Yaddas kitabcasi

Bacıların kiçik konserti

Bacıların kiçik konsertiFevral ayının 28-də Fazil Əzimov adına İsmayıllı şəhər İncəsənət məktəbində fortepiano sinfinin şagirdləri –Səadət və Nərmin Nemətli bacılarının solo konserti olmuşdur.
Məktəbin 3-cü sinfində oxuyan bacılar bacarıq və istedadları ilə fərqlənirlər. Fevral ayının 23-də məktəb üzrə Əşrəf Abbasovun əsərlərinin ifası müsabiqəsi keçirilmişdir. Müsabiqədə Səadət birinci, Nərmin isə ikinci yeri tutmuşdur. Sinfə rəhbərlik edən Elnarə Məmmədova onların gələcəkdə bu sahədə həlledici söz deyə biləcəklərinə ümid bəsləyir:
-Səadətlə Nərminin gələcəkdə hansı peşə sahibi olacaqlarını bilmirik. Musiqi elə bir dünyadır ki, peşəsindən asılı olmayaraq hər kəsin həyatına sirayət edə bilir. Hansı peşənin sahibi olsalar da bugünkü konsert həyat yollarında bu mehriban bacıları həmişə xoş xatirələrlə müşayət edəcəkdir. Bu kiçik konsert onlar üçün böyük sınaq olmaqla unudulmaz xatirəyə çevriləcəkdir.
Məktəbin zalına toplaşanlar Səadət və Nərminin ifasında Azərbaycan və dünya bəstəkarlarının bir sıra əsərlərini dinlədilər. Hər bir ifa alqışlara səbəb oldu. Məktəbin digər siniflərində oxuyan şagirdlər bacıları ifa etdikləri musiqilərlə təbrik etdilər.
Tədbir iştirakçılarından Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon Mədəniyyət və Turizm şöbəsinin həmkarlar təşkilatının sədri Lətif Quliyev, məktəbin müəllimləri – Zərifə Novruzova, Ceyran Məmmədova, Nazim Aydınov, məktəbin direktoru Elşən Süleymanov çıxış edərək konsertin uğurlu alındığını söylədilər, bacılara daha böyük nailiyyətlər arzuladılar.
Konsertdə Səadət və Nərminin valideynləri də iştirak edirdilər. Bacıların atası Aqil Nemətov övladlarının qazandığı uğurlarda zəhməti olan müəllimlərə minnətdarlıq etdi.
“İsmayıllı-xəbərləri”

Şərh Yaz