Ədəbiyyat dərslərində əxlaqi tərbiyənin qurulması

Yaşadığımız dövr kompyuterlə səciyyələnsə də, insan mənəviyyatı heç bir texniki qəlibə sığmaz. Heç bir texniki təkamül avadanlığı insanda ali duyğular yaratmağa qadir deyil.
İnsan övladı dünyaya gəldiyi gündən ictimai mühitə, tərbiyəyə möhtac olmuşdur. Ona görə də insanın bioloji varlıq kimi inkişafı onun tərbiyəvi təsirlərlə sosial şəxsiyyətə çevrilməsi ilə müşaiyət olunur.
Bu proses daha çox məktəbdə həyata keçirilir. İşin əsas subyekti isə müəllimdir. “Müəllim insanlar arasında ən seçilmiş şəxslər olmaqla, öz yaxşı əxlaqları etibarilə təqlidə layiqdirsə, bu, şagirdləri həqiqi həyata yüksəltmək üçün ən yaxşı vasitə olacaqdır” – fikri neçə əsr bundan əvvəl N. Tusi tərəfindən qeyd edilmişdir.
Əxlaq tərbiyəsi şəxsiyyət tərbiyəsinin məzmununun ən zəngin hissəsidir. Şəxsiyyətin necəliyi öncə bununla qiymətləndirilir. Çünki əxlaqi kamillik “insanın öz-özünü başa düşdüyü, tanıdığı” zaman meydana çıxır. Əxlaq tərbiyəsinin məzmununa daxil edilən əsas keyfiyyətlər bunlardır: xeyirxahlıq, rəhmdillik, səxavətlik, qənaətçillik, işgüzarlıq, zəhmətsevərlik, böyük-kiçik yerini bilmək, təvazökarlıq, düzlük, saflıq, əqidə bütövlüyü, yaxşılıq, söz və əməl birliyinə riayət etmək, vədə xilaf çıxmamaq, şərəf və ləyaqəti qorumaq, yoldaşlıq və dostluqda sədaqətli olmaq, təmkinlilik, səbirlilik, sülhə-razılığa meyllilik, kinli olmamaq, nəfsi toxluq, halallıq və s.
Bu günün tərbiyəçiləri olan müəllimlər məktəbdə şagirdlərin əxlaqi tərbiyəsini beynəlmiləl dəyərləri danmadan daha çox milli zəmin üzərində qurmalıdırlar.
Çox təəssüf ki, aramızda bəzən öz milli dəyərlərimizi bəyənməyib yad, xarici əxlaqi keyfiyyətlərə də rast gəlirik. Elə bil M.Füzuli XVI əsrdə belələrini görərək “Ənisül-qəlb” qəsidəsində yazdığı kimi:
Nədir illət ki, heç kəs öz dilinin qədrini bilməz?
Təbiidir ki, ləlin qədrini bilməz onun xanı.
Sözsüz ki, ədəbiyyatın əxlaq tərbiyəsində rolu əvəzsizdir. Ona görə də bu içdə ədəbiyyat müəllimlərinin, ümumiyyətlə, bütün müəllimlərin üzərinə xüsusi məsuliyyət düşür.
Şifahi xalq ədəbiyyatından – laylalardan, bayatılardan, nağıl və dastanlarımızdan başlayan bu işdə dilimizə, adət-ənənələrimizə məhəbbət hissi aşılamalıyıq.
“Kitabi-Dədə Qorqud” dastanının tədrisi zamanı vətənə məhəbbət, böyüyə hörmət, qadına yüksək münasibət, ləyaqətlilik kimi əxlaqi keyfiyyətləri şagirdlərə çatdırıram. Şagirdlərə başa salmağa çalışıram ki, bu gün kimisə yamsılamağa yox, olduğun kimi görünməyə çalışmalısan. Bilməlisən ki, sənin zəngin tarixi keçmişin, ədəbiyyat korifeylərin – Nizamin, Füzulin, Nəsimin var. Bu ədiblərin həyat yolu və əsərləri əxlaq tərbiyəsinin formalaşması üçün zəngin mənbədir. N.Gəncəvinin “Xeyir və şər” əsərində xeyirxahlıq, İsgəndərin Bərdəyə gəlişində (“İsgəndərnamə”) gözütoxluq, dünya malına etinasızlıq, Füzulinin “Leyli və Məcnun” poemasında əhdinə sadiqlik, vəfalılıq, dost yolunda fədakarlıq, Nəsiminin “Məndə sığar…” qəzəlində insan ləyaqətinin hər şeydən uca olması və s. bu kimi əxlaqi keyfiyyətlər təlqin edilir.
Mən ədəbiyyat dərslərində bədii əsərin təhlili zamanı milli-mənəvi dəyərlərə söykənən əxlaqi keyfiyyətləri qabardır, şagirdlərimin də daha çox mənəviyyatca zəngin əxlaqi baxımdan saf obrazlara oxşamasına çalışıram. S.Vurğunun “Aygün” poemasının tədrisi şagirdlərdə vəfalılıq kimi ali əxlaqi hissin tərbiyəsi üçün gözəl örnəkdir. Aygün Əmirxanı sevir və sevgisinə axıra qədər sadiq qalır. Elə bu sadiqlik müqəddəs bir ailənin yenidən bərpasına səbəb olur. Şagirdlər Aygünü təqdir edirlər. Etiraf edim ki, müasir dövrdə – pulun bəzən hökmranlıq etdiyi zamanda şagirdlərdən eləsi tapılır ki, S.Rəhimovun “Mehman” povestindəki Züleyxanı müdafiə edir, Aygünün hərəkətlərinə isə haqq qazandırmaq istəmir. Belə olanda sinifdə açıq diskussiyaya şərait yaradır, sonda öz fikrimi bildirirəm. Çalışıram ki, şagirdlərimi həqiqətin hər şeydən öndə olduğuna, mənən saflığın ucalığına və müqəddəsliyinə inandırım.
B.Vahabzadənin “Həyat, sən nə şirinsən”, S.Vurğunun “Dörd söz”, R.Rzanın “Mən torpağam” şeirlərinin tədrisində insan ləyaqətinin ucalığını, N.Gəncəvinin “Oğluma nəsihət”, Aşıq Ələsgərin “Aşıq olub tərki-vətən olanın” şeirlərinin öyrədilməsində insanın cəmiyyətdəki yüksək mövqeyini, E.Hemiqueyin “Qoca və dəniz” əsərində insan iradəsinin yenilməzliyini və s. görən şagirdlərdə yüksək əxlaqi keyfiyyətlər formalaşır.
Ləyaqət hər kəsin dəyəridir, insanlıq sifətidir. Ləyaqətini itirən adam həm dəyərini, həm də insanlıq sifətini itirmiş olur. Dünya nemətləri üçün başqalarının qarşısında əyilməmək, öz ləyaqətini saxlamaq ulularımızın gələcək nəsillərimizə ən böyük nəsihəti olmuşdur:
Mən bir kəsə deyiləm xəzinədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac.
Qızlarımız gələcəyin anaları – tərbiyəçiləridir. Bu gün informasiya bolluğu içərisində qızlarımızda milli, dəyərləri tərbiyə etmək, qoruyub saxlamaq üçün birinci növbədə, özümüzün şəxsi nümunəmizi, sonra isə bədii sözün təsir qüvvəsini əsas götürürük. Məsələn, “Kitabi-Dədə Qorqud”da Burla Xatun, Banuçiçək, Selcan xatun, Leyli və Məcnun” əsərində Leylinin anası, Ə.Məmmədxanlının “Buz heykəl”indəki ana obrazlarını geniş təhlil etməklə bu işin öhdəsindən gəlməyə çalışırıq. Hər vaxt da bu qənaətə gəlirik ki, sən azərbaycanlısan, sən Qazan xan, Babək, Nizami, Nəsimi, Sabir, Tomris ana, Nüşabə nəslinin davamçısısan.
Sən Azərbaycan xalqına mənsub olmağınla, öz mənəviyyatınla fəxr etməlisən. Bu cür yaşamalısan. Amma bu gün milli-mənəvi dəyərlərimizdən uzaqlaşmaq prosesi gedir. Kitab oxumaq istəməyən gənclik internet saytlarında “at oynadır”. Azərbaycan televiziyaları müxtəlif şou proqramlarla bilərəkdən, ya bilməyərəkdən bu prosesləri sürətləndirirlər. Mənə görə heç bir mənəvi dəyərə sahib olmayan insanları idarə etmək də çətin olur. Təbii ki, bu işdə yenə əsas məsuliyyət ziyalıların üzərinə düşür ki, onlar öz sosial məsuliyyətlərini bu məsələdə dərk etməlidirlər. Telekanallarda, internet saytlarında gedən hər proqram cəmiyyətimiz tərəfindən gec-tez həzm edilir. Bunlara bir qayda-qanun yaradılmalıdır. Təhsil sahəsində də internetdən istifadə bəzi fəsadlara gətirib çıxaracaq.
Tolstoyun “Dirilmə” əsərini oxumuşam. Bizim cəmiyyətdə nə qədər böyük ehtiyac var bu əsərə. O əsəri oxuyan adam ömür boyu belə işlərə rəvac verməz. Milli-mənəvi dəyərlərimizi qoruyar, əxlaqı hər şeydən üstün tutar. Bu gün isə pul hər şeydən üstündür. Gəlin, milli-mənəvi dəyərlərimizdən uzaqlaşmayaq. Axı biz azərbaycanlıyıq.
Hacıməmməd Məmmədov,
Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz