Vətənpərvərlik tərbiyəsi aşılanır

İvanovka kənd tam orta məktəbində il ərzində müntəzəm olaraq bir-birindən maraqlı və əhəmiyyətli tədbirlər keçirilir. Görkəmli dövlət xadimlərinin, ictimai və siyasi xadimlərin, alimlərin, şair və yazıçıların yubileylər, anım günləri qeyd olunur. Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı məktəbin psixoloqu Səbinə müəllim olmuşdur.
Tədbirdə uşaqlara Milli Qəhrəmanın həyat və fəaliyyəti, valideynlərinə yazdığı son məktubu, bütün Azərbaycan gənclərinə nümunə olacaq qəhrəmanlığı barədə məlumat verildi. Onun haqqında çəkilmiş fraqmentlər nümayiş etdirilmişdir.Şagirdlər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya, söylənən şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılandı.Şagirdlər bir daha yəqin etdilər ki, Mübariz İbrahimovun dəfnində ölkə Prezidentinin özünün şəxsən iştirak etməsi xalqımızın igid oğluna göstərilən ehtiramın nəticəsi idi.
Məktəbdə keçirilən tədbirlərin aparıcıları əsasən şagirdlər olur. Bu maraqlı tədbirdə məktəbin VI – XI sinif şagirdlərindən Fərid, Müzəffər, Şəhla, Fidan, Nigar, Mülay, Qəribə, Ruhəddin, Dünyaxanım, Şahpəri, Jalə, Varis, Qorxmaz və Aysel iştirak etmişlər. Şagirdlərin çıxışları maraqla qarşılanmışdır. Bu cür tədbirlər yetişən nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Bəhram Soltanov,
Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz