Civə tullantıları, ətraf mühit və sağlamlıq

Civə və onun kimyəvi birləşmələri ətraf mühit və insan saglamlığı üçün çox təhlükəli maddədir. O, atmosferi, suyu, torpağı və qida məhsullarını çirkləndirə bilir. Tərkibində civə olan üzvi birləşmələr daha çox təhlükəlidir. Civənin yol verilən həddi havanın bir kubmetrində 0.3 mikroqram, içməli suyun bir litrində 0,5 mikroqram, torpağın bir kiloqramında isə 2.1 milliqramdır.
Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən əlvan metalların alınması, filizdən qızıl əldə edilməsi, sellülozanın ağardılması, xlor, kaustik, vinilxlorid, civətərkibli tibb preparatlarının və sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür, mazut və tullantıların yandırılması zamanı daxil olur. Civə tullantılarının əsas texnogen mənbələri sırasına qaz boşalması ilə işləyən lüminessensiya lampalarını, civə termometrlərini, qalvanik elementləri, batareyaları, elektrik şəbəkələrində civə ventillərini və s. daxil etmək olar. Tibbi və qida mənbələri arasında mertiolyat əsasında konservant tərkibli tibbi preparatlar, amalqamalı diş plombları, dəniz balıqlarında civə-üzvi birləşmələr olur.
Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır. Civənin qida zənciri üzrə hərəkəti sudan başlayaraq, dib çöküntüləri, balıqlar və insan orqanizmini əhatə edir. Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bədənə daxil olan civənin beyin və böyrəklər üzərində şişlər yaratdığı müəyyən edilmişdir. Civənin qatılığının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin zədələnməsinə səbəb ola bilər.
İçməli su və ya qida yolu ilə insan bədəninə daxil olan civə nevroloji orqanların və mərkəzi sinir sisteminin pozulmasına, xərçəng xəstəliyinə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına, xromosomları korlayaraq şikəst doğumlara səbəb olmaqdadır.
Civə ilə işləyənlər profilaktik məqsədlə hər gün ağızlarını kalium xlorat KClO3 və ya kalium permanqanat KMnO4 məhlulu ilə yaxalamalıdırlar. Civə duzları ilə zəhərləndikdə çiy yumurtanın ağı ən yaxşı antidot hesab olunur.
Civə dağılmaları baş verdikdə aşağıdakı qaydada hərəkət etmək lazımdır:
-Sınıqların üstünə çıxmadan məkanı tez tərk etməli, -qırıqları və yerə tökülən civə parçalarını təmizləmək üçün tozsorandan istifadə etməməli, – Plastik (rezin) əlcək geyib yerdəki şüşə qırıqlarını bir faraşın içinə süpürməli, civə parçalarını silməli, -Yığılmış qırıqları bir plastik torbanın içinə atıb, ağzını bağlamalı, – Plastik torbanı evdəki normal zibil vedrəsinə atmamalı, tullantıların etibarla məhv edildiyi yerə təhvil verməli.
Avropa Parlamentinin Ətraf Mühiti Mühafizə Komitəsi civəli termometrlərin, barometrlərin və qan təzyiqini ölçən aparatların satışına qadağa qoymaq haqqında qərarlar qəbul etməkdədir. Bu qərar qəbul edildikdən sonra termometr, barometr və naviqasiya alətlərini civəsiz hazırlamaq üçün yeni texnologiyaya keçmək üçün istehsalçılara 2 il vaxt veriləcəkdir. Batareyaların insan sağlamlığına və ətraf mühitə çox böyük zərəri vardır. Batareyaların tərkibindəki civə torpağa və oradan da yeraltı sulara qarışa bilər. Ən əsası torpaq istifadəyə yararsız hala gələr və metalın yaratdığı çirklilik sudakı ekosistemi alt-üst edər. Bundan təsirlənən təkcə su resursları deyil , əslində bütün ekosistemdir. Batareyaların tərkibindəki civə insan orqanizmində qorxulu xəstəliklərin yaranmasına da səbəb olur. Bir kiçik batareya 4 kvadratmetr torpağı çirkləndirə bilir və bununla da torpağın istifadəsi mümkünsüz edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) civəni insan sağlamlığına ziyan vuran 10 ən təhlükəli kimyəvi maddələrdən biri hesab edir.
Azərbaycanda civə tullantıları əsasən Sumqayıt şəhərində ciddi problemlər yaratmışdır. Civə tullantıları xlor-alkalin istehsal edən 2 zavodun fəaliyyəti ilə bağlıdır. Bu zavodlardan biri 1981-ci ildə bağlanmışdır. Xlor istehsalında civə itkisi hər istehsal olunan 1 ton xlor üçün 300 qram olmuşdur. Bəzi hallarda texnologiyanın çatışmazlığı və düzgün tətbiq olunmaması nəticəsində civənin müxtəlif tullantılarla birlikdə ətraf mühitə yayılması baş vermişdir. 2000-ci ilə qədər toplanmış 200 min ton xlor sənayesinin bərk şlaklarının tərkibində 0,1 – 0,3 faiz civə olmuş və bu civə tullantılarının Xəzər dənizinə və yeraltı sulara keçmə ehtimalı olmuşdur. Lakin Xəzərin dibində civə çirklənməsinin səviyyəsi tədqiq olunmamışdır. Abşeron yarımadasının civə ilə çirklənməsi üçün ciddi risk yaranmışdır. 2000-2004-cü illərdə Dünya Bankının Layihəsi əsasında Sumqayıt yaxınlığında civə tullantılarının ətraf mühitdən təcrid olunması üçün poliqon inşa olunmuşdur. 60 min tona yaxın civə tərkibli tullantı bu poliqona daşınmışdır. Hazırda poliqonun Avropa standartlarına uyğun olaraq genişləndirilməsi və təkmilləşdirilməsi işi davam etdirilir. Əhali arasında bu sahədə məlumatlandırma və maarifləndirmə işinin aparılmasına ehtiyac vardır. Bunun üçün çirklənmiş ərazilərdə daimi monitorinq aparmaq və ekoloji riskləri qiymətləndirmək lazımdır. Çirklənmiş ərazilərdən istifadə olunması, materialların yenidən istifadəsi və s. bu kimi ekoloji risklərin qarşısının alınması üçün davamlı təbliğat işlərinin aparılması vacibdir. Kimyəvi təhlükəsizlik üzrə Azərbaycan ekoloji QHT koalisiyası bu məsələ ilə bağlı tədbirlər planı hazırlamışdır. Davamlı üzvi çirkləndiricilərin məhv edilməsi üzrə Beynəlxalq Şəbəkə (İPEN), Ecoaccord və digər təşkilatlar ilə əməkdaşlıq şəraitində bu sahədə təbliğat işləri həyata keçirilməkdədir.
İslam Mustafayev,
“Ruzgar” Ekoloji İctimai Birliyi

Şərh Yaz