Ana dili günü beynəlxalq bayramdır

Dil açanda ilk dəfə ana söyləyirik biz,
Ana dili adlanır bizim ilk dərsliyimiz.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır.
İlk mahnımız – laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
B. Vahabzadə
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Dil anamızın bizə gilə-gilə içirtdiyi ana südü deməkdir. Dil insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında rol oynayan ən mühüm amildir.
Müdriklərimizdən öyüd-nəsihət ala-ala, gərəkliləri eşidə-eşidə, aqillərimizdən görüb götürə-götürə fədakarlıq, təmizlik, təvazökarlıq timsalı olan müəllimlərimizdən ədəb-ərkan, mərifət, həssaslıq, düzlük qazana-qazana, klassik və müasir sənətkarlarımızın incilərindən faydalana-faydalana, elmlərin sirlərinə yiyələnə-yiyələnə ömrümüz boyu öyrənirik, kamilləşirik. Əlbəttə, dilin köməyi ilə.
21 fevralın məhz Ana dili günü elan edilməsinin də bir tarixi var. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-i məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ana dili günü adlandırılması haqqında müraciət ediblər.
YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün ümumtəhsil məktəblərində, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, söhbətlər keçirilsin.
Azərbaycanda isə avqustun 1-i əlifba və dil bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin imzaladığı xüsusi fərmana əsasən 2011-ci ildən etibarən həmin gün bizim milli dilimizin qeyd edildiyi gün – Azərbaycan dili və əlifbası günü kimi tarixə düşdü.
Dünyada yaşayan hər bir xalqın özünəməxsus dili var. Bu dilə ana dili deyilir. Biz ana dili gününü xüsusi maraqla qeyd edirik. Çünki xalqımız dil baxımından da təzyiqlərə məruz qalıb. Bir əsrdə 4 dəfə əlifbasını dəyişməyə məcbur olan bir dil üçün ayaq üstdə durub addımlamaq, özünü yaşatmaq heç də asan olmayıb. Dahi şairlərimiz tarixi şəraitə görə başqa dillərdə yazmağa məcbur olsalar da, dilimizi sevmiş və qorumuşlar. Bu gün dilimiz dünya dilləri sırasında özünə məxsus yer tutur. Azərbaycan dilində səslənən həzin nəğmələr, muğamlar, təsniflər, mahnılar dünyanın ən böyük səhnələrində səslənir, təbliğ olunur, xalqımızı, dövlətimizi dünyaya tanıdır. Həzin muğamlar təsniflər, mahnılar məhz Azərbaycan dilində dünyanı qarış-qarış gəzir, sevilir, alqışlanır, təbliğ olunur. Bax, budur dilin sehri, gücü, yaşayıb sevilməsi.
Dilimizin dövlət dili statusu qazanması bizə qürur və fərəh gətirir. Bu, həm də bizim uğurumuzdur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması məhz ümummilli liderimiz, ulu öndərimiz, türk dünyasının tanınmış simalarından biri olan Heydər Əliyevin adı ilə bağlıdır.
İctimai-siyasi mühitdə həm də görkəmli natiq kimi tanınan Heydər Əliyev deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir. Dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Biz də bu dili sevməli, onun gözəlliyini, zənginliyini qorumalı, gələcək nəsillərə ötürməyə çalışmalıyıq. Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi:
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə edək.
Bu dili qorumaq bizim vətəndaşlıq borcumuzdur. Hər birimiz bu dildə danışmağımızla, Azərbaycanın mərd, yenilməz, vətənpərvər övladı olmağımızla fəxr etməliyik. Çünki bu dil qədər şirin, ahəngdar dil tapmaq çətindir. Bayatılarımızın birində deyildiyi kimi :
Şirin dil.
Ana dilim – şirin dil.
Nə deyirsə yad, desin,
Öz dilimdir şirin dil!
Tədbirdə müəllimlər və şagirdlər çıxış edərək dilimizə olan hədsiz sevgilərindən, onun şirinliyindən söhbət açdılar, bildirdilər ki, Azərbaycan dili insanın hisslərini, düşüncələrini çox düzgün, mənalı və obrazlı ifadə edə bilən bir dildir.
Ey ulu xalqım, dilini, vətənini sev və qoru!
Eminə Orucova,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Şərh Yaz