Onlarla fəxr edirik

İlin bu qarlı-şaxtalı, dondurucu havasında, qarın narın-narın yağaraq gözəl bir qış mənzərəsi yaratdığı bir vaxtda yenə məktəbimizdən musiqi sədaları eşidilirdi. “Məktəb illəri” mahnısının həzin melodiyaları ruhları oxşayır, hamını coşqun, lakin çoxları üçün keçmişdə qalan məktəb illərinə qaytarırdı. Həmin gün məktəbimizdə “Məzun günü” keçirildi. Doğru deyiblər ki, gənclik ömrün baharıdır. Keçən il məzun olmuş şagirdlərimizin sevinci müəllimlərin sevincinə qarışmışdı. Məktəbdə qeyri-adi səs-küy var idi. Bu, bir neçə ayın ayrılıq həsrətinə qovuşmuş məktəb həyatının sevinci idi. Artıq həmin məzunlarımızın 10 nəfəri respublikamızın müxtəlif ali məktəblərində təhsillərini uğurla davam etdirirlər. Onlar yüksək bal toplayaraq həm müəllimlərini, həm valideynlərini, həm də yaxınlarını çox sevindirdilər. Onlardan biri – Sevinc Talıbzadə 600-dən yuxarı bal toplayaraq Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil oldu. Daha iki məzunumuz – Nərgiz Qasımlı və Bəsimə Şirinova da həmin fakültədə təhsil alır. Digər şagirdlərimiz də yüksək bal toplayaraq pedaqoji və iqtisadiyyat universitetlərinin məzunu adını qazanıblar. Onlar bu sevinci müəllimləri və məktəbimizin şagirdləri ilə bölüşmək üçün görüşümüzə gəlmişdilər.
Bu münasibətlə məktəbimizdə tədbir keçirildi. Tədbirdə gənclik, tələbəlik illəri ilə bağlı olan şeirlər söylənildi, mahnılar dinlənildi. Kiçik yaşlı məktəblilərin ifasında rəqslərə tamaşa edildi.
Tədbirdə müəllimlər öz sevinc hisslərini, şagirdlərə olan dərin məhəbbətlərini, bu görüşdən duyğulandıqlarını dilə gətirdilər. Sonra söz tələbələrə və 11-ci sinif şagirdlərinə verildi. Onlar da öz ürək sözlərini söylədi, arzu və istəklərindən söhbət açdılar. Məktəbin direktoru R.Dadaşov da keçən ilki nailiyyətlərimizdən, təhsildə qazandığımız uğurlardan danışdı. Qeyd etdi ki, bugünkü sevincimizin səbəbi keçən ilki məzunlarımızın təhsil uğurlarıdır. Onların əldə etdikləri müvəffəqiyyətlər, yüksək nəticələr bizə qürur hissi yaşadır. Məhz onların səyi nəticəsində TQDK-nın 2011-ci ilə aid müvəffəqiyyət göstəricilərində məktəbimizin adı respublikanın yaxşı məktəbləri sırasında çəkildi. Biz onlarla fəxr edirik. Arzu edirik ki, bu ilki göstəricilərimiz ondan da yüksək olsun. Bunun üçün şagirdlərimiz daha yaxşı oxumalı, müəllimlərimizin onlara öyrətdikləri elmin sirlərinə inamla yiyələnməlidirlər.
Görüş başa çatdıqdan sonra məzunlarımız bu gözəl qış havasında, yağan qarın altında, 11 il düşüb çıxdıqları pilləkənlərdə müəllimləri və 11 sinif şagirdləri ilə xatirə şəkli çəkdirdilər. Həyətdə qartopu oynayaraq o uşaqlıq illərinin sevincini bir daha yaşadılar. Sizə uğurlar arzulayırıq, əziz uşaqlar.
Gilas Musayeva,
İsmayıllı şəhər A. Aslanov adına 2 saylı tam orta məktəbin təşkilatçı müəllimi

Şərh Yaz