövlət siyasətinə sədaqət onun amalıdır. Barəsində hörmətlə söz açdığımız İlyas Abdullayev dərindən başa düşür ki, həyatda nəyə nail olubsa, bunlar ona dövlətimiz tərəfindən bəxş olunub. Ona görə də özü və övladları dövlətçilik yolundadırlar.
İlyas müəllimin keçmiş iş yoldaşları Məhərrəm Əhmədov da, Söhbət Pənahov da, Kamran Muradov da, orta məktəb yoldaşı Vidadi Məmmədov da, dövlət qulluğundan təqaüdə çıxan Sərkar Mərdanov və digərləri də onun barəsində mənimlə eyni fikirdədirlər.
Bax, əziz oxucum, bunları gördüm İlyas Abdullayevin bu günündən keçmişinə baxanda. Öz yerimə sevinməklə yanaşı, onun da yerinə ürəkdən sevindim ki, Azərbaycanımızın xoşbəxt bu gününü yaşayırıq, Allahın izni ilə daha firavan sabahını da yaşayacağıq. Əlbəttə, ölkə rəhbərinə dərin minnətdarlıq hissləri ilə.
Yekunda sözüm keçmiş iş yoldaşım Abdullayev İlyas Xanalı oğlunadır:
– Hörmətli İlyas müəllim, 60 yaşın mübarək olsun. Qoy indiki kimi həmişə insanlar sənə tərəf gəlsinlər. Həmişə indiki kimi ictimai arenada olasan.
Bədbəxt o kəsdir ki, işdən gedəndən sonra elə bil ki, həyatdan da gedir, adam üzünə çıxa bilmir.
Sən isə, İlyas müəllim, yenə də rayonun ictimai həyatının fəal iştirakçısısan, sözün eşidilir, təklifin, fikrin qəbul edilir, tədbirlərə dəvət olunursan, insanlarla birgəsən, səmimi dostların səni həmişə axtarır.
Bir daha Sizi təbrik edir, Sizə daha möhkəm cismani və mənəvi sağlamlıq arzulayıram.
Valeh Salehov

Şərh Yaz