Yaşıllaşdırma aylığı

2011-ci il BMT tərəfindən “Meşə ili” elan edilmişdi. Buna müvafiq Azərbaycan Respublikası Prezidentinin 24 mart tarixli, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” adlı sərəncamı olmuşdur. Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsində Respublika məktəblilərinin fəal iştirakını təmin etmək və ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Yaşıl Azərbaycan” devizi altında məktəblilərin Respublika yaşıllaşdırma aylığına start verilmişdir.
Yaşıllaşdırma aylığının keçirilməsində əsas məqsəd Azərbaycanın bitki ehtiyatlarının qorunmasında və artırılmasında məktəblilərin fəal iştirakının təmin edilməsi, floranın bioloji müxtəlifliyi barədə ekoloji biliklərin artırılması, ekoloji məsuliyyətin və mədəniyyətin formalaşdırılmasından ibarətdir.
“Yaşıl Azərbaycan” devizi altında məktəblilərin yaşıllaşdırma aylığı 2012-ci il mart ayının 15-dən aprel ayının 15-ə kimi keçirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, bu kompaniyanın əsas aparıcı qüvvəsi ümumtəhsil məktəblərinin şagirdləri olacaqlar.
Yaşıllaşdırma aylıgının mütəşəkkil keçirilməsi məqsədi ilə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təşkilat komitəsi yaradılmışdır.
“Yaşıl Azərbaycan” devizi altında keçirilən aylıqda məktəblərdə mütəxəssislərin iştirakı ilə konfrans, seminar, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məktəbyanı sahələrin, yaşayış məntəqələrinin, yol kənarlarının yaşıllaşdırılmasında, yeni park və xiyabanların salınmasında fəal iştirak etmək lazımdır. Bundan əlavə, meşələrin qırılmasının qarşısının alınmasında, yeni meşə zolaqlarının salınmasında məktəblilərin fəal iştirakının təmin olunması zəruridir.
Bitkilərin bioloji müxtəlifliyinin qorunmasında “Gənc meşəçilər”, “Ekoloji patrul”, “Yaşıl patrul” dəstələrinin fəaliyyəti genişləndirilməli, məktəblilərin iştirakı ilə əhali arasında, yaşayış yerlərində, təhsil müəssisələrində yaşıllıqların qorunmasına və artırılmasına dair ekoloji təbliğatın aparılması vacibdir.
Bitki örtüyünün qorunması və yaşıllıqların artırılmasına aid məktəbli ekoloji layihələri, referatlar, fotoşəkillər görülmüş işlər barədə hesabata əlavə edilməklə 20 aprel 2012-ci il tarixə kimi Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Təşkilat Komitəsinə təqdim olunmalıdır.
Yaşar Nuriyev,
rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz