Su həyatdır
“22 Mart –Ümumdünya Su Günü” ilə əlaqədar olaraq və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin həyata keçirilməsində Respublika məktəblilərinin rolu mühüm və çox vacibdir. Bu işdə şagirdlərin fəal iştirakını təmin etmək və ekoloji maarifləndirmə işlərini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Su həyatdır” devizi altında məktəbliləri içməli suya qənaət aylığı keçirir.
Aylığın keçirilməsində əsas məqsəd məktəblilərdə ekoloji biliklərin artırılması, içməli su mənbələrinin qorunması və səmərəli istifadəsi sahəsində bacarıq və vərdişlərin, ekoloji mədəniyyətin və məsuliyyət hissinin, fəal həyat mövqeyinin formalaşdırılmasından, onların ölkəmizdə ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakının təmin edilməsindən ibarətdir.
Aylığın mütəşəkkil keçirilməsi məqsədi ilə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təşkilat komitəsi yaradılmışdır. “Su həyatdır” devizi altında məktəblilərin içməli suya qənaət aylığı 2012-ci il mart ayının 1-dən 31-ə kimi ümumtəhsil məktəblərində keçirilir.
“Su həyatdır” devizi altında məktəblərdə mütəxəssislərin iştirakı ilə konfrans, seminar, dəyirmi masalar, viktorinalar, ekobreyn-rinqlər, rəsm-plakat müsabiqələri, ekoloji aksiyalar və sair tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, yerli ərazidə su hövzələrinin, içməli su mənbələrinin çirklənmə səbəblərini aşkar etmək və aradan qaldırılmasına nail olmaq, içməli suyun israfına yol verməmək, yerlərdə su kəmərlərinin nasazlığını aşkar edib aradan qaldırılması üçün əlaqədar təşkilatlara müraciət etmək məqsədə uyğundur.
Çayların, göllərin və digər su mənbələrinin kənarında məktəblilərin iştirakı ilə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparılması faydalı olar.
Aylığın həyata keçirilməsində “Ekoloji patrul”, “Mavi patrul”, “Təbiətin dostları” və digər dəstələrin fəal iştirakının təmin edilməsi zəruridir.
“Su həyatdır” devizi altında məktəblilərin içməli suya qənaət aylığında şagirdlər və dərnək üzvləri tərəfindən ekoloji layihələr, referatlar, fotoşəkillər görülmüş işlər barədə hesabata əlavə olunmaqla 20 aprel 2012-ci il tarixə kimi Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Təşkilat Komitəsinə təqdim olunmalıdır.