Yeni üzv təyin olundu
Fevral ayının 27-də 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının növbəti iclası keçirildi. DSK-nın baş məsləhətçisi Eldar Əliyev gündəliyə çıxarılan məsələlər barəsində məlumat verdikdən sonra DSK-ya və iclasa sədrlik edən Əlirəmzi Məhərrəmov iclası açaraq, giriş sözü söylədi.
Ə.Məhərrəmov qeyd etdi ki, DSK-nı Təşəbbüs qrupundan təmsil edən Ağayev Elşad İsaməddin oğlu rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə Dairə Seçki Komissiyası üzvlüyündən azad edilmişdir. Bununla bərabər, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 24 fevral 2012-ci il tarixli qərarı ilə İsmayıllı şəhəri seçicilərinin Təşəbbüs qrupu tərəfindən təqdim olunmuş, 1981-ci il təvəllüdlü, ali təhsilli müəllim, İsmayıllı şəhər sakini Yarışov Aydın Təhmasib oğlu DSK-nın həlledici səs hüquqlu üzvü təyin edilmişdir.
Ə.Məhərrəmov komissiyanın yeni üzvünü təbrik etdi, ona bu məsuliyyətli işdə səmərəli fəaliyyət arzuladı.
Komissiyanın digər üzvləri – Hacıməmməd Məmmədov, Yaqub Hacıyev, Səidə Cərullayeva A.Yarışovu yüksək xarakterizə edən fikirlər söylədilər. Onun göstərilən etimadı doğruldacağına əminliklərini bildirdilər.
Keçirilən səsvermənin nəticəsi olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14 və 34.3-cü maddələrini rəhbər tutan iclas Yarışov Aydın Təhmasib oğlunun 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu komissiya üzvü seçilməsi barədə qərar qəbul etdi.
DSK-nın baş məsləhətçisi E.Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində edilmiş bəzi dəyişikliklər barəsində də komissiya üzvlərinə məlumat verdi.
“İsmayıllı xəbərləri”