Bütün dövrlərin şairi

Bütün dövrlərin şairiAzərbaycanda elə insanlar olub ki, onları hər zaman dərin ehtiramla, həm də minnətdarlıqla yad edirik. Ədəbiyyatın, mədəniyyətin, cəmiyyətin inkişafında öz əsərləri ilə silinməz izlər qoyaraq adını tarixə yazanlardan biri də dahi şairimiz, gözəl lirik şeirlər ustadı, maraqlı uşaq şeirləri, aktuallığını bu gün də qoruyub saxlayan satiralar müəllifi Mirzə Ələkbər Tahirzadə Sabirdir. Yaradıcılığına hansı yöndən işıq salınsa, maraqlı və təkrarolunmaz irs qarşısında heyrətlənməyə bilmirsən.
Təbii ki, bizim hər birimiz orta məktəbdə Sabirlə bərabər bir çox şairin şeirlərini əzbərləmişik. Amma etiraf edək ki, uzun illərdən sonra deyək ki, 6-7 yaşlarımızda əzbər bildiyimiz şairlərdən Mirzə Ələkbər Sabir qədər yaddaşımızda qalan digər bir şair varmı. Onun “Uşaq və buz”, “Yaz günləri”, “Qarğa və tülkü” , “Ağacların bəhsi”, “Cütçü” və başqa şeirlərini əzbər bilməyən varmı?
İndi sözün atdan düşdüyü bir vaxtda Məmməd Arazın təbirincə söyləsək “şeir yazmaq siqaret çəkməkdən asan olub”. Bu “asan” şeirlərin də ömrü Molla Nəsrəddinin sözü olmasın, bir küləyə bənddir ki, qovuq kimi dağılıb getsin. Heç bir şairə, yazara qismət olmayan xoşbəxtlikdir ki, Sabirn şeirlərini hamı əzbər bilir. Savadlı, savadsız, alim, fəhlə, uşaq, böyük-fərqi yoxdur, bütün insan adlı varlıq bilir bu şair əbədidir, ustadır.
Yazım satirik şeirin ən görkəmli nümayəndəsi, demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçısı Mirzə Ələkbər Sabirin anadan olmasının 150, ölümünün 100 illiyi ərəfəsinə təsadüf edir. Baxın, nə az məsafə! 49 illik həyatında 2 əsr görmüş şair heç bir qərinəni də tam yaşaya bilməmişdir.
Çoxuşaqlı bir ailənin başçısı kimi, çətin, məşəqqətli bir ömür yaşamış, hətta sabun bişirib satmağa məcbur olmuş, Şamaxı zəlzələsində evsiz-eşiksis qalmış, daim təqiblərə, təzyiqlərə məruz qalmış, xalqının bütün əzablarını öz ürəyində daşımış bir şair bundan artığ yaşaya bilməzdi.
Aşağıdakı beytə diqqət yetirsək, şairin necə ağır həyat yolu keçdiyinin, nail olduqlarını necə çətinliklə əldə etdiyinin şahidi ola bilərik:
İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm , əcəldən də gərək naz çəkəm.
Məşhur mollanəsrəddinçi sabun bişirib satmağını da özünə məxsus şəkildə şərh edirdi:
“Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm”. Bu sözlər Sabirin həyat və sənət qayəsini elə dolğun ifadə edir ki, ondan sonra yüz ədəbiyyatşünas onun yaradıcılığını təhlil etsə, bundan dərin qənaətə gələ bilməz. Sabirin Sabir olması üçün onun bu gün də aktuallığını itirməyən satirik yaradıcıllığı kifayət edərdi. Doğrudur, onun məslək dostu Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının səhifələrindən birində yazırdı: “Ey yüz ildən sonra bu jurnalı vərəqləyən oxucum! Arzu edirəm ki, bu problemlər sənin dövründə olmasın! Sən bu jurnalı arxiv materialı kimi vərəqləyib, sadəcə, keçmişə səyahət edib qayğısızcasına qımışasan”.
Sabir təkcə zəmanəmizin deyil, bütün dövrlərin şairidir. Onun satiraları hər zaman aktual olub və bu gün də aktuallığını saxlayır. Şairin ölməzliyi, dahiliyi də məhz bu aktuallığındadır. Onun qəhrəmanlarına bu gün də hər addımda rast gəlirik. Sovet dönəmində onun satiralarının köhəldiyini iddia edənlər vardı. Bu yanlış fikir idi. Onun əksər şeirləri zamanla səsləşir. Bax, budur əzabkeş şairi xalqına sevdirən, sevə-sevə oxudan və yaşadan.
Bəli, bu günün prizmasından yanaşsaq, Sabirin satiraları millətin cəhalətdən qurtulmasında, qəflət yuxusundan ayılmasında, elmə, təhsilə qiymətdə öz işini görmüşdür.
Düşünürəm ki, Sabirin poetik irsi toplanmış “Hophopnamə” hələ uzun zaman insanların stolüstü kitabı olsa, yaxşıdır. Bu özünütərbiyənin ən gözəl yoludur. Təkcə korrupsiya, rüşvətxorluğun kökünün kəsilməsi üçün dövlətin atdığı addımlarda:
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət haramdır, dedin, aldın,utanmadın,
Vəz etdiyin inandı, sən amma inanmadın.
-beytləri” millət dərdi çəkməkdən əriyib çöpə dönən” vəzifəlilərin tərbiyəsində misilsiz rol oynaya bilər.
Ölməz şairin poetik irsi 100 ildir dönə-dönə araşdırılıb, təhlil edilib, mən sadəcə, qeyd etmək istəyirəm ki, əsil sənətin ömrü əbədidir. Görün, Sabirin şeirləri yaddaşlardan silinirmi?
Var ol, ustad! Bu il xalqımız sənin 150 yaşını qeyd edəcək, amma şeirlərin hələ də körpədir, təzədir, tərdir! Bu qocalmaq bilməyən poeziyana, bu köhnəlməyən şeirlərinə, kiminə qonçəli, kiminə tikanlı əsərlərinə, dövrünün aynası əsərlərinə görə həmişə ruhuna duaçıyıq!
Özümüz oxuduq, övladlarımız öyrəndi, indi də nəvələrimiz sənin şeirlərinlə dil açır, maariflənir, ağı qaradan, düzü əyridən ayıra bilir.
Kifayət Aslanova,
İ. Həsənov adına şəhər 1saylı tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

Şərh Yaz