Kiçik yaşdan aşılanmalıdır

Son vaxtlar kütləvi informasiya vasitələri yol-nəqliyyat hadisələri haqqında o qədər yazırlar, telekanallar bir-birindən dəhşətli qəza hadisələrinin görüntülərini yayımlayırlar ki, sanki bütün bunlar bizim üçün adiləşib, belə də olmalıymış kimi, üstündən keçirik. Elə sanırıq ki, bu hadisələrin bizə heç bir aidiyyatı yoxdur. Böyük-böyük dayılar, əmilər, qəza törədir, həm özü fani olur, həm də yanındakılar. Hələ evdə onları gözləyən ailəsini, qohum-əqrabasını demirik. Bəs buna nə ad verek? Bunu sadəcə intizamsızlıqmı, şüursuzluqmu, yaxud özünəqəsdmi adlandıraq. Doğrusu, çox qəliz sualdır və adam ona cavab tapa bilmir.
Müdriklər deyirlər ki, uşaq şüuru ağ vərəq kimidir. Oraya istədiyin rəngdə, istədiyini yazmaq mümkündür. Bəlkə nizam-intizam məsələlərinə uşaq bağçalarından, məktəblərdən başlayaq. Əslinə qalanda, onlar da gələcəyin potensial sürücüləri sayılırlar. Fikirləşirəm ki, bəlkə böyük-böyük adamlara uşaqlar vasitəsilə təsir göstərməklə yol-nəqliyyat hadisəələrinin sayını azaltmaq mümkün oldu.
Əslində, uşaqların formalaşmasına, ətraf mühitlə tanışlığına kiçik yaşlarından başlamaq daha səmərəli nəticələr verər. Çünki bu yaşda hər şey uşağın yaddaşına daha möhkəm həkk olunur. Son vaxtlar RTŞ məktəbəqədər müəssisələrdə müxtəlif tədbirlərin həyata keçirilməsinə diqqəti artırmışdır. Rayon təhsil şöbəsi İsmayıllı kənd körpələr evi – uşaq bağçasında məktəqədər müəssisələrdə “Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirmişdir. Tədbiri RTŞ-nin metodisti Sevinc Məmmədova açaraq mövzunu elan etdi. Uşaqların ifasında Dövlət himni səsləndi.
Bağçanın məktəbə hazırlıq qrupunun ətraf mühitlə tanışlığı məqsədilə “Yol hərəkəti qaydaları, yol nişanları” mövzusunda açıq dərs təşkil edilmişdir. Tərbiyəçi müəllim Zümrüd Rəsulova məşğələyə başladı. Dərs zamanı texniki vasitələrdən geniş istifadə edildi. Canlı dialoq formasında qurulmuş dərs uşaqların fəal iştirakı ilə daha maraqlı keçdi. Ekranda göstərilən nişanlar barədə ətraflı məlumat verən müəllim uşaqları da bu işə cəlb edirdi. Sonra qruplara bölünən uşaqlar yol hərəkəti qaydaları və yol nişanları ilə əlaqədar oyun təşkil etdilər. Qrup uşaqları öz dostlarının cavablarını qiymətləndirdilər. Uşaqlar işıqfor haqqında şeir söyləyir, müəllimin suallarını cavablandırdılar. Məşğələdə yol polisi formasında iştirak edən uşaq və qadın uşaqlara suallarla müraciət edir, qaneedici cavablar alırlar. Hiss olunurdu ki, həm tərbiyəçi Zümrüd Rəsulova, həm də uşaqlar bu məşğələyə çox məsuliyyətlə hazırlaşmışlar.
Texniki vasitədən-monitordan istifadə məşğələnin səmərəliliyini daha da yüksəltmişdir. Bu işdə 3 saylı uşaq bağçasının musiqi müəllimi Lalə Kəbirovanın əməyi xüsusi qeyd edilməlidir. Lalə xanım digər bağçalarda keçirilən belə tədbirlərdə də fəallıq göstərmişdir. Hamı onun işindən razılıqla danışdı.
Onu da qeyd edək ki, açıq dərsdə xeyli qonaq iştirak etmişdir. Talıstan, Cülyan, Təzəkənd, İsmayıllı şəhər 3 saylı və digər bağçalardan gələnlər açıq dərsin səmərəliliyini və aktuallığını xüsusi qeyd etdilər. Açıq dərsin müzakirəsi zamanı çıxış edənlər müsbət və çatışmayan cəhətlərini göstərdilər. Əksəriyyəti də məşğələni yüksək qiymətləndirdilər. Açıq dərsin “Anacan” mahnısı ilə yekunlaşması körpələrin 8 Mart bayramı ərəfəsində analara ən yaxşı hədiyyə kimi qəbul edildi.
Açıq məşğələnin təhlilində bağçanın tərbiyəçisi Zümrüd Rəsulova, bağçanın müdiri Qalibə Abdullayeva, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Girdiman” qəzetinin redaktoru Xavər Abbasova və başqaları çıxış edərək rəy və təkliflərini bildirmişlər.
Bu tədbirin müsbət cəhəti göz qabağındadır. Gələcək nəsil olan körpələrə yol hərəkəti qaydalarını öyrətmək işin xeyrinədir. Düşünmək olardı ki, İsmayıllı Dövlət Yol Polisi Bölməsinin əməkdaşları belə tədbirlərin mütəmadi keçirilməsinə daha çox maraq göstərərlər. Bu tədbir keçirilərkən maraqlı bir faktla rastlaşdıq. Bağçanın müdiri Q.Abdullayeva bu tədbirə bir gün əvvəldən yol polisindən nümayəndə göstərilməsini xahiş etmişdi. Tədbir günü bir neçə yerə zəng vurub həmin nümayəndəni axtarmalı oldu. Məşğələ yarıdan keçmişdi ki, bir nəfər gəlib çıxdı. Məşğələ başa çatdı və yol polisinin nümayəndəsi səssiz-səmirsiz getdi. əslində, yol polisi bölməsinin işçiləri bağçalarda, məktəblərdə təhlükəsizlik qaydaları haqqında təbliğat aparmalıdırlar.
Haqqında söhbət açdığımız bağça rayonda yaxşı işi ilə tanınır. Müasir bina, geniş və işıqlı məşğələ və yataq otaqları, müxtəlif sanitar qovşaqları, mətbəxi və sair yardımçı otaqlar burada işi daha yüksək səviyyədə qurmağa imkan verir. Bağça keçən il əsaslı təmir edilmişdir. Atalar demişkən: “Hər gözəlin bir ayıbı” olduğu kimi, buranın da öz problemi var. Keçən ilki təmir zamanı burada üç kombi tipli qızdırıcı quraşdırılmışdır. Təəssüf ki, bu qızdırıcılar bir saat da olsun işləməyib. Buraya çəkilmiş qaz xəttində təzyiq o qədər aşağıdır ki, qızdırıcıları işlətməyə gücü çatmır. Binada normal istilik olmadığına görə birinci mərtəbənin dəhlizində, yataq və oyun otaqlarında divarları kif basıb, bəzi yerlərdə vurulmuş emulsiya da nəmlikdən qopub-tökülür. İkinci mərtəbədəki otaqlarda kiflənmə müşahidə olunmur.
Binanın qızdırılmaması bağçanın iş rejiminə də mənfi təsir göstərir. Burada müxtəlif yaş qrupları birləşdirilərək isidilən otaqlarda məşğələlər aparılır. Yataq otaqlarında da vəziyyət eynidir. İsidilən otaq dedikdə yüksək istiliyi olan otaq başa düşməyin. Burada istilik o biri (ikinci mərtəbədəki) otaqlara nisbətən bir az yuxarıdır. Bu otaqlarda qoyulmuş istilik radiatorları da lazımi istilik yarada bilmir. Bu barədə rayonun əlaqədar təşkilatlarına məlumat verilsə də, işin nəticəsi yoxdur. Bağça bu ilki qış mövsümünü başa vurmaqdadır. Əgər indidən lazımi tədbirlər görülməzsə, gələn qış mövsümündə yenə həmin problemlər kollektivi pis vəziyyətdə qoyacaqdır. Nöqsanı aradan qaldırmaq üçün sadəcə qaz kəmərində təzyiqi nizamlamaq kifayətdir.
B.Babayev

Şərh Yaz